BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bütün kənd bir il danışacaq ki, filankəs arvadağızdır, kül təpəsinə, kişi qoyub adını...”

Stalinin bığları, Xruşovun keçəli, Brejnevin qaşları - sovet dönəminin pis tərəfləri ilə yanaşı yaxşı cəhətləri də var idi.

 

Heç kim inkar edə bilməz ki, bizim mədəniyyətimizin ən parlaq zamanlarından biri də məhz elə sovet dönəmində olub, adları sadalamaq istəmirəm, özünüz bilirsiniz.

 

Bütövlükdə həqiqətən də mədəniyyət məsələlərinə böyük diqqət ayrılırdı. Bəli, ideoloji tərəfi güclü idi bu diqqətin, amma fakt odur ki, teatr, kino, opera və balet, incəsənət, proza və poeziya, bunlar dəstəklənirdi, təbliğ edilirdi, geniş kütləyə çatdırılırdı və s.

 

O vaxtlar hər kənddə klub var idi və həftə sonu bu klublara kino gətirirdilər. Uşaq vaxtı yay tətillərimi Qutqaşen adlanan Qəbələdə keçirirdim, ona görə bunları özüm görürdüm.

 

Deməli, əzəldən proses necə baş verirdi.

Əvvəl film Moskvadan gəlirdi Bakıya, paylanırdı kinoteatrlara, sonra burada kifayət qədər kirayədə olandan sonra kopiyalar göndərilirdi rayonlara.

 

Rayon mərkəzi baxırdı və ən son nöqtə olurdu kəndlər. Kino gəlib kəndə çatanda artıq o hala düşmüş olurdu ki, salamat yeri qalmırdı.

 

Orada yamaq, burada tüpürcəklə kleylənmiş kadr, bir saatlıq kinonu 3 saat göstərirdi mexanik, çünki hər 15 dəqiqədən bir plyonka qırılırdı və fasilə yaranırdı.

 

Kimi siqaret çəkirdi, kimi tum çırtlayırdı, kimi davaya çıxırdı ki, sənin başın mənə mane olur, yəni normal gecə həyatı...

 

Özüdə kluba yalnız kişi cinsinin nümayəndələri yığılışırdı, klub hara, arvad hara?

 

Günorta kişilər çayxanada dünyanın problemlərini həll edridilər, axşam yığışırdılar kluba. Kino gələndə kinoya baxırdılar, kino olmayanda elə-belə mırta toplaşırdılar.

 

Bəs xanımlar necə, mədəni həyatdan bütövlükdəmi tədric olunurdular? 

 

Yox, əzizim, xanımların özəl bir günü var idi. Nə vaxt?  Kəndə hind kinosu gələndə! Bax yalnız həmin gün qadınlara evdən çıxıb kinoya getmək hüququ verilirdi və bu hüququ onların əlindən almaq heç bir kişinin ağlına belə gəlməzdi, çünki hind kinosu toxunulmaz bir dəyər idi.

 

Hind artistlərinin şəkilləri divarları bəzəyir, qızların xəyallarında mühüm rol oynayırdı. Bəs bu müqəddəs gündə ailə kinoya necə gedirdi? 

Həmin gün günorta zahirən tövləni xatırladan klubun divarına afişa asılırdı, ürəksındırıcı bir şəkillə ki, bu axşam hava qaralan kimi Rac Kapur sizi ağladacaq, bilet 50 qəpik, 10 qəpikdən də mexanikə.

Kişilər afişanı görüb dilxor olurdular, çünki hind gözəlçələrini sevsələr də, evdəkiləri kinoya gətirmək perspektivi onları heç də sevindirmirdi. Əvvəla, artıq xərc, üstəlik kinodan sonra arvad neçə gün fikirli gəzirdi ki, gör dünyada necə məhəbbət var imiş, mənim günümə bax.

 

Həm də ailə ilə gedəndə kinoya baxa-baxa onu arxa sırada oturanla müzakirə etmək olmurdu, söyüş söymək olmurdu, hind kinosuna da söyüşsüz baxdın, nə ləzzəti?

 

Amma nə edəsən, ayda bir dəfə bu əzaba dözmək zəruri idi və axşam ailə bəzənib-düzənib çıxırdı evdən.

 

Əvvəl kənd küçəsinə kişi çıxırdı, evdə oğlan uşağı varsa onunla, yoxdursa tək. Sonra müəyyən pauzadan sonra evin xanımı çıxırdı, müvafiq olaraq qız uşağı varsa onunla, yoxsa tək. Ən əsas məsələ məsafəni güdmək idi! Nidayboq məsafə azalardı, ya böyüyərdi! Yaxın gəlsə, bütün kənd bir il danışacaq ki, filankəs arvadağızdır, kül təpəsinə, kişi qoyub adını. Uzaq qalsa xanım, yenə də qınayacaqlar ki, tüpürək bunun kişiliyinə, arvadından xəbəri yoxdur.

Ona görə ailələr santimetr əlində axışırdı klubun qarşısına. İlk sıralarda kəndin elitası otururdu, sadə adamlar isə külfətlərini topalayıb keçirdi arxaya. Və həmin axşam kəndin yeganə saundtreki qadınların hönkür-hönkür ağlaşması olurdu. Nəhayət kino qurtarırdı, hamı çıxırdı çölə və fənərləri yandırıb qaranlıq kənd küçəsi ilə gedirdi evinə. Yenə də kişilər qabağda, başı bağlı qadınlar isə arxada, göz yaşlarını silə-silə, amma sözüm onda yox.

 

Nəyi soruşacaqdım, o düz söhbətdir ki, teatrların bağlı qalması virusu ağlar qoyur?

 

Azər Qərib

Tarix: 7 Sentyabr 2021, 07:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin