BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağın bərpası ölkə iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaradacaq - Maliyyə Nazirliyi

2022-2025-ci illər üçün xərclərin əsas prioritetlərindən biri müharibənin nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidənqurması və ölkə iqtisadiyyatına reinteqrasiyası olacaq.

Pravda.az-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Bildirilib ki, Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı təcavüzü, 30 ildən bəri davam edən işğal nəticəsində rayon və şəhərlərimiz, o cümlədən yüzlərlə yaşayış məntəqəsi, yaşayış evləri, dövlət əmlakı və xüsusi əmlak, çoxsaylı infrastruktur obyektləri məhv edilərək tam yararsız hala salınıb. Döyüş əməliyyatları başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsinə, minatəmizləmə tədbirlərinin təşkil olunmasına, habelə su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası, həmçinin yol infrastrukturunun qurulması ilə əlaqədar işlərin icrasına başlanılıb.

Cari ildən başlayaraq, növbəti illər ərzində də bu tədbirlərin daha geniş miqyasda davam etdirilməsi, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi, sözügedən ərazilərdə iqtisadi fəaliyyətin bərpa olunması istiqamətində tədbirlərin maliyyələşdirilməsinə ehtiyac vardır. Bununla yanaşı, döyüş bölgəsindən kənarda yerləşən və düşmən silahlı qüvvələrinin davamlı atəşi altında dağıntılara məruz qalan yaşayış məntəqələrində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş zərərin dövlət vəsaiti hesabına qarşılanması nəzərdə tutulub. Eyni zamanda, hərbi qulluqçuların və şəhid ailələrinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dəstəyin göstərilməsi, onların zəruri ehtiyaclarının təmin edilməsi, maddi, tibbi vədigər sosial xərclərinin ödənilməsi dövlətin diqqət mərkəzində saxlanılacaqdır. Belə ki, ortamüddətli dövrdə dövlət büdcəsi investisiyalar üçün kifayət qədər imkan yaradacaq. Bu əsasda, dövlət investisiya proqramı xətti ilə, xüsusilə, azad edilmiş torpaqlarda görüləcək işlərə dəstək vermək üçün müvafiq vəsait nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin səmərəliyinin artırılması, o cümlədən mərkəzləşdirilmiş qaydada həlli məqsədilə nəzərdə tutulan bütün tədbirlər Strateji Fəaliyyət Planı üzrə vahid konsepsiya əsasında həyata keçiriləcək.

Bölgənin müasir şəhərsalma konsepsiyası əsasında ən mütərəqqi innovasiyaların tətbiqi ilə yenidən qurulması və eyni zamanda azad edilmiş ərazilərdə kifayət qədər alternativ enerji mənbələrinin mövcudluğunu nəzərə alaraq oranın “yaşıl enerji” zonasına çevrilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla bölgənin şəhər və kəndləri “smart-city” (“ağıllı şəhər”), “smart-village” (“ağıllı kənd”) konsepsiyası əsasında yenidən qurulacaq, bu da, öz növbəsində həmin bölgədə turizm sahəsinin bütün növlərinin ən müasir səviyyədə təşkil və inkişaf etdirilməsinə şərait yaradacaq. Bu məqsədlərə dövlət büdcəsindən ayrılacaq vəsaitlə yanaşı, yerli şirkətlərin rolunun artırılması, o cümlədən xarici investorların bu işlərə cəlb edilməsi də öz müsbət töhfəsini verəcək. Ümumilikdə, azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq. Bu ərazilərin reinteqrasiyası ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, iqtisadi artıma səbəb olacaqdır. Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərdə, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaranacaq.

Tarix: 8 Sentyabr 2021, 22:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin