Ermənistan rəhbərliyinin Qarabağ məsələsinin tənzimlənməsilə bağlı səsləndirdiyi bəyanatlar sülh sazişinin imzalanacağına ümid yaratsa da, yaxın dövrlərin təcrübəsi maksimum diqqətli olmağı tələb edir. Nikol Paşinyanın hakimiyyətdə olduğu dönəmdə dəfələrlə öz mövqeyini dəyişməsi unudulmayıb. Digər tərəfdən, bölgədə sülhməramlı missiya ilə çıxış edən Rusiyanın, onun Qarabağdakı kontingentinin və köhnə-yeni komandanlarının davranışları da narahatlıq doğurur.
Siyasi analitik, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu mövzuda sualları cavablandırdı.
- İlham bəy, oktyabrda Azərbaycan və Ermənistan rəhbərliyinin Moskvada bir araya gələcəyi və hətta sülh sazişinin imzalanması ilə bağlı danışıqların başlayacağı barədə məlumatlar dövriyyədədir. Real situasiya nə deyir, tezliklə sülh bağlanacaqmı?
- 10 noyabr Bəyanatından sonra Ermənistanın istəmədiyi əsas məsələ məhz sülh müqaviləsinin olması idi. Atəşkəs razılaşması kimi dəyərləndirdikləri bəyanatın perspektivdə sülh müqaviləsi ilə yekunlaşmasını yalnız böhran içində olan Ermənistan siyasi rəhbərliyi deyil, onlara müxalif qüvvələr, təsir imkanları hələ də qalan erməni diasporu və ən əsası, Rusiya başda olmaqla, ABŞ və Fransa da qəbul etmək istəmədi. Bu günədək qeyd olunan tərəflər birbaşa və dolayısı ilə bu sənədin imzalanmasının əleyhinə siyasət aparıblar. Təəssüf ki, bu müddətdə qalib dövlət kimi Azərbaycan da sərt mövqe nümayiş etdirmədiyi üçün zaman qazanan düşmən və havadarları qəbul olunmayan şərtlər irəli sürərək, münaqişənin qeyri-müəyyən müddətə uzadılmasına səbəb olublar. 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməyən qarşı tərəf (lər) sərhəd müəyyənləşməsini, sülh müqaviləsini təbii ki, tezliklə həll edəsi deyildilər.
Oktyabr ayında Moskvada sülh müqaviləsinin imzalanması real görünmür, amma Kremlin bayrağı altında bu istiqamətdə danışıqların başlanması, müzakirələr aparılacağı barədə məlumatlar daxil olur. Bəlkə də Ermənistanın indiki siyasi rəhbərliyi sülh müqaviləsinin tezliklə imzalanmasını həqiqətən istəyir, amma daxili təzyiq və iki dövlət arasında istənilən sənədin yalnız Rusiyanın patronajlığı altında imzalanması siyasəti buna mane olur. Rusiyanın marağı Cənubi Qafqazda təsirini sürdürmək üçün hər iki tərəfi özündən asılı etməkdir. Amma münaqişənin hərbi həlli də Rusiyaya sərf etmir, ona görə də məhz Moskvada elə bir sülh sənədi və ya hansısa “keçid sazişi” imzalatdırmaq istəyir ki, bölgəyə təzyiq və təsiri davamlı olsun.
- Konkretləşdirsək, mövcud vəziyyət sülh müqaviləsini bağlamağa imkan verirmi?
- Ermənistan silahlı qüvvələri hələ də Azərbaycan ərazisindədir və biz o ərazilərə nəzarət edə bilmirik. Bu ərazi yalnız Qarabağ deyil, həm də Qazax rayonunun işğal altında olan kəndləri və Kərki kəndidir. Həmin ərazilərə qaçqınlarımızın da qayıtması həll edilməyib. Bu problemlər sülh müqaviləsi imzalamazdan əvvəl həll edilməlidir. Azərbaycanın sərt ritorikası düşməni psixoloji gərginlikdə saxlasa da, son nəticənin alınmasına real təsir göstərmir və tədricən adiləşir. Biz qeyd olunan ritotika ilə yanaşı, konkret addımlar atmalıyıq və qardaş Türkiyə ilə koordinasiyalı siyasi fəaliyyətə başlamalıyıq. Türkiyə ilə birgə hərbi təlimlər, qardaş ölkənin daimi hərbi nümayəndəliyinin yaradılması təqdirəlayiq siyasətdir. Müharibənin bitməsinin ildönümü yaxınlaşır, əgər müvəqqəti yerləşmiş sülhməramlıların ilk beşillik müddətdə fəaliyyətinin yekunlaşmasını istəyiriksə, Qarabağ siyasətində yeni bir mərhələ başlatmalı və zaman itkisinə yol verməməliyik.
- Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov missiyasını başa çatdırarkən İrəvanla vidalaşdı. Yeni təyin olunan komandan Kosobokov isə görüşlərinə İrəvandan başladı. Sizcə, bu, hansı anlamı kəsb edir? Rusiya bu davranışla nə demək istəyir? Bakı bunun qarşılığında hansı reaksiyanı verməlidir ki, sülhməramlıların komandanı yerini bilsin, Azərbaycan ərazisində xidmət keçdiyini bir daha unutmasın?
- İlk gündən Rusiya sülhməramlı kimi deyil, tərəf kimi hərəkət etdiyini açıq göstərib və davam edir. Burada fərdlərin - yəni istər Muradov olsun, istərsə də Kosobokov - rolu subyektiv xarakter daşıyır. Komandanlar Rusiya Federasiyasının maraqlarını və tapşırıqlarını həyata keçirənlərdir. Ona görə də Rüstəm Muradovun İrəvanla vidalaşması və ertəsi gün Mahaçqalada verdiyi müsahibədən məlum olur ki, Rusiyanın Qarabağda hədəfi nədir. Muradov deyir: “Rusiya Federasiyası sülhməramlılarının fəaliyyətini yalnız müsbət qiymətləndirirəm. Bizə qiyməti yerli əhali verir - bu gün Qarabağda həyat tam qaydası ilə gedir. Proses davam edir, insanlar geri qayıdır, başqa problemlər həll edilir”. Erməni silahlı birləşmələrinin çıxarılmasına, azərbaycanlıların da geri qayıtmasına, göründüyü kimi, münasibət bildirməyib, çünki bu, onun ölkəsinin marağında deyil.
Dediyiniz kimi, yeni təyin olunan komandan Mixail Kosobokov da tanışlığa İrəvanda Ermənistanın müdafiə naziri ilə görüşdən başlayır. Rusiya rəhbərliyinin bu gedişləri bir daha təsdiq edir ki, rəsmi Moskva ədalətli hakim deyil, tərəf tutur. Bunlar vacib detallardır, münasibətin göstəricisidir. Azərbaycan ərazisində fəaliyyət göstərmiş və fəaliyyət göstərəcək sülhməramlı komandan Bakıdan vidalaşıb, Bakıdan Qarabağa yollansa, bunun beynəlxalq hüquqa əsaslandığını açıq bəyan etmiş olur. Bütün Qarabağ beynəlxalq hüquqda Azərbaycan ərazisi kimi qəbul edilib, ona görə də tərəflər heç bir irad bildirəsi deyil. İndi isə Bakı öz narazılığını rəsmən bildirməlidir. Cəmiyyətin etirazı rəsmi etirazı əvəz etmir.
- Bu arada Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib ki, Qarabağla bağlı üçtərəfli razılaşmaların bütün müddəalarının icrasını qeyd-şərtsiz təmin etmək lazımdır. Bunu rəsmi Moskvanın Ermənistana xəbərdarlığı kimi dəyərləndirmək olarmı?