BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Reper Paster Şəmmədqızının verilişində: Görünməmiş tərbiyəsizlik

 

AYTV1 adlı yutub kanalı var, hər biriniz azından bir dəfə həmin kanaldan – daha doğrusu oranın aparıcısı Qənirə Şəmmədqızından nəsə izləmisiz; “Yeraz qaqaş” mahnısının premyerası orda olub, bundan əlavə, məşhur “nəzərinizə çatdırım ki, at çirkli yerdən su içmir” məsələsi də həmin verilişdə səs salıb. Bir sözlə, yumor, “caps” səhifələrinə daim material verən bu kanal əksər adamların məzə hədəfidir.

 

Məşhur reper Pasteri də, yəqin çoxunuz tanıyırsınız, Şəmmədqızının verilişindən parçalar qədər olmasa da, Pasterin trekləri də ölkədə yetərincə paylaşılır.

 

Paster son illər Azərbaycanda rep mühiti yaradan, oxuduğu kimi danışan, oxuduğu kimi yaşaya bilən barmaqsayı sənət adamlarındandı. Bu boz mühitdə rəngli qalmağı çoxu bacarmır ki, bunu Paster hər kəsin can atdığı, uşaq-muşağın da gözünü açan kimi cəhd etdiyi bir sahədə - repdə bacarıb.

 

Xülasə, Paster, Remo və dostları günlərin biri, daha doğrusu iki gün öncə AYTV1 kanalında qonaq olub. Bilməyənlər üçün öncədən deyim ki, Paster mətbuatdan qaçan, efirə çıxmayan, öz prinsipləri olan reperdir. Mən onu Murad Arifin “Popumuz var” verilişindən əlavə başqa bir proqramda görməmişəm. Elektron mətbuata da, demək olar, müsahibə vermir. Bu reallıqda Pasterin Qənirə Şəmmədqızının “Qızıl səslər” verilişinə çıxması çoxuna bir “oha!” dedirtdi.

 

Paster və dostları bu proqramda neyləyə bilərdi?

 

Mən düşünməzdim ki, onlar AYTV1-ə Azərbaycanın ən rahat trollanası aparıcını trollamağa və ən rahat məzələniləsi proqramı ilə məzələnməyə çıxıblar.

 

Paster verilişdə deyir: “Digər kanallara getməyib bura ona görə gəldik ki, sizin veriliş çox səmimidir”.

 

Bəli, bu ayrı məsələdir, bunu Paster düz deyir və onun verilişə gəlmə səbəbi həqiqətən də bu olsaydı, mən də hamı kimi onu gülə-gülə alqışlayardım. Bu mesaj o demək idi ki, digər kanallar hər nə qədər səmimi görünməyə çalışsalar da böyük bir maskanın altındadır.

 

No description available.

 

AYTV1 isə bütün çılpaqlığı ilə ortadadır. Əslində Paster verilişə çıxıb oradan bir platforma kimi istifadə etsəydi, oxusaydı, bütün aşağı səviyyəli suallara normal cavab versəydi, bu, onun Azərbaycan kanallarına böyük bir dərsi olardı. Onu tez-tez yığan TV prodüserləri bunu anlamasaydı belə, kanal rəhbərləri, ciddi adamlar bu jesti başa düşəcəkdi.

 

Təəssüf ki, Paster və dostları bu iddiaya sadiq qalmadı və verilişin irəliləyən dəqiqələrində Qənirə Şəmmədqızı ilə məzələnməyə başladı. Məsələn, artıq Pasterin ilk suala cavabından görünürdü ki, o, bura aparıcı başda olmaqla proqramı trollamağa çıxıb. İlk cavabı sırf repə aid əcnəbi terminlərlə elə yükləmişdi ki, onun bu açıqlamasını nəinki aparıcı, Azərbaycanın yarısından çox anlamadı. Qənirə Şəmmədqızının suallarının da reperlər tərəfindən yazıldığı ortada idi. Suallara “battle”, “trap”, “MC” kimi ixtisas terminləri pərçimlənmişdi ki, yaşlı aparıcı kəkələsin, ingilis terminlərini səslənməli olduğu kimi yox, yazıldığı kimi oxusun, nəticədə gülməli bir situasiya yaransın.

 

Nədənsə aparıcının, məsələn, “battle” sözünü “bətl” kimi yox, elə “battle” kimi oxuması məni çox kədərləndirdi. Və buna gülən adamlara da ancaq yazığım gəlir. Bunca problemi olan ölkədə öncül reperlərin yumoru gətirib özü-özünü trollayan bir proqram üzərində qurması bizim fiaskomuzdur. Paster və dostları bu gün Azərbaycanda əksər proqramları trollamaq gücündədirlər, onların gəlib böyükdən-kiçiyə hər kəsin məzələndiyi bir meydanda at oynatması nə hünərdir, nə gülməli.

 

Hətta, mənə görə aparıcının 54-cü dəqiqədə üzünü gizlədə-gizlədə gülməsi daha səmimi idi, nəinki qonaqların gülmədən komik situasiya yaratmaq cəhdləri.

 

Savad, dünyagörüşü baxımdan kəskin əziyyət çəkənlər intellekt şikəstləridir və bu şəxslərin də diaqnozu var: Xəstə. Xəstəylə məzələnmək, onun üzərindən xal qazanmaq tərbiyəsizlikdir. Bu addımı biz çoxundan görürük, ancaq işığına güvəndiyimiz adamların da yumor anlayışının bunca lokal olduğunu bilmək ağırdır.

 

Bəlkə, bu situasiyaya görə heç Paster də təqsirkar deyil, Azərbaycan cəmiyyətini, teleməkanını analoji duruma salan təbii ki, bu gənc reperlər deyil. Lakin mən onların həmyaşıdı və dinləyicisi kimi yumor səviyyələrinin AYTV1 müstəvisində görünməsini heç istəməzdim.

 

Bu uşaqlar ölkədə elə məqamlarla məzələnə bilər ki, minlərlə, milyonlarla insanın düşüncəsində inqilab olar.

 

Təəssüf!

 

Kulis.az

Tarix: 14 Sentyabr 2021, 20:10   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin