BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Sabiq icra başçısı Qoca Səmədovun azadlığa buraxılmasında vətəndaşları narazı salan məqam yoxdur”

“Rüşvətxorluq və korrupsiya əməllərinə görə həbs edilən Yevlaxın sabiq icra başçısı səhhətində yaranmış müəyyən narahatlıqlarla bağlı azadlığa buraxılıb. Hesab edirəm ki, burada vətəndaşları narazı salan məqam yoxdur. Allah heç kəsə həbsxana həyatı yaşamağı qismət etməsin”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun azadlığa buraxılması ilə bağlı danışarkən deyib.

 

O bildirib ki, Q.Səmədov barəsində istintaq işi aparıldıqdan sonra onun bəlli səbəblərə görə azadlığa buraxılmasına qərar verilib: “Ümumiyyətlə, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qurşanmış məmurlarla bağlı ciddi tədbirlər həyata keçirilir. Bu həftə Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarına yeni icra başçıları təyin edərkən də bu məsələni qabardaraq xüsusi göstərişlər verdi. Yəni, dövlət vəzifəsini öhdəsinə götürən hər bir məmur xalqa vicdanla xidmət göstərməlidir. Məmurlar xalqın içində olmalı və xalqın ondan razılığını təmin etməlidirlər. Təəssüf ki, Azərbaycanda bir qrup məmur korrupsiya və rüşvətxorluqla məşğul olduğuna və şəxsi maraqlarını vətəndaşların maraqlarından üstün tutduqlarına görə, həbs olunublar. Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov da eyni əməllərə görə həbs olunmuşdu. Lakin aparılan istintaq tədbirləri nəticəsində Qoca Səmədovun azadlığa buraxılması qərarı verilib. Burda vətəndaşların narazə qalması üçün heç bir səbəb yoxdur. Yəqin ki, sabiq icra başçısının azadlığa buraxılması üçün əsaslı səbəblər var. Nəzərə almaq lazımdır ki, biz istintaq prosesinin içində deyilik və müəyyən qədər məlumatsız ola bilərik”.

 

Nəzrin

Tarix: 16 Sentyabr 2021, 15:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin