BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nə qədər ki, insanların alt paltarlarını manşetlərə çıxaracağıq, özümüzü çamaşırxana kimi aparacağıq...”

90-cı illərin inci yarısı “Demokratik Azərbaycan” qəzetinin sahibi idim. Baş redaktor da Moskva Dövlət Universitetini əla qiymətlərlə bitirmiş, maddi ehtiyac üzündən Prezidentin keçmiş köməkçisi Əli Həsənov kimilərin elmi işlərini yazmış, elmlər doktoru, rəhmətlik Qeyrət Quliyev idi. İnsanları maarifləndirməyi qəzetə öhdəlik kimi qoymuşdum. Müəlliflər sırasında rəhmətlik Q.Quliyevin özü, görkəmli filosof Əbülhəsən Abbasov, istedadlı hüquqşünas Famil Məmmədov, jurnalist Rauf Mirqədirov və digər istedadlı müəlliflər var idi. O vaxtlar qəzetlərin bir çoxu gəlirlə işləsə də bizim qəzetin gəliri heç xərclərin yarısını ödəmirdi. Həmin vaxtlar aylıq gəliri on minlərlə ölçülən bir qəzet sahibi ilə görüşüb satışın qaldırılması yolu ilə maraqlandım. Cavab verdi ki, qəzetinizin hər nömrəsi ilə tanışam, məqalələr çox maraqlıdır, ancaq satılacaq deyil. Nə etmək lazım olduğunu soruşdum. Gülə-gülə cavab verdi ki, hər gün kim-kimi zorladı, kim-kimi öldürdü, kim-kimi təhqir etdi yazın və əlavə etdi ki, yazılarda nə qədər çox uydurulmuş əxlaqsızlıqlar olacaqsa satışı da o qədər yüksək olacaq. Dedim ki, axı qəzetin məqsədi həm də insanları maarifləndirmək olmalıdır. Dedi ki, onda yaxın günlərdə qəzeti bağlamağa hazırlaş, mən isə qazanacam. Elə də oldu. Həmin şəxsin adını çəkmirəm. Ancaq onu bildirim ki, sonralar həmin şəxs çox imkanlı oldu. Sonu isə çox acınacaqlı bitdi.

 

Ona görə buradan bu gün qəzet, sayt, internet TV, böyük səhifələr sahiblərinə müraciət edirəm. Bu gün ölkədə tüğyan edən əxlaqsızlıqların, eybəcərliklərin, intriqaların günahkarı birinci növbədə əxlaqi dəyərləri kənara qoyub ancaq oxucu, dinləyici sayı güdən mətbuat işçiləridir. Nə qədər ki, biz oxuyanların sayı çoxalsın deyə əxlaqsızların dediklərini, insanların alt paltarlarını manşetlərə çıxardacağıq, özümüzü çamaşırxana kimi aparacağıq bu biabırçılıqlar davam edəcək. hafiz hacıyevlər, ata abdullayevlər, fuad muradovlar ölkədə tanınmışlar olacaq, nəticədə biz hamımız itirəcəyik, təhqir olunacağıq və gələcək nəsillər haqlı olaraq bizlərin goruna söyəcək. Bu gün gənc nəsil Hüseyn Cavid, Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə, Çapay Sultanov, Əbülhəsən Abbasov, İdris Abbasov kimi görkəmli şəxslərimizi yox, əxlaqsızları, küçə adamlarını tanıyırlar. Bu isə xalqın faciəsidir.

 

Oxucular, dinləyicilər də söyüş, şok dalınca qaçmamalıdırlar. Təhqir, əxlaqsızlıqlar olan heç nəyi oxumamalı, baxmamalı və bununla da əxlaqsızlıq yayan mətbu orqanların sayını artırmamalıdırlar. Bilməlidirlər ki, bir gün hökmən özləri də bu tərbiyəsizliyin qurbanları olacaqlar.

 

Aslan İsmayılov

 

Hüquqşünas

Tarix: 17 Sentyabr 2021, 12:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin