BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat şəhid bulağına suyun verilməməsinə görə “Azərsu”yu tənqid etdi: “Məsuliyyətsizlik və...”

“Vətən müharibəsi şəhidi Ələkbərov Rəşad İlqar oğlunun adını daşıyan bulağın açılışında, təəssüflər olsun ki, suyun verilişi mümkün olmadı. Bunun səbəbkarı "Azərsu" ASC-nin məsuliyyətsizliyi və qurumun məsələyə qeyri-ciddi yanaşmasıdır. “Azərsu” Gəncənin Kəpəz rayonunda çəkilən bulaqda suyun verilməsi ilə bağlı quraşdırılan sayğacı isə mütləq yığışdırmalıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Parlament üzvü cari ilin ölkə üçün əhəmiyyətindən və xüsusilə Gəncədə baş verən yeniliklərdən bəhs edib: “2021-ci il ötən illərdən çox fərqlənir. Şükürlər olsun ki, Vətən müharibəsinin il dönümü artıq yaxınlaşır və biz fəxrlə vaxtilə işğalda olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad olunduğunu deyə bilirik. Keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına artıq qayıda biləcəklər, Qarabağ və Şərqi Zəngəzur öz görkəmini geri qaytaracaq və bu ərazilər cənnətə çevriləcək. Bundan başqa, 2021-ci il cənab Prezidentin göstərişi ilə Nizami Gəncəvi ili elan edilib. Bu ilə Nizami Gəncəvinin adı ilə bağlı bir çox tədbirlər keçirilib, lakin Nizami Gəncəvinin tərəzi bürcü altında doğulduğunu nəzərə alaraq, sentyabr-oktyabr aylarında yerli və beynəlxalq tədbirlər daha çox keçiriləcək. Bir neçə gün öncə, Ukraynanın Xarkov şəhərində Nizami Gəncəvinin heykəlinin qoyulması da qürurverici hadisədir. Bir məsələyə xüsusi toxunmaq istərdim, Gəncə hava limanının kodunun şəhərin keçmiş adı olan Kirovabad ilə bağlı olması başlıca problemlərdən idi. Bu il sözügedən problem həllini tapdı və aiddiyyatı qurumlar tərəfindən kod dəyişdirilərək “gnj” ilə əvəz edildi. Həmçinin 2016-ci ildən bəri bir sıra obyektiv və subyektiv səbəblərdən Gəncə və Naxçıvan reysləri dayandırılmışdı. Ermənistanın Azərbaycana öz hava məkanını açmasından sonra bu reyslər də bərpa edildi və Azərbaycanda ilk dəfə olaraq daxili reysləri həyata keçirmək xarici şirkətə həvalə olundu. Bu, bizi çox sevindirir, çünki həmişə Gəncədən Şuşaya, Naxçıvana, Bakıya darvazalar, qapılar olub. Bu gün eyni rolu oynayan hava limanının uçuşları bərpa etməsi bizi çox sevindirir. Xüsusilə də blokada şəraitində olan Naxçıvana Gəncədən də daxili uçuşların bərpası çox sevindiricidir”.

 

N.Həmzəyev, həmçinin Gəncədə son dövrlər baş verən bir sıra sevindirici hadisələr fonunda bu həftə baş verən xoşagəlməz hadisəni də qeyd edib: “Şəhid adını daşıyan bulağın açılışında, təəssüflər olsun ki, suyun verilişi mümkün olmadı. Bunun səbəbkarı "Azərsu"yun məsuliyyətsizliyi və qurumun məsələyə qeyri-ciddi yanaşmasıdır. Bu problemin səbəbləri araşdırılmalı, şəhid adını daşıyan bulağa suyun verilməsi bərpa olunmalıdır. Suyun verilməsi ilə bağlı quraşdırılan sayğacı isə mütləq yığışdırılmaq lazımdır. "Azərsu" şəhid adını daşıyan bulağın su ilə təmin edilməsini öz üzərinə götürməlidir”.

 

Nəzrin Cavid

Tarix: 17 Sentyabr 2021, 13:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin