BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qeyrətdən, həqiqətdən, məhəbbətdən danışan üləmalar, bozbaş mollalar hardadırlar, Amiliyə niyə cavab vermirlər?"

“İran açıq-aşkar Azərbaycanı təhdid edir. Dini Qurumlar İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, başqa vaxt millətdən, qeyrətdən, həqiqətdən, məhəbbətdən danışan üləmalar, bozbaş mollalar hardadırlar?! Nəyi gözləyirlər, niyə susurlar?! Başqa vaxtı "möhtərəm prezidentimiz" deyənlər, dövlətdən vəsait alanlar, heç olmasa indi həmin pulların əvəzini qaytarın, müdafiəyə qalxın! Bu məsələdə susmaq elə İranla razılaşmaq, onların tayı olmaq mənasını verir. Ölkənin din adamlarının, müvafiq komitə və idarələrin susqunluğu anlaşılan deyil. Təhsilsiz mollalardan danışmıram, onlar onsuz da vaxtilə həbsxana həyatı keçirmiş narkoman və alkoqoliklərdir. Bəs təhsilli din xadimləri?! Onların susmasını heç cür anlaya bilmirəm. İranın ali dini liderinin Ərdəbildəki təmsilçisi Seyid Amili kimdir ki, Azərbaycan parlamentinin üzvünü hədələyir?! Bu, ciddi məsələdir. Azərbaycan dünyaya car çəkməlidir”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

 

Politoloq bildirib ki, İranın Azərbaycan-Türkiyə münasibətlərinə bu qədər qısqanclıqla yanaşmasını başa düşə bilmir: “Nəzərə almaq lazımdır ki, İran 30 ildən çoxdur ki, özünə genetik olaraq daha yaxın Ermənistanla hər cür münasibətdə olsa da, Azərbaycan onlara heç vaxt qısqanclıqla yanaşmayıb. Dünyada İslam dinin qaydaları ilə idarə olunan 3 dövlətdən biri olan İran Qurani-Kərimin müddəalarını pozur, Allahın iradəsinin əksinə gedir. Sual yaranır ki, əhalisinin yarısından çoxu və rəhbəri türk olan bir dövlətin türklərə olan nifrətinin səbəbi nədir?! Umumiyyətlə, bu Ərdəbil mollası, qara çalmalı Amili kimdir ki, İranın adından danışır? İranda ağ çalmalılar Allaha xidmət edir, qara çalmalılar isə birbaşa Peyğəmbərin nəslindən olanlardır. Amili bilsin ki, Peyğəmbər nəslindən olanlar, Peyğəmbərin qohum-əqrəbası İrandan çox, məhz Azərbaycandadır. Yəni, hər tərəfli, həm də soykökü yaxınlığımızın olmasına baxmayaraq, İran Ermənistanla yaxınlığı seçir”.

 

C.Nuriyevin dediyinə görə, Türkiyə ilə Azərbaycan ordusunun birgə keçirdiyi təlimlər İranı çılğına çevirib: “İndi onlar da sərhədə yaxın istiqamətlərdə hərbi təlimlər keçərək beynəlxalq norma və hüquqları pozurlar. Çünki qonşu dövlətin sərhədinə yaxın ərazidə təlim keçərkən minimum güllə məsafəsindən (təxminən 1 km) çox yaxınlaşmaq olmaz. Amma İranın hərbi təyyarə və helikopterləri Azərbaycan sərhədindən cəmi 100-200 metr aralıda uçur. İranın Azərbaycanla təhdid dili ilə danışmasının, daim ermənipərəst mövqe sərgiləməsinin, fikrimcə, bir sıra səbəbləri var. Birincisi, İran ötən 30 ildə Qarabağ ərazisindəki təbii sərvətlər hesabına xeyli iqtisadi inkişafa nail olub. İkincisi, Qarabağın uyğun ərazilərində narkotik əkməklə məşğul idilər. Üçüncüsü, həmin ərazilərdə müxtəlif terror qruplaşmaları ilə təlimlər keçirdilər. Dördüncüsü, Qarabağ torpaqlarında kiçik də olsa bazarları var idi və orada yaşayan ermənilərə yanacaq və s. satırdılar. Yəni, bütün bunlar İranın əlindən çıxıb, ona görə deyir ki, şirin quyruğu ilə oynamaq olmaz. Əsir-yesir qalıb”.

 

Politoloq qeyd edib ki, İran bilməlidir ki, onu 5 yerə parçalamaq Azərbaycanın yox, ABŞ-ın planıdır: “Bu plan 2025-ci ilə qədər icra edilməlidir. Nəticədə, Şimali və Cənubi Azərbaycan birləşərək 40 milyonluq müstəqil Azərbaycan dövləti yaradılmalıdır. İranın Amerikaya gücü çatmır, ona görə də düşünür ki, Azərbaycana diş qıcaya bilər. Amili kimdir axı?! Ümumiyyətlə, mollanın kimisə təhdid eləməsi nə anlama gəlir?!”

 

Nəzrin Cavid

Tarix: 21 Sentyabr 2021, 16:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin