BURADA REKLAMINIZ OLA
BİLƏR

"Prezidentin bu addımı şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir"

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən çox bir zaman kəsiyini əhatə edir. Çar Rusiyasının dövründə əzəli Azərbaycan torpağı Qarabağa köçürülən ermənilər məskunlaşdıqları ilk dövrlərdən qədim Azərbaycan toponimlərini dəyişməyə, daha münbit torpaqlarda yerləşməyə çalışmışlar. Azərbaycanlılara qarşı hər zaman etnik dözümsüzlük göstərən ermənilər Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə etmiş, erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti sonrakı illərdə də davam etmişdir. Sovetlər İttifaqı dağılan ərəfədə və ondan sonrakı illərdə Ertmənistan ölkəmizə qarşı açıq şəkildə torpaq iddialarına başlamışdır.


Xarici havadarları tərəfindən silahlandırılan Ermənistan Azərbaycan ərazisinin 20 faizini ələ keçirərək 30 il işğalda saxlamş oldu. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirildi. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür və onlardan 150-sinin taleyi indi də məlum deyil. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.


Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.


Azərbaycan Ermənistanın ölkəmizə qarşı ərazi iddaları ilə başlayan münaqişənin həllində hər zaman sülhün tərəfdarı olmuş, məhz bunun üçün 30 ilə yaxın müddətdə danışıqlar prosesində maraqlı olmuşdur. Lakin bu müddət ərzində Ermənistan danışıqlardan yayınmağa çalışmış, həmçinin ölkəmiz beynəlxalq riyakarlıqla da üzləşmişdir. Belə ki, iki ölkə arasında yaranmış münaqişənin həllində mandat əldə edən ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.


Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.


Son illər ərzində Ermənistan tərəfi daha çox təxribatlara əl atmaqla faktiki olaraq danışıqlar prosesindən çıxdığını nümayiş etdirirdi. İşğalçılıq siyasətini davam etdirən Ermənistan ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir.
2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri aşağılayacı və təxribatçı bəyanatlar vermişlər. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilmiş, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulmuşdur. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.


Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllində maraqlı olsa da hər zaman müharibə variantının da qaçılmaz olduğunu bəyan edirdi. Məhz bunun üçün də cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev davamlı olaraq orduquruculuğu məsələlərini həyata keçirir, ordumuzun ən müasir silah-texnika ilə təchiz edilməsi istiqamətində işlər görürdü. Eyni zamanda davamlı olaraq döyüş hazırlığı və manevr təcrübəsini artıran hərbi təlimlər keçirilirdi ki, bu da ordumuzun peşəkəralıq səviyyəsini artırırdı. Bu istiqamətdə Türkiyə ilə birgə keçirilmiş hərbi təlimləri xüsusilə qeyd etmək lazımdır ki, həmin birgə təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdır. Ümumiyyətlə, hərbi quruculuq işi cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlət siyasətinin strateji prioritetlərindəndir. Cənab Prezident hər zaman qeyd edir ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir.
44 günlük Vətən müharibəsində qazandığımız parlaq Zəfərin əldə olunmasında əsas amillərdən biri də milli həmrəyliyimiz, xalqın birliyi oldu. Bu birlik “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev müstəqil Azərbaycanın tarixinə Qələbə səhifəsi yazdı. Ölkəmizdə olan möhkəm əsaslı xalq-iqtidar birliyi hər zaman öz sözünü deyir.


Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri, sağlamlıqlarını itirmiş qazilərimiz hər zaman dövlətimizin, dövlət başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xüsusi diqqət mərkəzindədir.


“Mən hər zaman qazilərin yanında olacağam” deməklə Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini nümayiş etdirmiş olur. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi olan “YAŞAT” Fondu yaradılmışdır. İndiyədək Fondda 62 milyon manatdan çox vəsait toplanmışdır. Azərbaycan xalqı şəhidlərimizin intiqamını düşməndən döyüş meydanında aldı və onların qanı yerdə qalmadı. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
 

Cavid Osmanov

Milli Məclisin deputatı

Tarix: 24 Sentyabr 2021, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin