BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ankara ilə İrəvan arasında dialoqun başlaması Azərbaycan üçün də faydalıdır”

“Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşması, o cümlədən sərhədin açılması üçün dəridən qabıqdan çıxır. Ermənistan Təhlüksəzilik Şurasının katibi Armen Qriqoryan da eyni səpgili açıqlamalar verir. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan son açıqlamasında Ermənistandan müsbət siqnallar aldığı fikrini təkrarlayıb. Aydındır ki, Ərdoğan-Paşinyan görüşündən əvvəl iki ölkənin diplomatları görüşməli və münasibətləri normallaşdırmaq üçün hansı məsələlərin birinci növbədə həllini müzakirə etməlidirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu qeyd edib ki, bu proses bəlkə də artıq başlayıb: “Təsadüfi deyil ki, erməni jurnalistlər Ankaradan qalxan təyyarənin İrəvanda endiyinə dair xəbərlər yayırlar. Ankara ilə İrəvan arasında dialoqun başlaması Azərbaycan üçün də faydalıdır. Rəsmi Bakı zamanında Türkiyə ilə Ermənistan arasında imzalanan protokola haqlı olaraq etiraz etmişdi. Çünki işğal faktına son qoyulmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının faydasından çox zərəri var idi. İndi isə durum fərqlidir. Azərbaycan işğal altındakı torpaqların böyük hissəsini azad edib və Ankaranın İrəvanla dialoquna əngəl olacaq amil yoxdur. Buna baxmayaraq, Ankara İrəvanla dialoqda Azərbaycan amilini nəzərə alacaq. Ankaranın İrəvana əsas mesajı Ermənistanın Azərbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanıması və Zəngəzur dəhlizini açmasıdır. Bu addım atılmadan Ankara-İrəvan dialoqunun nəticəsi olmayacaq. Bütün hallarda bölgədəki mövcud reallıqları və bu reallıqlardan imtinanın Ermənistan üçün hansı ağır nəticələrə səbəb olacağını dialoq və görüşlər yoluyla Nikol Paşinyana izah etmək lazımdır”.

Tarix: 24 Sentyabr 2021, 17:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin