BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Gennadi Anaşkinin fəaliyyətinə İrəvanda görüşlərlə başlaması təəccüb və təəssüf doğurur” – Deputat

"Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Mixail Kosobokovun fəaliyyətə başlamasından qısa müddət sonra general-leytenant Gennadi Anaşkinlə əvəzlənməsi özlüyündə müsbət haldır. Çünki Mixail Kosobokov Rusiya tərəfindən dəstəklənən, yaxud ilhaq edilmiş separatçı subyektlərdə fəaliyyət təcrübəsi ilə Azərbaycan cəmiyyətində birmənalı qarşılanmamışdı. Əlbəttə, əsas kontingent komandanlarının deyil, dövlətin özünün mövqeyidir və əslinə qalsa komandanlıqda Muradov, Kosobokovun yaxund Anaşkinin olması böyük mənada nəyisə dəyişmir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, faktiki olaraq bölgədə separatçılarla əməkdaşlıq təcrübəsi deyil, davamlı sülh və sabitliyə xidmət istiqamətində təcrübəyə malik, sülh məramına kölgə salmayan hərbçinin təyinatı vacib idi: "Bu baxımdan yeni təyinatı nisbətən uğurlu hesab etmək olardı. Təəssüflər olsun ki, Gennadi Anaşkin də komandanlığa yalnış yerdən start verdi. Sülhməramlılar Azərbaycanın beynəlxlaq hüquqla, eləcə də Rusiya tərəfindən tanınan suveren ərazilərimizdə yerləşir. Sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdəki ermənilərin sonradan köçürülənləri istisna olmaqla, hamısı Azərbaycan vətəndaşlarıdır. Yəni, Ermənistanın bu məsələyə heç bir formada aidiyyatı olmadığı halda, Gennadi Anaşkinin fəaliyyətinə İrəvanda görüşlərlə başlaması təəccüb və təəssüf doğurur. Ermənistanın Azərbaycan ərazisindəki sülhməramlı kontingentlə bağlı söz hüququ yoxdur. Sülhməramların yeni komandanı o halda Ermənistanda görüşlər keçirə bilərdi ki, kontingent Ermənistan-Azərbaycan dövlət sərhəddində yerləşdiriləydi. Ortada isə belə bir hal yoxdur, Xankəndi də, ətraf ərazilər də istisnasız, mübahisəsiz Azərbaycanın ərazisidir. Görünən odur ki, Gennadi Anaşkin təcrübəli hərbçi olsa da, sülhməramlının fəaliyyətində nəyinsə dəyişəcəyi ağlabatan deyil. Təbii ki, Anaşkin müstəqil strateji qərarlar vermir, təlimatları Moskvadan alır, lakin unutmayaq ki, Moskvada oturan birinci şəxsin də Azərbaycanın ərazi bütövlüyünə münasibəti aşkardır, bizi tam qane edir. Ona görə də bu günə qədər sülhməramlılar tərəfindən yol verilən anlaşılmazlıq və separatçılara münasibətdə proteksiya hallarının təkrarlanmaması üçün Rusiyanın ayrı-ayrı dairələrinin və sülhməramlı komandanlığın qarşısına arqument olaraq məhz cənab Vladimr Putinin nümayiş etdirdiyi mövqeyi qoymaq, onlardan hər kəsdən öncə elə öz dövlət rəhbərlərinin rəsmi mövqeyinə sadiq qalmasını tələb etməliyik".

 

Nəzrin Cavid

Tarix: 25 Sentyabr 2021, 16:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin