BURADA REKLAMINIZ OLA
BİLƏR

Afaq Bəşirqızı: "Bunu görməmək üçün kor olmaq lazımdır ki, bu torpaqlar kimindir, kimin ayaq basmasına sevinir..."

2020-ci il 27 sentyabrda Vətən müharibəsi başladıldı. İlk azad edilən iri məntəqə Suqovuşan oldu. Ardınca isə Cəbrayıl rayonu düşməndən geri alındı. Beləliklə, Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ  savaşı 44 gün davam etdi və bu müddət ərzində 300-dən çox şəhər və kənd, o cümlədən Şuşa azad edildi. Daha sonra 10 noyabr bəyanatına uyğun olaraq, erməni işğalçıları 3 rayonumuzu da tərk etdi. Beləliklə, İkinci Qarabağ savaşı Azərbaycanın qələbəsi ilə başa çatdı. Bəs ötən ilin 27 sentyabrında müharibə başlayanda kimlər nə düşünürdü? Bu savaşın çox qısa bir zamanda bu qədər böyük miqyas alacağını və qələbə ilə yekunlaşa biləcəyi haqda insanların düşüncələri nə idi? Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq  Qabil Hüseynli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Politoloq qeyd edib ki, hələ ötən ilin 27 sentyabrına qədər Azərbaycan 2016-cı il Aprel döyüşlərini həyata keçirmiş və artıq ermənilərin məğlubedilməzliyi haqqında mifi darmadağın etmişdi: “Bunun ardınca 2020-ci ildə Tovuz hadisələri baş verdi, həmçinin ermənilər kimlərinsə diktəsi ilə Azərbaycanın böyük iqtisadi layihələri olan Bakı-Tiflisi-Ceyhan neft kəmərinə, TANAP layihəsi ilə Azərbaycandan Avropaya ixrac edən mavi yanacaq kəmər xəttinə hücumlar etdilər. Bu azmış kimi, Ermənistanın o zamankı müdafiə naziri lovğalıqla və alçaq bir tərzdə ”biz yeni torpaqlar istəyirik, biz nə vaxtsa çayımızı Bakıda içəcəyik", - deyə səfeh və dünyanın indiki zamanında faşist davranışları özünə əks etdirən bəyanatlar verirdi.

 

Paşinyan da hakimiyyətə gəldikdən sonra özünün ritorikası ilə danışıqlar prosesini tamamilə pozmuşdu və danışıqlar “dabana” dirənmişdi. Bununla da Ermənistan konstruktiv dialoq aparmaq istəmədiklərini bir daha nümayiş etdirirdilər. “Qarabağın, “Artsax”ın adından danışmaq ixtiyarımız yoxdur, danışıqlar prosesində Artsaxın özü iştirak etməlidir” kimi səfeh, mənasız fikirlər Azərbaycan xalqını, Ordusunu, Müzəffər Ali Baş Komandanı İlham Əliyevi də ciddi surətdə düşünməyə məcbur etdi.

 

Ermənilərin bu cür davakar ritorikası davam edirdi və təmas xəttində ermənilər tərəfindən atəşkəs rejimi tez-tez pozulurdu. Sentyabrın 26-dan 27-nə keçən gecə isə ermənilər yenə də həyasızlığa əl atdılar, saat 5-də Azərbaycanın təmas xətti boyu, Goranboy, xüsusən də Tərtər və Ağdamın işğal edilməmiş bölgələrinə həm artilleriya, həm də minomyot zərbələri endirdilər. Artıq başqa çıxış yolu qalmadı və Azərbaycan Prezidenti əks hücuma keçmə haqqında birmənalı qərar verdi".

 

Qabil Hüseynli qeyd edib ki, Azərbaycan döyüşlərə hazır idi və uzun müddət idi ki, bu döyüşlərə hazırlanırdı:

 

“Azərbaycan öz ordusunu tamamilə yeni prinsiplər üzərində qurmuşdu. Ordumuzun silahlanlandırılması 5-ci nəsil döyüş silahları ilə həyata keçirilirdi, canlı qüvvəmiz Ermənistanın canlı qüvvəsindən qat-qat artıq idi. Belə olan şəraitdə Azərbaycan Ordusu həm də aldadıcı manevrlərlə əks hücuma keçdi. Ona görə aldadıcı manevrlər deyirəm ki, ermənilər elə bilirdilər ki, Azərbaycan Ordusu Tərtər istiqamətində hücuma keçəcək. Bəli, belə bir hücum oldu, amma bu, imitasiya xarakteri daşıdı. Əsas qüvvələr isə əsasən Araz boyu, sərhəd boyu Füzuli istiqamətində həyata keçirildi və qısa bir müddətdə Azərbaycan Ordusu Zəngilanı, Cəbrayılı işğaldan azad etdi. Ardınca isə cənubdan hücuma keçib Ağdərə rayonundakı bir sıra strateji yüksəklikləri, erməniləri əsas elektrik enerjisi ilə təmin edən Suqovuşan su anbarı və elektrik stansiyasını işğaldan azad etdi. Daha sonra Azərbaycan Ordusu yeni yüksəkliklərdə möhkəmləndi, müharibənin daha həlledici fazasına daxil oldu.

 

Erməni ordusu ruhən sarsıdılmışdı, ordularında fərarilik başlamışdı, onlar Azərbaycan Ordusunun qüdrəti qarşısında tir-tir əsirdi. Bir-birinin ardınca azad edilən torpaqlar, o cümlədən Zəngilandan sonra Qubadlı, bir neçə rayon və nəhayət, Şuşa Azərbaycan Ordusu tərəfindən azad edildi. Şuşanın azad edilməsi rusların da canına vic-vicə saldı. Onlar başa düşdülər ki, Azərbaycan Ordusu Xankəndini və digər rayonları da işğaldan azad etmək iqtidarındadır.

 

Daha sonra Rusiya atəşkəs adı altında bölgəyə daxil oldu, orada sülhməramlı qüvvələrini yerləşdirdi və Azərbaycan inandırdı ki, Ermənistanı kapulitasiya - təslim aktına qol çəkməyə razıdır və beləliklə 10 noyabr 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə atəşkəs rejimini bərpa etmək üçün razılaşma əldə edildi. Həmin razılaşmada Ağdamın, Kəlbəcərin, Laçının döyüşlər olmadan erməni işğalından azad ediləcəyi barədə müddəalar var idi. Müəyyən zamanla həmin bölgələrdən erməni qoşunlarının çıxarılması həyata keçirildi. Lakin razılaşmanın hələ bir neçə bəndi, xüsusən də Qarabağın dağlıq hissəsində qalmış erməni silahlı qüvvələrinin çıxarılması məsələsi həll olunmayıb.

 

Bütün bunlara baxmayaraq, sentyabrın 17-dən başlayan əks hücum əməliyyatı zamanı erməni işğalı altında olan torpaqlarımızın 97,5 faizi azad edildi, ərazi bütövlüyümüz demək olar ki, təmin olundu,  ermənilər diz çöküb, təslimçi sülh danışıqlarına başlamağa məcbur olundu. Bu çox böyük tarixi hadisə idi. Bir çox tədqiqatçılar bunu son yüz ilin qələbələri sırasına aid edir. Ümumiyyətlə, həm 2016-cı il Aprel döyüşləri, həm də sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi, hansı ki, bir çoxumuz onu Vətən müharibəsi adlandırır, Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı".

 

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, bir il əvvəl həm müharibənin başlayacağına, Azərbaycanın bu müharibədə qalib gələcəyimə çox inandığını bildirdi:

 

“Lakin zəfərimizi 44 günə deyil, təxminən 2-3 aya əldə edəcəyimizi düşünürdüm. Qarabağ  müharibəsi başlayan andan onu izləyir, proseslərin nə cür cərəyan etdiyini hər zaman diqqətimdə saxlayırdım. Son 2-3 ildə gedən proseslər onu göstərirdi ki, Azərbaycanda Qarabağ məsələsinə çox dərin, diqqətli hazırlıq işləri gedir. Ona görə də bilirdim ki, ölkənin Ali Baş Komandanı tam hazırlıq olmadan bu müharibənin başlamasını istəməz. Tovuz hadisələrindən sonra bu məsələ daha da ciddiləşmişdi. General Polad Həşimovun şəhid olmasından sonra ölkə demək olar ki, müharibəyə tam səfərbər olmuşdu və vaxt da yetişmişdi. Ona görə də qalib gələcəyimizə heç şübhə etmirdim. Artıq Türkiyənin, İsrailin mövqeyi də aydın idi. Bütün bunlar onu deməyə əsas verirdi ki, dünyada gedən qlobal proseslər bizim xeyrimizə idi. Ümumilikdə isə bu prosesdə bir qanunauyğunluq var idi. Və əlbəttə ki, ən əsası, əsgərlərimizin vətənpərvərlik ruhu, Ali Baş Komandanımızın uğurlu siyasəti bu qələbəni bizə bəxş etdi. Prezidentimizin həmin günlərdə verdiyi müsahibələr də müharibənin taleyinin həll olunmasında mühüm rol oynadı.

 

İnanıram ki, nail olduğumuz qələbə daha da genişlənər və bunun üçün hər birimizin öhdəsinə işlər düşür. Dövrün müharibələri təkcə döyüş meydanlarında deyil, eyni zamanda ideoloji səviyyədə gedir. Düşmən bizim mədəniyyətimizi laxlatmaq, mənəviyyatımıza təsir etmək üçün yollar axtarır. Biz də bu istiqamətdə daha da ayıq olub, işlərimizi yüksək səviyyədə aparmalıyıq".

 

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, bir il öncə Azərbaycanın bu qədər uğur qazanacağını o qədər də təxmin etməyib:

 

“Əlbəttə, 1 il öncə, müharibə başlamazdan əvvəl düşünməzdik ki, bu cür uğurlara nail olarıq. 30 il əvvəl bizə qarşı böyük bir ədalətsizlik olmuşdu və ermənilər öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etmişdilər. Təbii ki, bu qisas qiyamətə qala bilməzdi. Azərbaycan Ordusu doğrudan da 27 sentyabrdan başlayaraq, 44 günlük müharibə dövründə misli görünməyən şücaət göstərdi, erməniləri qısa bir zamanda öz sərhədlərinə çəkilməyə məcbur etdi, torpaqlarımızı azad etdi. Həmçinin bu prosesdə milli ruhumuzu özümüzə qaytara bildik.

 

Bu müharibənin müsbət tərəfləri nədən ibarət oldu? Birincisi, bundan sonra ermənilər heç vaxt Azərbaycana qarşı ərazi iddialarını  ağıllarına gətirə bilməzlər. Onlar çox ağır məğlubiyyətə uğradılar. Bu məğlubiyyətin içərisində həm siyasi, həm də mənəvi-psixoloji məğlubiyyət də var. Onlar başa düşdülər Azərbaycan Ordusu gec-tez öz torpaqlarına sahib çıxacaq.

 

Hələ Azərbaycan torpaqları tam azad olunmayıb. Keçmiş Sovet ittifaqı sazişi ilə hansı əraziyə daxil olmuşduqsa, o ərazilərdə müstəqilliyimiz təmin olunmalıdır. Hazırda əsas prioritetimiz, hədəfimiz budur. Ona görə də mübarizəmiz davam edir. Düşmən də bilməlidir ki, buna görə biz son gücümüzə qədər vuruşacağıq və istədiyimizə nail olacağıq".

 

Xalq artisti Afaq Bəşirqızı qeyd edib:

 

“Hər birimiz bilirdik ki, ermənilər öz xoşu ilə torpaqlarımızdan çıxmayacaq. Hamımızın ürəyindən keçən arzu bu idi ki, biz torpaqlarımızı müharibə ilə geri qaytaraq.

 

Birinci Vətən müharibəsində xeyli igid oğlanlarımız şəhid oldu. Lakin onların indiki kimi silahları yox idi. Buna baxmayaraq əllərində olan ov tüfəngləri, tapançalarla döyüşlərə atılıb, torpaqlarımız uğrunda mübarizə aparıblar. Təsəvvür edin, o zaman igid oğlanlarımız adi silahlarda Xocalı aeroportunu saatlarla qoruyublar.

 

İkinci Vətən müharibəsində də əsgərlərimiz son qanlarına qədər döyüşdülər. Hər kəs Ordumuza, Ali Baş Komandana inanırdı və bilirdik ki,  bu dəfə torpaqlarımız geri qayıdacaq. Kimliyindən asılı olmayaraq, hamı birlik, həmrəy idi və kimin nəyə gücü çatırdısa onu edirdi ki, biz qalib gələk.

 

Əlbəttə, Tovuz döyüşləri də bizi bu günə hazırladı. Ermənilərin Tovuzda dinc əhaliyə atəş açması,  generallarımızın, əsgərlərimizin şəhid olması, bütün bunların hamısı bizim səbrimizin kasamızı daşdırdı. Bu, artıq səbrimizin son həddi idi. Az sonra müharibə başladı. Hər an, hər dəqiqə bizim üçün çox ağır, üzücü keçirdi, çünki səbirsizliklə müharibənin necə bitəcəyini gözləyirdik. Bəzən yayılan xəbərlərə şübhə ilə yanaşanlar da olurdu, yəni bəzən bilmirdik ki, doğrudan da böyük sürətlə torpaqlarımız işğaldan azad olunur.

 

Mənə belə gəlir ki, xalqın birliyi bu müharibədə qələbə çalmağımıza səbəb oldu. Birlik bizi qalib etdi. Bir-birimizə qarşı inamımız, eyni məqsəd uğrunda vuruşmağımız bizi böyük qələbəyə gətirib çıxartdı, torpaqlarımız, nəhayət ki, işğaldan azad olundu.

 

Əvvəllər Qarabağla bağlı kadrlara baxanda oranın necə solğun, nigaran, necə həsrətli olduğunu görürdük. Amma indi kadrlara baxanda adama elə gəlir ki, sanki Qarabağın rəngi açılıb, gözəllikləri bir-birinə qarışıb. Bunu görməmək üçün kor olmaq lazımdır ki, həqiqətən bu torpaqlar kimindir, torpaq dirilir, torpaq kimin ayaq basmasına sevinir.

 

Heç bir azərbaycanlı oradan məcburi köçəndə evini yandırmadı, ağacını qırmadı, həyətini şumlamadı. Amma o bədbəxtlər Qarabağı yaman günə qoyub çıxdı. Cənab Prezidentimiz demiş, bundan sonra biz bütün torpaqlarımızı dirçəldəcək və əvvəlindən  də gözəl vəziyyətə salacağıq. Torpaqlarımızın qədrini bilmək hər birimizin borcudur. Bu həm də bizim şəhidlərin qarşısında bir andımızdır. Çünki şəhidlər bu torpağı bizə əmanət qoyub gediblər".

Tarix: 28 Sentyabr 2021, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin