BURADA REKLAMINIZ OLA
BİLƏR

"Dedilər ki, Prezidentə heykəl qoyula, adına məscid inşa edilə bilər" - Tahir Kərimli

"Ali Baş Komandan İlham Əliyevin adının əbədiləşdirilməsi ilə bağlı məşvərət keçirilməli və ciddi müzakirə aparılmalıdır. Müzakirə nəticəsində ən optimal təklif qəbul edilərək Ali Baş Komandanın adı əbədiləşdirilməlidir. Ötən gün parlamentdə bununla bağlı müxtəlif təkliflər səsləndirildi. Dedilər ki, Prezidentə heykəl qoyula, adına məscid inşa edilə və ya ən uca zirvələrdən birinə İlham Əliyevin adı verilə bilər. Ali Baş Komandanın adının əbədiləşdirilməsinin lehinə çıxış edən bütün deputatlarla razıyam, lakin indilik konkret təklifim yoxdur. Bu, yalnız ümumi müzakirə ilə müəyyən edilə bilər".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.


Parlament üzvü bildirib ki, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri qiymətləndirilməli və adı əbədiləşdirilməlidir: "Əslində, Azərbaycan ordusu ikinci Qarabağ müharibəsində Zəfər qazandıqdan sonra sosial şəbəkələrdə, mətbuatda və rəsmi şəxslər arasında Ali Baş Komandan İlham Əliyevin adının əbədiləşdirilməsi ilə bağlı təkliflər davamlı olaraq səsləndirildi. Açıq danışaq ki, son 200 il ərzində heç bir müsəlman ölkəsi torpaqlarını işğaldan azad edə bilməmişdi, lakin bu, şükürlər olsun ki, cənab İlham Əliyevə nəsib oldu. Bunu qiymətləndirmək lazımdır. Prezidentin yüksək diplomatik məharəti, xarici dövlətlər və beynəlxalq təşkilatlarla münasibəti, güclü ordu qurması, ümumiyyətlə, hərbi quruculuqdakı fəaliyyəti və nəhayət, faktiki olaraq Qarabağı azad etməsi, doğrudan da, böyük nailiyyətdir. Vətən müharibəsindəki döyüş əməliyyatları, texnika və xüsusən də Şuşa döyüşləri dünyanın aparıcı dövlətlərinin hərb məktəblərində tədris edilir. İndiyə qədər yüksək texnologiyalar vasitəsilə aparılan  müharibə məhz ikinci Qarabağ müharibəsi olub. Yəni, çox böyük uğurdur. Bu uğuru heç kim, hətta Prezident İlham Əliyevi sevməyənlər də inkar edə bilməz. Nəzərə almaq lazımdır ki, Ali Baş Komandanın adının əbədiləşdirilməsi ilə bağlı fikir və təkliflər tərif xatirinə deyil, həqiqət xatirinə səsləndirilir".

Nəzrin Cavid

Tarix: 1 Oktyabr 2021, 14:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin