BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezidentin müsahibəsi Azərbaycan dövlətinin sülh və regionun inkişafı naminə planlarından bəhs edir” – Cavid Osmanov

“Azərbaycan Ordusunun tarixi Zəfər qazandığı Vətən müharibəsin başlamasından artıq bir il ötdü. Hərbi əməliyyatlar cəmi 44 gün davam etdi və Azərbaycan torpaqlarını işğaldan azad edərək özünün ərazi bütövlüyünü təmin etdi. Hərbi əməliyyatlar bitsə də, Ermənistanın və erməni lobbisinin informasiya təxribatları bitmək bilmir. Aktiv hərbi əməliyyatlar dövründə olduğu kimi bu gün də Azərbaycanın informasiya mübarizəsi Müzəffər Ali Baş Komandan, cənab Prezident  İlham Əliyevin rəhbərliyi ilə davam edir. Cənab Prezidentin “France-24” televiziya kanalına  müsahibəsi isə özünəməxsusluğu ilə seçilir. Bu müsahibə özlüyündə Azərbaycan dövlətinin sülh və regionun inkişafı naminə planlarından bəhs edir. Baxmayaraq ki, jurnalistin ünvanladığı suallar çox qərəzli idi, ancaq cənab Prezident çox yüksək diplomatik bacarğı və qətiyyətli mövqeyi ilə həmin sualları cavablandırdıraraq Azərbaycan xalqının, dövlətinin mövqeyini bir daha bəyan etdi. Belə demək mümkündürsə bir jurnalistin timsalında bütün ermənipərəst, anti-Azərbaycan dairələrə qətiyyətli şəkildə cavab verildi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Cavid Osmanov deyib.

 

C.Osmanovun sözlərinə görə, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev “France-24” televiziya kanalına  müsahibəsində qeyd etdi ki, Azərbaycan sülh və regionun inkişafı naminə danışıqların aparılmasına hazırdır: “Bu məqsədlə ölkəmiz  bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Dialoq dedikdə  Ermənistanla Azərbaycanın təklif etdiyi sülh razılaşmasının üzərində aparılacaq işdən söhbət gedir. Artıq müharibə bitib və münaqişə öz həllini tapıb. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır. Azərbaycan hər zaman, ərazilərimiz işğalda olduğu 30 il ərzində sülh danışıqlarının tərəfdarı olub. Bu gün də belədir. Lakin bu gün tamamilə başqa reallıqlar mövcuddur. Münaqişə artıq həll olunub, keçmişə qayıdış ola bilməz və revanşizm yolverilməzdir. Azərbaycanın mövqeyi çox aydındır. Aparılacaq danışıqlar gələcək və sülh haqqında, regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında ola bilər. Regionda sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyini əks etdirir. Cənab Prezident  müsahibəsində birmənalı olaraq qeyd etdi ki, mütləq sülh müqaviləsi olmalıdır. Sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işlər aparılmalıdır. Ermənistanla sülh sazişinin üzərində  danışıqlara hazırlıq başlanmalıdır. Lakin bu günə qədər Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Bu isə Ermənistandakı bəzi siyasi dairələrdə revanşizm tendensiyalarının mövcudluğu ilə izah oluna bilər. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları absurddur. Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasından əl çəkməli və özünü yaxşı aparmalıdır. Ermənistanın bəzən bu ölkəyə məxsus olduğunu, bəzən isə “müstəqil” qurum kimi təqdim etməyə çalışdığı “Dağlıq Qarabağ” adlı vahid ümumiyyətlə mövcud deyil. Ermənistan münaqişə həll olunana qədər Azərbaycanda yaşayan ermənilərə müstəqillik iddiasında idi. Artıq münaqişə həll olunduqdan sonra isə hər hansı bir muxtariyyətdən danışırlar. Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilərə muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil. Onlar da ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Azərbaycan heç  vaxt qonşu ölkələrə qarşı ərazi iddiası ilə çıxış etməyib. Ancaq ölkəmiz tarixi faktlara istinad edir. Bu gün Azərbaycana qarşı ərazi iddialarında olan Ermənistan əslində tarixi Azərbaycan torpaqlarında yaradılıb. Tarixi faktları əsla danmaq mümkün deyil. Vəziyyət normallaşandan və sülh müqaviləsi imzalandıqdan sonra azərbaycanlılar legitim şəkildə Zəngəzura, Göyçəyə, digər ərazilərə qayıda bilərlər və bu, hər bir azərbaycanlının hüququdur. Prezident İlham Əliyevin “France-24” televiziya kanalına  müsahibəsində diqqət çəkən məqamlardan biri də Fransa haqqında olan fikirləridir. Cənab Prezident  bildirdi ki, Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Ölkələrimiz bir çox iqtisadiyyat, ticarət və infrastruktur layihələrini həyata keçirib. Azərbaycan tərəfi münaqişə dövründə ümid edirdi ki, Fransa Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi  bu vəzifəyə sadiq olacaq. Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı. Müharibə zamanı Fransanın özünü dürüst vasitəçi kimi aparmaması, Ermənistanın tərəfini tutması, münaqişə boyunca özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham edərək qərəzli yanaşma nümayiş etdirməsini cənab Prezident bu ölkənin televiziya kanalına qətiyyətli şəkildə bildirməklə Azərbaycan xalqının, dövlətimizin milli maraqlarını hər zaman olduğu kimi bütün məsələdən üstün tutduğunu nümayiş etdimiş oldu. Azərbaycan Fransa ilə əməkdaşlığa hər zaman açıq olub. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik. “France-24” televiziya kanalının jurnalistinin  verdiyi təxribat xarakterli digər bir sual isə guya ki, Azərbaycanda hərbi əsrlərin saxlanılması ilə bağlı idi. Jurnalistin istinad etdiyi “Human Rights Watch” adlı təşkilat hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib və bu təşkilatın iddiaları tamamilə əsassızdır.  Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb. Ermənistan hökuməti bunu təsdiq edə bilər. Azərbaycan tərəfi onları, hətta onlar azərbaycanlı hərbi əsirləri qaytarmazdan əvvəl qaytarıb. QHT-lərin istinad etdiyi şəxslərə gəldikdə, onlar müharibə başa çatdıqdan və noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən Azərbaycan mövqelərinə doğru göndərilmişdilər və onlar dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törətmişdilər. Onlar zərərsizləşdirilərək həbs olundular. Cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib. Hərbi əsirlər müharibə zamanı əsir düşmüş şəxslərdir. Müharibə bitdikdən 16 gün sonra Azərbaycanın mövqeyində təxribat törədənlər hərbi əsir hesab edilə bilməz. Bütün bunlara baxmayaraq  Azərbaycan onların çoxunu xoşməramlı jest kimi artıq Ermənistana qaytarıb. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab verməli idilər və belə də oldu”.

Tarix: 2 Oktyabr 2021, 16:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin