BURADA REKLAMINIZ OLA
BİLƏR

"Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir" - Cavid Osmanov

Ölkəmiz uzun illər təcavüzkar Ermənistanın işğalı ilə üz-üzə qaldı. Erməni işğalında qalan rayonlarımızdan biri də Cəbrayıl rayonudur ki, bu rayon 27 il boyunca işğaldan əziyyət çəkdi. İşğala qədər 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olan Cəbrayıl rayonuna erməni işğalı zamanı 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. Rayon ərazisində olan 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub, 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngin olan Cəbrayıl rayonunda dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur.İşğaldan əvvəl əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olan Cəbrayıl rayonunda elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. İşğal nəticəsində rayonda bütün maddi-mədəni abidələr - “Divlər Sarayı” mağarası, “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

 

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan işğalla əsla barışa bilməzdi. Hələ 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Ötən il Vətən müharibəsi başlayan ilk gündə rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra rəşadətli ordumuz tərəfindən düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.

 

Cəbrayıl rayonun tarixində növbəti əlamətdar hadisə 2020-ci ilin noyabr ayının 16-da baş verdi. Bu əlamətdar hadisə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın  rayonuna səfəri idi. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltdı. Rayon ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyətə malikdir. Azərbaycan tarixində dərin iz buraxan Xudafərin həm də xalqımızın mənəviyyatında milli qürur məsələsidir.

 

Çox təəssüflər olsun ki, otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susqunluq nümayiş etdirdi və münaqişənin həlli istiqamətində əməli addımlar atmadı. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Lakin məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi. İyirmi yeddi il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etdiyi halda təcavüzkarın tamahı daha da böyümüşdür. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi.

 

Rəşadətli ordumuzun göstərmiş olduğu qəhrəmanlıq və şücaəti qiymətləndirmək məqsədi ilə Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalını təsis etdi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

 

Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Azərbaycan xalqı qədim xalqdır və tariximizdə bir çox şərəfli anlar, hadisələr olub, qələbələr qazanılıb. Onların sırasında Cəbrayılın və digər ərazilərimizin azad edilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Cavid Osmanov

 

Milli Məclisin deputatı

Tarix: 4 Oktyabr 2021, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin