BURADA REKLAMINIZ OLA
BİLƏR

"Prezident İlham Əliyev Hadrutda çıxışı zamanı ciddi mesajlar verdi - RƏY

"Oktyabrın 9-da Prezident İlham Əliyevin Xocavəndin Hadrut qəsəbəsi və Tuğ kəndinə səfəri çərçivəsində bir sıra vacib obyektlərin təməlini qoymaqla bərabər, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirib. Azərbaycan Prezidenti səfər zamanı Hadrutun yenidən qurulacağı və orada reallaşdırılacaq bir sıra layihələr barədə məlumat verib. Hadrutun azad olunmasının əhəmiyyəti böyükdür".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 


 

Parlament üzvü səfərin əhəmiyyətindən bəhs edib və bildirib ki, 9 oktyabr tarixi təsadüfən seçilməyib: "2020-ci ilin oktyabrın 9-da Hadrut qəsəbəsi, Tuğ kəndi və Xocavənd rayonuna aid xeyli digər kəndlər erməni işğalından azad edilib. Səfər də məhz azad olunmanın bir illiyi münasibətilə təşkil edilib. Cənab Prezident görüşdən əvvəl bir neçə yeni çəkiləcək Şükürbəyli-Cəbrayıl-Hadrut, Füzuli-Hadrut, Hadrut-Tuğ yollarının təməlinin qoyulmasında iştirak etdi və yenidənqurma ilə bağlı bir sıra tapşırıqlar verdi. Həmçinin çox böyük elektrik yarımstansiyasının açılışı oldu və Hadrut qəsəbəsində məscid binasının təməlini qoydu. Hadrut qəsəbəsində ilk dəfə 100 ildən sonra bizim məscidimiz olacaq. Daha sonra Prezident İlham Əliyev Xocavənd rayonunun ictimaiyyət nümayəndələri ilə görüşü baş tutdu və mən də həmin görüşdə iştirak edirdim. Dövlət başçısı çıxışı zamanı ciddi mesajlar verdi, olduqca əhəmiyyətli məsələlərə toxundu. Hadrut qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdən danışdı və hərbi əməliyyatların əhəmiyyəti və unikallığından bəhs etdi. Həmçinin cənab Prezident Azərbaycan əsgərinin igidliyini və mətinliyini də vurğuladı. Hadrut qəsəbəsinin relyefi elədir ki, həmin qəsəbə yüksəkliklərin arasında yerləşir və orada düşmənin güclü hərbi qüvvəsi yerləşdirilibmiş. Bütün bunlara baxmayaraq, Azərbaycan ordusu çox qısa vaxtda Hadrutu böyük qəhrəmanlıqla düşməndən təmizləməyə nail olub. Bunun nəticəsidir ki, biz bu gün azad olunmuş Hadrutda tədbirlər təşkil edə və işlər görə bilirik. Hadrut qəsəbəsinin düşməndən azad edilməsi çox ciddi əhəmiyyət kəsb edirdi, çünki hələ Sovetlər dönəmində Hadrut rayon mərkəzi idi, mühüm strateji əhəmiyyətə malikdir. Məhz buna görə də müharibə dövründə ermənilər Hadrutun guya hələ də onlarda olmasına dair yalan məlumatlar yayırdılar. İndi isə Hadrut azaddır".


Nəzrin Cavid

Tarix: 11 Oktyabr 2021, 15:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin