BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Aydın Xırdalanlının anası danışdı

Müsahibəyə hazırlaşmaq üçün köhnə videolara baxmalı idim. Daha çox son videolarına baxdım. Ölümünə yaxın nə deyib, nələr söyləyib.

 

Bu zaman Vüqar Biləcəri və Rəşad Dağlının ona təsəlli verən deyişməsi qarşıma çıxdı. Günahkar uşaq tək onları dinləyir, arada o da dostlarına cavab verir. Amma peşmanlığı, təəssüfü üzündən gizlədə bilmir. Vüqar Biləcirili, deməli,

 

Tələsir bir qərib ölüm üçün indi,

 

Bir vaxtı toylara tələsən şair…

 

Lent.az-ın müsahibi öz xırıltılı, fərqli səsi və istedadı ilə ustad adını qazanmış Aydın Xırdalanlının anası Bikə xanımdır.

 

Bikə xanım söhbətimizə Aydının uşaqlığından danışmaqla başlayır. Deyir, məktəbə qədər çox sakit uşaq idi:

 

- Sonra bir az açılışdı. Səhərə kimi çoxlu bədii kitab oxuyurdu. İbtidai sinif müəllimi demişdi ki, belə uşaqlar böyüyəndə xəstələnirlər, nevroloji problemləri olur, qoyma çox oxusun. Füzulinin, Əliağa Vahidin kitablarını dönə-dönə oxuyurdu. Ədəbiyyat müəllimləri ondan çox razı idilər.

 

- İncəsənət Universitetinə daxil olub, Amaliya Pənahovanın kursunu bitirib.

 

- Hə, biz tərəfdə incəsənətə maraq var. Çoxumuz elə o universiteti bitirmişik. Mən də həmin universitetin Teatrşünaslıq fakültəsində oxumuşam. Aydın əvvəl musiqiyə həvəs göstərdi. 6 illik musiqi məktəbini bitirdi. Ərəb dilini çox sevirdi. "Quranı" ərəb dilində oxuyurdu. Xırdalan məscidində neçə tələbəsi var idi. Hətta bir tələbəsi, səhv etmirəmsə, Ucar rayonunda axunddur. Qəzəllərində, meyxanalarında ərəb sözlərindən çox istifadə edirdi. Onu elə dini məclislərə aparırdılar ki, orada handa bir din xadimi olurdu.

 

- Ailədə meyxanaçı təkcə Aydın idi?

 

- 4 övladım var, 3 oğlan, bir qız. Qızım müəllimədir. Balaca oğlumda meyxanaya həvəs var idi. Aydın qoymadı. Deyirdi ki, deyəndə lap yaxşı de. “Sən ərəb dilini bilmirsənsə, əruz vəznini bilə bilməzsən. Əruzu da yaxşı bilməyib, meyxana dedinsə, onun keyfiyyəti yoxdur”. Hətta bir-iki dəfə kənddə meyxana deyəndə Aydın onu məclisdən çıxartmışdı.

 

Universiteti bitirəndən sonra az müddət Xırdalan Mədəniyyət İdarəsində işlədi. Məsciddə yaxşı mərsiyə deyirdi. Universitetdə oxuyanda çətin dövr idi. Ailəyə kömək eləmək üçün Cümə məscidində gözətçi işlədi. Orada dərslərini, din haqqında kitabları, "Quran"ı oxuyurdu. Deyirlər, məsciddə azan da verib, yox, belə şey olmayıb.

 

- Olurdu ki, meyxanalarını dinləyəndən sonra ona nəyisə irad tutasınız, danlayasınız?

 

- Mən ölən gününə kimi Aydını tam anlamamışam. Onunla bir dəfə də olsun fəxr eləməmişəm ki, Aydın belə oğuldu, belə yazır. O rəhmətə gedəndən sonra evə qapandım. Telefonla vaxt keçirəndən sonra sosial şəbəkələrdə onun haqqında paylaşımları görəndə oğlumu tanıdım. Toylarda meyxana deyirdi, deyişmələr kasetlərdə toy sahibində qalırdı. Orada nə deyib, bilmirdim. Hərdən də televiziyaya çıxırdı. Aydını ölümündən sonra kəşf elədim.

 

- Evdə, ailədə onu anlamırlar deyə bir çətinliyi olurdu?

 

- Yox, bütün işi, sirri mənlə idi. Mən də onu anlayırdım.

 

- Atası ilə necə?

 

- Ən çox mənə bağlı idi. Atası özü də deyirdi ki, səni məndən çox istəyir. Evdən kənar heç yerdə qalmırdı. Ancaq mənim üçün darıxırdı. Dostları ilə oturanda deyirdilər, denən “anam canı”, inanaq. O biri uşaqlarla elə açıq deyildim, amma Aydınla bütün sirlərimi bölüşürdüm.

 

- Son günlərini necə xatırlayırsınız?

 

- Axır vaxtlar depressiyaya düşdü. Bir az əsəbi oldu. Onda bir-birimizdən soyuduq. O elə dərin düşüncəli idi ki... İndi fikirləşirəm ki, bəlkə də bilərəkdən edirdi. Məni özündən soyudurdu ki, çox fikir etməyim. Deyirdim ki, artıq mənimlə söhbət eləmirsən. “Ay mama, iş çoxdu, deyirdi. Ölümünə 1-2 ay qalmış Füzulinin “Leyli və Məcnun” əsərini şərh etdi. Hər şeyi tez-tez edirdi. Qorxurdu ki, çatdıra bilməz.

 

Balam son günlərini əziyyətlə o şərhlərə sərf edib. Çox istəyirəm şərhləri kitab halında çıxsın.

 

- Aydının da taleyi hardasa digər meyxanaçıların həyatına bənzədi...

 

- Meyxana sənəti çətindir. Mən əvvəl qulaq asmırdım. Sonra qulaq asanda gördüm ki, bu uşaqlar o sözləri haradan, necə tapırlar, deyirlər. Aydın toydan tər içində gəlirdi. Axır günlər ciyərlərinin üstünü şalla örtürdü, ağrıyırdı. Əziyyətli sənətdir. Kəndlərdə meyxana səsi gələn kimi toyxanaya o qədər adam dolur ki... Gecənin bir aləmi, yuxu pozulur, beyin işləyir.

 

Özünü əziyyətə saldı. Biz ondan narazı qalmadıq. Övladımdı, anayam deyə demirəm. Qardaşları, qohumlar hamısı ondan yerdən-göyə qədər razı idi. Atasına qardaş, qardaşlarına ata olub.

 

- Aydının ailəli olduğunu çox az insan bilirdi.

 

- Bəziləri özündən söz çıxartdı ki, guya ailəsi dağılıb. Hər iki ailənin məsləhəti ilə 2006-cı ildə, qohumumuz olan bir xanımla ailə qurub. Ötən günlərdə Əli Digahlı adlı gənc sosial şəbəkədən Aydın üçün qəzəl səsləndirir. Orada deyir ki, olsaydı bir övladın, səndən qalardı, nişan. Mən də ona cavab olaraq iki sətir yazdım. Təxminən mənası belə idi ki, Aydının övladı olmasa da, yaradıcılığı ondan nişanədir. Onun övladı mənə nişan qala bilər, sənə nişan qalmayacaq axı. Bu cür söz-söhbətlər danışırlar. Düşünmədən danışmasınlar. O qədər böyük yazıçıların övladları var, biz heç tanımırıq. Və ya əksinə, Müşfiqin övladı var idi? Mən cavab yazandan sonra şərhləri bağladı.

 

- Amma bir ana olaraq təbii ki, istəyərdiniz övladı olsun.

 

- Əlbəttə, istəyərdim. Özümüz oturanda deyirdim ki, qoy övladın olsun. Həmişə də deyirdi ki, bacımın, qardaşımın uşaqları mənim balalarımdı. Allahın işinə qarışmaq olmaz. Olar-olar, olmazsa da olmayacaq. Hətta bir dəfə yoldaşı tərəfdən də bu haqda söz dedilər. Dedi, anam elə mənim qızımdır.

 

- Sizə bu qədər bağlı olması ailəsində söz-söhbət, qısqanclıq yaratmırdı ki?

 

- Problem yaratmırdı. Aydın özü elə şeyi büruzə verməzdi. O, başqa uşaq idi, başqa cür idi. Həyatım idi o.

 

- 42 yaş da ölüm üçün “cavan”dı. O, ölümə tələsirdi, ya əcəl onu axtarırdı?

 

- 2012-2013-cü ildə Aydın depressiyaya düşdü. Uzun müddət depressiyada oldu.

 

- Səbəb nə idi, hansı hadisə ona pis təsir etmişdi?

 

- Nə baş verdiyini bizə də demədi, büruzə vermədi. Bilmədik nə olub. 2-3 il özünə qapandı. İki il tam evdə oturdu, heç yerə getmədi. Sonra asta-asta toylara getməyə başladı.

 

- Psixoloqa müraciət eləmişdi?

 

- Deyirdilər ki, depressiyadı da düşüb. Əvvəl psixiatr gəldi, nə qədər iynə-dərman elədi. Deyirdi, maşında yolda gedəndə adamlar gözümə görünür. Məni görüb yerə tüpürürlər. Psixiatr ondan soruşurdu ki, səslər eşidirsən, ya adamları görürsən? Deyirdi, görürəm. Axırda gözünə qara eynək taxdı, guya adamlar onun gözünün içini görməsin.

 

Bir neçə psixoloq gətirdik evə. Heç bir xeyri olmadı, sonra biz də gətizdirmədik. Zamanla düzəldi.

 

 

 

Aydın Xırdalanlının anası Bikə xanım və Nigar Adil

 

- 2-3 il, uzun müddət depressiyada olub. Bu illər ərzində hansı dostu onun yanında oldu, dəstək verdi?

 

- Rəşad Dağlı həm maddi, həm də mənəvi baxımdan bizə çox kömək edib. Həmişə Aydının yanında olub. Elə vaxt olurdu ki, harasa getməliyəm. Mən gələnə qədər gəlib Aydının yanında otururdu.

 

- Ölüm səbəbi deyəsən, qaraciyər sirrozu idi, hə?

 

- Aydın 1995-1996-cı illərdə dəqiq xatırlamıram, sarılıq olubmuş, bilməmişdik. Deyəsən, Alim Qasımov çəkilişdə onu görmüşdü. Demişdi ki, sənin gözlərinin içi sarıdı, analiz ver. Cavab yüksək çıxmışdı. Gecikdirsək də, evə həkim çağırdım, müalicə yazdı. Bununla belə, Aydın toylarından qalmadı. İstəmirdi ki, nəyəsə ehtiyacımız olsun. Ailənin maddi təminatı, yükü onun üstündə idi. Deyirdim ki, özün üçün ev tikdir. Razı olmurdu. Birinci qardaşlarımın evi olsun, mən istəmirəm, deyirdi. Yaşı az olsa da, ağsaqqal kimi irəli keçib onlara toy elədi, ev-eşik qurdu.

 

Həccə getmək istəyirdi. Dedilər, Yasamalda İran İslam Klinikası var, orada yoxlamadan keç. Sağlamlıq haqqında kağız olmalıdır. Yoxlamadan sonra həkim zəng elədi ki, Aydında Hepatit xəstəliyi var və ona kağız verə bilmərik. Nə qədər elədim, müalicə elətdirmədi. Eşidib-bildiyim türkəçarələri edirdim. Son vaxtlar çox adam istəyirdi onu müalicə elətdirsin. Qardaşları, imkanlı dostları, toylarını apardığı adamlar, hamı. Hamısına “yox” deyirdi: “Mənə görə istəmirəm kimsə evinə söz-söhbət salsın, mənə pul versin. Allah verən ömürdür. Mənim üçün borc-xərc eləməyin. Mən belə şeyləri istəmirəm”.

 

Heç kimə əziyyət verməyi xoşlamırdı. Hətta ikinci dəfə “De gəlsin”də iştirakçılara sms göndərirdilər. Moskvadan bir nəfər ona pul göndərmişdi ki, səs yükləsin. İstəmirdi, həmin oğlana demişdi ki, sən bütün günü soyuqda dayanmısan ki, pul qazanıb mənə göndərəsən? Finalda “Qızıl nida”nı belə götürmədi, Ələkbərə verdi. Deyirdi, fərqi nədi Ələkbərdə oldu, ya məndə. Şan-şöhrəti sevmirdi. Deyirdi, sadə, kasıb yaşamaq yaxşıdı.

 

- Müsahibələrində şan-şöhrət qazandığı üçün peşman olduğunu deyirdi.

 

- Onun yaradıcılığı, məşhurluğu meyxananın yaxşı vaxtına düşdü. Aydınla elə bir meyxanaya yol açıldı, meyxana mədəniləşdi, sənət kimi qəbul olundu. Bunda Aydının əməyi çox oldu. Aydının yaradıcılığı belədi ki, o bütün mövzularda meyxana, qəzəl yazıb. Yaradıcılığı hərtərəfli idi. Siyasətdən də yazıb. Qorxurdum, deyirdim ki, siyasətdən meyxana demə. Deyirdi, ay “mama” mən şairəm, mənə nə edəcəklər. Şair sözünü deməlidir”. Deyirdi də…

 

- Son günlərində nə istəyirdi, nə edirdi?

 

- Ancaq elə edirdi ki, mən ona yaxın gəlməyim, ondan soyuyum. Bunu sonradan anladım.

 

- Dostlarından indi kim sizi axtarır?

 

- Nə itirən var, nə də axtaran. Pünhan Əzim 2-3 dəfə kitaba görə gəlib-getdi. Mehman Əhmədli 2-3 dəfə zəng edib, Aydının ad günündə gəlib. O vaxt, mobil telefonlar olmayanda Aydına görə narahat olurdum. Universitetdən çıxanda çox vaxt gedirdi Əhmədliyə. Mehmanın anasına zəng edirdim ki, Mehman evdədi? Deyəndə ki, evdə yoxdu, rahat olurdum ki, Aydın da onunladır.

 

Rəşadı qınamıram, 1-2 dəfə oğlumu görəndə deyib ki, gələ bilmirəm. Bikə xanımın üzünə baxmağa ürəyim gəlmir. Ona görə gəlmirəm. Bir dostu var Qədir, o tez-tez baş çəkir, Aydından paylaşım edir.

 

- Az öncə dediniz ki, Aydın sağ olanda ailənin yükü onun üzərində idi. İndi necədi?

 

- İndi hər kəs öz ailəsinin yükünü çəkir. Özündən kiçik qardaşı qəbrini düzəltdirdi. O biri qardaşı da dəstək oldu. Hələ də onun qəbrini düzəltdiririk. Birinci xoşuma gəlmədi, ikinci dəfə yenidən düzəltdiririk. Bizə görə özü üçün pul yığa bilmədi. Yükümüz onun çiynində idi. İndi görürlər ki, ailənin ağırlığı nə deməkdi.

 

Təsəllim yuxularımdı. Ölümündən əvvəl yuxu gördüm. Gördüm ki, evimizin qarşısında ev tikirlər. Bir kişi dayanıb deyir ki, ağlamırsan və ardınca da bu iki misranı dedi:

 

Oyan balam, oyan balam,

 

Kasetlərdə dayan balam.

 

O yuxu heç vaxt mənim yadımdan çıxmırdı. Bu yaxınlarda isə gördüm ki, məhlədə toydu, Aydın da gəlib. Mikrofon qarşısında əsil xanəndə kimi segah oxuyur. Sonra elə bil nəqərat kimi deyir ki,

 

Mehman Aydının ad günündə gələndə bu yuxunu ona danışdım. Dedi, biz toyda bu qafiyəni açarıq. Düzdü, toylara yeni icazə verilib. Gözləyirəm, dostları nə vaxtsa bu qafiyəni toyda açsın.

 

Həmişə özünə qarşı tənqidi fikirdə olub. Axır vaxtlarda artıq bir az özünü, qəzəllərini bəyənirdi. Deyirdi, siz bilmirsiniz mənim nə qədər yazılarım var. Elə meyxanaçı var ki, heç onların yazıları yoxdur.

 

- Geriyə qayıtmaq imkanınız olsaydı Aydına ana kimi nəyi qadağan edərdiniz?

 

- Meyxanaçı olmağa qoymazdım. Mənə elə gəlir ki, gözümün qabağında olsaydı, belə olmazdı. Gecə yanımda olsaydı, bəlkə daha yaxşı olardı. Kaş o şöhrət onu tapmayayadı, özü, ailəsi üçün yaşayardı. Amma bu yolu da Allah ona yazıb, qızım...

 

Bir dəqiqə ondan ayrı qalmayan adam idim. Ölən günü bir dəqiqəlik otaqdan çıxdım. Elə bildim səs gəldi, məni çağırır. Otağa qayıtdım ki, Aydın artıq yoxdur. Nə baş verdiyini anlaya bilmədim. Elə bilirdim sağalacaq. Nə bilim belə olacaq...

 

Neçə dəfə xəstəxanaya apardıq, qalmırdı. Çox istəyirdim ki, Türkiyədə, Rusiyada müalicə alsın. İmkanlı dostları dəfələrlə təkliflər də eləmişdilər. Hamısına “Yox, Allah verən ömrü yaşayacam”, deyirdi.

 

Son günlər qaytaranda, qan da qusurdu. Qardaşına tapşırırmış ki, elə et ki, mama görməsin. O, da mənə deməyib. Elə bu otaqda oturmuşdum. Oğlum mənə dedi ki, ana sən otaqdan çıx, rahatlansın, uzansın. Şah İsmayıl Xətaiyə telefonda baxa-baxa oradaca canını tapşırdı.

 

Bu onun iş otağı idi. Demək olar ki, bura keçmirəm. Siz gəlmisiniz deyə, mən bu otağa keçdim. Burada onun başmaqlarına kimi saxlamışam. Bu otağa dostları gəlirdi, səhərə kimi meyxana deyirdilər, yazırdılar.

 

- Son günlərində sizə, qardaşlarına, həyat yoldaşına nəyi vəsiyyət edirdi?

 

- Qardaşlarına sözü bu idi ki, “mama”ya yaxşı baxın. İşi-gücü mən idim. Aydının haqqını verə bilmərik. Onu itirəndə özümü də onunla birgə itirdim. Ölən günü mən də həyatdan silindim. Aydından sonra nə xeyrə gedirəm, nə yasa. Bircə getdiyim yer qəbirüstüdür.

 

- Aydından sonra nə dəyişdi?

 

- Hər şey dəyişdi. Aydın sağ olanda bizim qapı səhərə qədər bağlanmırdı. Ondan sonra mən qapımızı bağladım. Aydına görə evdə hər şey edirdim. Bunu xoşlayır, bunu istəyir, hər şey bişirib yığırdım stola. Özümə söz vermişdim ki, ondan sonra evdə heç xörək də bişirməyəcəm. İnsan məcbur olur, edir.

 

Çox qeyrətli uşaq idi. Ondan sonra mənim söykənəcək dağım yoxdu. Düzdü, o biri uşaqlarım da yaxşıdır. Qoymurlar nəsə fikir edim, narahat olum. Aydına görə də məni təsəlli etməyə çalışırlar. Onda artıq deyirəm ki, mənə Aydın üçün ağlama deməyin. Aydın bir saniyə də olsun yadımdan çıxmır.

 

- Son illər çox dəyişmişdi, arıqlamışdı. Bunu hiss etmirdiniz?

 

- İndi son vaxtlarının videolarına baxanda məəttəl qalıram. Aydının rəngini, arıqlığını inanın ki, o vaxt görmürdüm. Mən necə kor olmuşam...

 

Ölməmişdən bir ay öncə Mehman zəng elədi ki, Aydını bir nəfər Moskvada müalicə elətdirmək istəyir. Aydın da dedi ki, mən anamı qoyub getmirəm. Dedim, mən də gedərəm. Sonda yenə razılıq vermədi. Özü də elə bil ki, yaşamaq istəmirdi.

 

Yazıq uşağım, bayramın səhəri, martın 21 xəstələndi, martın 23 də belə oldu. Həmişə bayramda boyalı yumurtaların hamısını yeyirdi. Deyirdim ki, rəngi çıxır, dünəndən qalıb, yemə. Bayramdı, evdə hər şey var, onlardan ye, mədən ağrıyar. Ölən ili bütün yumurtalar eləcə qaldı. Yumurtalara baxıb, ağlayırdım. Deyirdim, ay Aydın, ye də bunları. Deyirdi, daha yemirəm.

 

Son iştirak elədiyi toy qardaşının toyu oldu. Martın 17-si qardaşının toyu oldu, 23-ü rəhmətə getdi. Qardaşının oğlu olanda adını Aydını qoyduq.

Tarix: 12 Oktyabr 2021, 22:22   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin