Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP: Ermənistanda hakimiyyət dəyişikliyi kreslo uğrunda mübarizədir

Azərbaycanın gündəmində bir nömrəli mövzu parlament seçkiləri olmaqla yanaşı, Avropa Şurasının siyasi məhbuslarla bağlı qətnaməsi, prezident İlham Əliyevin kəskin mövqeyi və Qarabağla bağlı Cenevrə danışıqlarıdır.

 

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, V çağırış üzrə deputat Aydın Mirzəzadə ilə söhbətimizdə bu məsələlərə toxunduq. Onun müsahibəsini təqdim edirik:

 

- Aydın bəy, Fransa prezidenti Makronun həmkarı İlham Əliyevə qəfil zəngi, eyni vaxtda Cenevrədə nazirlərin üç günlük görüşü Qarabağla bağlı danışıqların aktiv fazaya qədəm qoyduğunu deməyə əsas verirmi?

 

- İlin əvvəlindən danışıqların intensiv getməsi, böyük dövlətlərin məsələyə diqqət ayırması müəyyən ümidlər yaradır. Ancaq ortada hələ də Ermənistanın işğal edilmiş ərazilərimizi azad etməkdən imtinası dayanmaqdadır. Ermənistan cəmiyyətində və hakimiyyətində hələ də düşüncə tərzi dəyişməyib. Düzdür, bu düşüncə ilk növbədə zərəri özünə vurub - regional layihələrdən kənarda qalıblar, Azərbaycan və Türkiyə kimi inkişaf edən ölkələrin potensialından istifadə edə bilmirlər, Ermənistan əhalisi durmadan köçür və s. Və Azərbaycanın artıq danışıqlardan əlavə, alternativ yollar axtarmasından başqa çıxış yolu qalmayıb. Bu baxımdan danışıqların getməsi yaxşıdır. Lakin Ermənistanın da mövqeyində dəyişiklik istəyərdik. Bununla belə, Dağlıq Qarabağ probleminin dünya siyasətinin gündəliyində olması Azərbaycan diplomatiyasının uğuru sayılmalıdır. Dünyanın müxtəlif ölkələrində Qarabağ kimi onlarla belə problem var. Ancaq onillərdir ki, bu münaqişələr yatıb, beynəlxalq təşkilatların gündəliyinə çıxmır, böyük dövlətlərin rəhbərləri görüşəndə müzakirə etmirlər. Qarabağ məsələsi isə həm ulu öndər Heydər Əliyevin, həm cənab İlham Əliyevin sayəsində bu gün birmənalı şəkildə böyük siyasətin gündəliyində olur. Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etmək əzmindədir və Ermənistan da, xaricdəki erməni dairələri də bunu yaxşı bilir.

 

 - Çox maraqlıdır ki, Qərbin və ABŞ-ın postsovet ölkələrində münaqişələrə diqqəti artıb. İstər Krım məsələsi, istərsə Qarabağ münaqişəsi olsun... Sizcə, Rusiya faktoru ilə bağlıdır?

 

- Birincisi, Rusiya dünya siyasətinin aparıcı oyunçularından biridir. Bu gün Rusiyasız demək olar ki, heç bir problem ya həll olunmur, ya tam həll olunmur. Buna görə də Rusiya siyasəti ilə bağlı başqa dövlətlərin də öz siyasətini qurması normaldır. Eyni zamanda yaddan çıxarmayaq ki, biz Rusiya ilə eyni regionda yaşayırıq. Azərbaycanın ağrılı problemi istər-istəməz, Rusiyanın da cənub sərhədlərinin problemidir. Rusiyanın yaxın müttəfiqi olan Ermənistanın münaqişədən böyük ziyan çəkməsi də Moskvanı narahat edir. Ermənistan özünü regional layihələrdən kənarda qoyub. Onun dünyaya təqdim edəcəyi hər hansı maraqlı iqtisadi layihəsi yoxdur. Azərbaycan isə beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi məkandır, Azərbaycan Xəzərdir, böyük neft yataqlarıdır, qeyri-neft sektorunu inkişaf etdirən ölkədir, Şərqlə Qərb dəyərlərini özündə uğurla birləşdirən cəmiyyətdir. Ona görə maraq həddən artıq böyükdür. Böyük dövlətlər də özlərinə hesabatlar verirlər ki, Azərbaycanın inkişafı onların da maraqlarına xidmət edir. Bu nöqteyi-nəzərdən Qarabağ məsələsinə diqqət göstərirlər. O başqa məsələdir ki, Azərbaycan istəyən həcmdə və tərzdə deyil, onlar hələ də bizimlə Ermənistanı tərəzinin bir gözünə qoyur, Ermənistana təzyiq mexanizmləri olsa da, bundan istifadə etmirlər.

 

- Bayaq qeyd etdiniz ki, Ermənistanın mövqeyində dəyişiklik yoxdur. Paşinyan iqtidara gələndə onun Qarabağ məsələsində əvvəlki siyasi rejimdən fərqlənəcəyi gözlənilirdi. Daxili auditoriyadan çəkinir?

 

- İş burasındadır ki, Ermənistan cəmiyyəti uzun illər “Böyük Ermənistan” ideyası və yaxud başqa dövlətlərin torpaqlarına iddia əhval-ruhiyyəsi ilə formalaşıb. Onun bu düşüncədən qısa zamanda xilas olması mümkün deyil. Həmçinin, “Böyük Ermənistan” xülyası xaricdəki erməni diasporları dairələrində kifayət qədər güclüdür və onların Ermənistana təsiri böyükdür. Ermənistanda hakimiyyət dəyişikliyi kreslo uğrunda mübarizədir, nəinki prioritetləri dəyişmək. O ayrı məsələdir ki, yeni gələn nəsil artıq reallıqla üzləşərək Dağlıq Qarabağ yükünü öz boyunlarından atmağın yolunu axtarmaya başlayacaq. Onlar başa düşəcəklər ki, Qarabağ problemi inkişafa mane olur, Ermənistanın qonşu dövlətlərlə münasibətlər qurmasına əngəldir. Nə qədət anti-Azərbaycan və anti-türk siyasəti yürütsələr də, bu gün Türkiyədə 300 min Ermənistan vətəndaşı işləyir. Sərhədlər açılsa, az qala əhalinin yarısı orada olacaq. Azərbaycanla sərhədlər açılsa, Ermənistan əhalisinin yarısı bizim bazarlardan, inkişafımızdan yararlanmağa çalışacaq. Yəni yeni nəsil fərqli düşüncəyə malikdir. Sadəcə, bu proses nə dərəcədə gedir, demək çətindir, amma mütləq baş verəcək. Bu gün özünü daşnak siyasətinin qurbanına çevirmək istəyən erməni gəncləri azdır, mifik dövlət yaratmaq arzusuna həyatını həsr etmək istəyən erməni cavanları azdır. Onlar müasir həyatdan istifadə etməyə çalışırlar, amma Ermənistan reallığı onlara əngəl törədir.

 

- Aydın bəy, başqa bir məsələyə diqqət çəkmək istəyirəm. Avropa Şurası Parlament Assambleyası siyasi məhbuslarla bağlı qətnamə yaydı. Bu, seçkiqabağı təzyiqdir, yoxsa AŞ ənənəvi olaraq öz mövqeyindədir?

 

 - Avropanın müəyyən dairələri yeni müstəqillik qazanmış dövlətləri öz təsiri altında saxlamaq istəyirlər. Əgər bu təsir Avropa dəyərlərinin, Qərbin inkişaf modelinin həmin ölkələrdə tətbiqi ilə bağlıdırsa, əlbəttə, yeni müstəqil olan dövlətlər bunu məmnuniyyətlə qəbul edərlər. Amma müəyyən dairələr həmin ölkələri forpost kimi görmək, onun təbii sərvətlərini hara və nə cür istifadə edilməsini, hakimiyyət dəyişikliyini özlərinin razılığı ilə baş verməsini istəyir. Onların dediyi olmayanda təzyiqlər işə salınır. Avropadan Türkiyəyə qarşı uzun illər təzyiqlər olub, bütün parlametrlərə baxmayaraq, bu ölkə hələ də Avropa Birliyinə qəbul edilmir. Çünki Türkiyənin müstəqil siyasəti, regionda Avropadan asılı olmayan yüksək nüfuzu Qərbdəki müəyyən dairələrin ürəyincə deyil. Eyni proses Azərbaycanla bağlı baş verir. Baxın, parlament seçkiləri gedir, amma heç bir namizəd özünü hansısa ölkənin maraqlarının təbliğatçısı kimi təqdim etmir, bu yöndə fikirlərini açıqlamır. Başqa ölkələrdə isə bu, adi haldır. Bu, ondan irəli gəlir ki, Azərbaycan cəmiyyəti daxili siyasətini öz maraqlarına uyğun qurmaq modelini götürüb, heç kəsə tabe olmaq fikrində deyil. Bu da şübhəsiz ki, Avropadakı müəyyən dairələri narahat edir. Azərbaycana qarşı təzyiq metodlarından istifadə edirlər, olmayan şeyi adımıza yazmağa çalışırlar. Bu yanaşma düzgün deyil və çox gözəl arzularla yaradılmış Avropa Şurasının siyasi nüfuzuna təsir edir. Rusiyaya, Türkiyəyə, Azərbaycana qarşı təzyiq, o cümlədən Avropa kontinentində yerləşən ayrı-ayrı müstəqil siyasət yürütmək istəyən ölkələrə təzyiq göstərilməsi narazılıq doğurur. Ona görə cənab prezidentin mövqeyi tamamilə doğrudur və hər bir Azərbaycan vətəndaşı onun fikirlərini dəstəkləyir. Hesab edirəm ki, beynəlxalq təşkilat üzv olan ölkələrin ümumi iradəsini ortaya qoymalıdır. Bu qurum müəyyən qrupların maraqlarını ayrı-ayrı ölkələrə zorla qəbul etdirməli deyil və Avropa Şurasının həmin qərarı böyük təəssüf doğurur. Avropa Şurasının siyasətini müəyyən edən dairələr nəticə çıxarmalıdır.

 

- Bundan qabaq da prezident açıqlamışdı ki, Avropa İttifaqı bizdən qazın daxili qiymətlərlə xaricə satılmasını istəyir. Ardınca da Avropa Şurasının qətnamə qəbul etməsi Qərb-Azərbaycan münasibətlərinə hansı təsirini göstərəcək və imzalanması gözlənən “Şərq Tərəfdaşlığı” proqramının reallaşması uzunmüddətli yubana bilərmi?

 

-  Həmin sənədin imzalanması hər iki tərəfin marağındadır. Hazırda danışıqlar gedir və ümumi razılığa gəlinəcək. Burada bir məsələ var ki, Azərbaycanı zorla nəyəsə məcbur etmək olmaz. Azərbaycan öz maraqlarına uyğun siyasət yeridir və Avropanın müəyyən dairələri bunu birdəfəlik qəbul etməlidir. Onların təklif etdiyi öz maraqlarına uyğundur. İstəyirlər ki, qaz ucuz satılsın və böyük gəlirlərdən məhrum olaq, belədə xalq böyük iqtisadi problemlərlə qarşılaşır. Vətəndaşın sosial vəziyyəti hökumətin daim diqqətindədir. Bu, bizim məsələmizdir və Azərbaycanın öz seçimidir ki, əhalisinə təbii sərvətləri hansı məbləğə satacaq, bizə kiminsə təzyiq göstərmək hüququ yoxdur.

 

- Bu gün ölkədə “Sükut günü”dür. Bütövlükdə bu seçki prosesini necə qiymətləndirirsiniz?

 

- Bu seçki prosesində özüm də iştirak edirəm. Hesab edirəm ki, rəqabətli, demokratik, şəffaf proses gedir. Müxtəlif siyasi partiyalar namizədlərinin seçilməsi uğrunda mübarizə aparırlar, çox sayda bitərəf namizədlər də var, cəmiyyət seçkidə maraqlıdır. Ona görə güclülər və layiqlilər qalib gələcək.“Yeni Müsavat”

Tarix: 8 Fevral 2020, 11:18   
Xəbər lenti
Çox oxunanlar