BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycanda agentura şəbəkəsinin yaradılmasında əməyi keçənlər tapılacaq və cəzalarını alacaqlar”

"İran mollalarının cavabını Azərbaycan mollaları verməlidir. Lakin təəssüflər olsun ki, biz bu məsələdə Azərbaycançılıq ideologiyasına xidmət edən dindarlarımızın sayca çox olduğunu görə bilmirik. Ona görə də bu məsələlərin həlli üçün yaxın dövrlərdə xüsusi tədbirlər həyata keçirilməli, milli maraqlara xidmət edən din xadimləri yetişdirilməlidir. Belə olan halda, milli ideyalarımızı qoruyan dindarların yetişəcəyinə ümid edirəm".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, Ocaqnejat tərəfindən qurulmuş agentura şəbəkəsi ifşa edilib: "Onun Azərbaycanı əvvəlcədən tərk etməsi ifşa ediləcəyindən xəbərdar olduğunu təsdiq edir. Böyük ehtimalla, agenturanın qurulmasında iştirak edən digər əsas şəxslərin də Azərbaycandan uzaqlaşması təmin edilib. Buna baxmayaraq, ölkədə Ocaqnejatı Azərbaycanda əvəz edəcək və onun fəaliyyətini davam etdirəcək başqa adamların olmadığına heç kim əmin deyil. Ona görə də milli təhlükəsizlik məsələsində daha ayıq-sayıq olmalı və çalışmalıyıq ki, buna bənzər hadisələr təkrarlanmasın. Azərbaycan-İran münasibətlərini gərginləşdirəcək şəxslər müəyyənləşdirilərək cəzalarını almalıdırlar. Hesab edirəm ki, bu ölkəmizin daxili işlərinə qarışanlar üçün yaxşı dərs olar".

 

N.Həmzəyev, həmçinin Azərbaycanın yaratdığı yeni reallıq, ikitərəfli münasibətlər və ölkəmizin beynəlxalq aləmdəki nüfuzu barədə də danışıb: "1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazansa da, təəssüflər olsun ki, ermənilər və havadarlarının onlara dəstəyi ilə torpaqlarımızın bir hissəsini itirdik. Faktiki olaraq, Ermənistan Qarabağ və ətraf rayonları işğal etdi. Bütün bunlara baxmayaraq, Azərbaycan ötən 30 il ərzində daim beynəlxalq təşkilatlar və dünya dövlətləri ilə danışıqlar apardı, Ermənistana təzyiq göstərmələrini tələb etdi. Lakin Azərbaycanın işğalda olan torpaqlarının sülh yolu ilə azad olunması mümkün olmadı. Dünya birliyinin də bu reallığı qəbul etməsindən sonra Azərbaycan ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında döyüşərək, vuruşaraq torpaqlarımızı işğaldan azad etdi. Hazırda regionda mövcud olan yeni reallığı formalaşdırmaq üçün Azərbaycan regionda dayanıqlı sülhün təminatı üçün müxtəlif formatlı, ikitərəfli və üçtərəfli əməkdaşlıqlar təklif edib. Bu, Azərbaycanın regionda sülh və təhlükəsizliyə necə böyük önəm və töhfə verdiyini sübut edir. Regionda həyata keçirilən beynəlxalq layihələrin icracısı olan Azərbaycan, həmçinin yeni iqtisadi reallıqlar da yaradıb, Avropanın enerji təhlükəsizliyinə töhfə verib. Bundan başqa, Azərbaycan tranzit ölkəsinə çevrilib və Şərqlə Qərbi birləşdirən ən sürətli dəmiryol xəttinin çəkilməsi layihəsini reallaşdırıb. 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Azərbaycan iqtisadi uğurlarını artırmaq və regionda uzunmüddətli sülhün bərpası üçün hətta Ermənistana belə əməkdaşlıq təklif edib. Ümid edirik ki, Ermənistan bu təklifi doğru-düzgün dəyərləndirərək Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Regionda yaranmış yeni reallığı qəbul etmək Ermənistan üçün çətindir, çünki uzun illər havadarı İran və başqaları sayəsində Qarabağda qanunsuz işlərlə məşğul olublar. Bu gün Azərbaycan bütün belə proseslərə son qoyub, Rusiya da, Türkiyə də , hətta Gürcüstan da yeni reallığı qəbul edib. Doğru qiymətləndirmə nəticəsində Azərbaycanın mövqeyini başa düşür, Rusiya və Gürcüstan Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşmasına maraq göstərirlər. İran isə ona qoyulan sanksiyalar fonunda müvafiq xətlərə görə Ermənistanı itirmək istəmir və yaxud da regionda söz sahibi olmaq istəyir. Lakin İran nəzərə almalıdır ki, reallıq dəyişib və Azərbaycan 20-30 il əvvəlki dövlət deyil. Dünya dövlətləri də Azərbaycanı inkişaf etməkdə olan dövlət kimi tanıyırlar. Ona görə də ölkəmizin inkişafı, fikrimcə, heç kimi qorxutmamalıdır, uğurumuz heç bir dövləti narahat etməməlidir. Əksinə, Azərbaycanla dostluq və qardaşlıq münasibəti qurmaq regionun bütün xalqları və dövlətləri üçün faydalı ola bilər. Azərbaycan İslam həmrəyliyinə hər zaman öz töhfəsini versə də, bəzi müsəlman dövlətləri, xüsusilə də İran Ermənistana daim dəstək verib, onun iqtisadi blokadadan çıxması üçün kömək edib. Lakin dövlətimiz bunu normal qəbul edib və heç zaman İrana etirazını, narazılığını açıq formada ifadə etməyib. İstənilən halda bizim İrandan və bizə kömək etməyən digər müsəlman dövlətlərindən inciməyə haqqımız var ki, onlar ötən müddət ərzində işğalçı Ermənistana dəstək verib din qardaşlarını unutdular. Amma bunun fonunda isə İslam dövləti olan Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı Ermənistanla heç vaxt diplomatik əlaqələr qurmayıb və ölkəmizə dəstəklərini əsirgəməyiblər. Göründüyü kimi, Azərbaycan qonşu dövlətlərin qərarlarına hər zaman hörmətlə yanaşıb və indi biz buna adekvat olaraq qonşulardan suveren hüquqlarımızı tanımalarını, daxili işlərimizə qarışmamalarını istəyirik. Azərbaycanın tək istəyi regionda davamlı və dayanıqlı sülhü bərpa etməkdir. Post-müharibə dövründə də bunun üçün lazım olan hər şeyi edirik. Belə olan halda da, Azərbaycanda olan bir sıra dövlətlər burada öz agentura rejimini qurmaq və cəmiyyətə hansısa şəkildə təsir göstərmək istəyirdilər. Azərbaycan bu cür təhdidlərin qarşını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu gün də milli təhlükəsizliyin qorunması üçün aiddiyəti qurumlar tərəfindən lazımi işlər görülür. Təəssüflər olsun ki, bu günlərdə Azərbaycanda İran agenturasının qurulması ilə bağlı məlumatlar yayılır. Bir sıra qüvvələr din pərdəsi altında müəyyən təsir mexanizmi vasitəsilə Azərbaycan xalqından sui-istifadə etmək istəyirlər. Lakin biz ciddi cəhdlər çalışırıq ki, belə xəyanətkar qüvvələr xalqımızı dövlətçiliyimiz əleyhinə istifadə edə bilməsinlər. Ümid edirəm ki, bu günə qədər hələ də aşkarlanmayan agenturanın yaradılmasında əməyi keçən üzvlər tapılacaq və cəzalarını çəkəcəklər. Azərbaycan xalqı ərazi bütövlüyümüz və suveren hüquqlarımızın qorunması üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında hər zaman olduğu kimi, indi də möhkəm birləşəcəklər. Unutmaq olmaz ki, məhz bu vəhdətin hesabına Vətən müharibəsində qələbə əldə etmişik".

 

Nəzrin Cavid

Tarix: 13 Oktyabr 2021, 14:35   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin