BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı işçilərini aşağılayır, qarğışlar edir: "Mən bu rayonun böyüyəm...”

Bu günlərdə gundelik-baku.com saytının yazdığı və bir neçə başqa saytın paylaşdığı “Masallı KİMƏ ƏMANƏTDİR…” adlı yazıda Masallı rayonunun icra başçısı Şahin Məmmədovla bağlı, necə deyərlər, könhə-təzə məlumatlar yenidən gündəmə gətirilib. Bu saytların Şahin Məmmədovla bağlı tənqidi yazılara əvvəllər də bir necə dəfə ardıcıl yer ayırması müəyyən şübhələrə yol açsa da, bəlli olan, icra başçısının bunlara qəribə münasibətidir.

 

Xatırladaq ki, Şahin Məmmədov haqqında ölkə saytlarının paylaşdığı ən haylı-küylü yazı onun guya Batumda olan milyonluq mülkləri barədə idi. Hansı ki, bu yazını 10-a yaxın sayt, o cümlədən rəhbərlik etdiyim cenub.az saytı da paylaşdı. Lakin Şahin müəllim həmin saytların paylaşdığını təkzib etmədi. Ən maraqlısı isə odur ki, cenub.az–ın paylaşımından sonra hörmətli Şahin müəllim bizə, konkret desəm, mənə, Zahir Əmənova zəng etdi. (Bu danışığın gizli qalması haqqında əvvəlcədən hər hansı “centlmen razılşaması” olmadığı üçün onun bəzi məqamlarını açıqlamağıma görə kimsə məni qınamaz, yaxud qınaya bilməz). Bu zəngdən bir qədər aşağıda bəhs edəcəyik.

 

İndi isə ölkə saytlarındakı son yazı barədə.

 

Orada Şahin müəllimlə bağlı köhnə söhbətlərə (mülkləri, korrupsiya əməlləri və.s) bir az yeni rəng qatıb təqdim etməklə bərabər, bir sıra əlavələr də edilib. Qeyd olunub ki, Şahin müəllim çıxışlarında, əvvəlki kimi, qəribə ifadələr işlədib. Yəni deyib ki, “Mən bu rayonun böyüyəm… Sizə nə var, pul haradan gəlir, hara gedir,.. əsas odur, suyunuz gəlsin.”

 

Daha sonra isə onun Batumda, Gəncədə, Qəbələdə, Bakıda, Daşkəsəndə… olan mülklərindən, eləcə də bir sıra korrupsiya əməllərindən danışıb.

 

Biz Şahin müəllimin gördüyü yaxşı işləri, onun abadlıq işlərini, şəhid və qazi aillələrinə ardıcıl diqqətini (bəzi qapalı, “qarışıq” məsələləri nəzərə almasaq) qeyd etməyə bilmərik. Qaldı ki, yuxarıda qeyd etdiyimiz ifadəni ilk dəfə işlətsə idi, bu məlumatı çox ciddiyə almazdıq. Təəssüf ki, 230 minlik əhalisi olan rayonun rəhbəri ardıcıl olaraq arzuolunmaz ifadələr işlədir, bizə bir neçə mənbələrdən daxil olan məlumatlara görə, hətta tabeliyində olan işçiləri aşağılayıcı ifadələrlə tənqid, bəzən təhqirə məruz qoyur. Tez-tez qarğışlar edir. Məsələn, “ana südü zəhərə dönsün”, “ana südü irin-qan olsun…” və yazıya gətirə bilmədiyimiz digər ifadələr. (Bunların bir neçəsini bizimlə telefon ilə danışanda da işlətməyi unutmadı).

 

Gündəlik-Baku.com yazır: “Sözün düzü, icra başçılarının təyinatı həmişə cəmiyyətdə ciddi müzakirə mövzusu olub. Bu boş yerdən yaranmayıb.

 

Birincisi, icra başçısı 20-30 nəfərlik məktəb kollektivinin rəhbəri, yaxud 5-10 nəfərlik marketin müdiri, 10-15 nəfərlik xəstəxananın baş həkimi deyil, 100-200 minlik rayonun başçısıdır, rəhbəridir.

 

Yeri gəlmişkən, Ağcabədinin keçmiş icra başçısı Şahin Məmmədov öz səs yazısında camaata deyir ki, “Mən bu rayonun böyüyüyəm… Sizə nə var pul haradan gəlir, hara gedir,.. əsas odur, suyunuz gəlsin”.

 

Yəni bu adamın təfəkküründə rəhbər, başçı anlayışı yoxdur, ancaq “mən bu rayonun böyüyüəm” anlayışı var.

 

Digər tərfədən, başçı öz dili ilə deyir ki, “Sizə nə var, pul haradan gəlir, hara gedir…” Bu adam unudur ki, dövlətin başçısı İlham Əliyev cənabları dəfələrlə vətəndaşlara müraciətində xüsusi olaraq vurğulayıb ki, cəmiyyətdə vətəndaş nəzarəti olmalıdır. Yəni, vətəndaşlar da baş verən qanun pozuntularına, rüşvət və korrupsiya hallarına nəzarət etməlidirlər. Amma Şahin Məmmədov vətəndaşlara açıq-aşkar deyir ki, bu məsələlər sizlik deyil. Deməli, Şahin Məmmədov kimi icra başçıları sanki prezidentin dediklərinin əleyhinə gedirlər”.

 

Mən isə yenidən Şahin müəllimim mülkləri ilə bağlı sadalananları təkrarlamaq istəmirəm. Mənə qəribə gələn odur ki, bunlar şər-böhtandırsa, niyə təkzib olunmur? İkincisi, həmin yazını yerləşdirən saytlara təkzib göndərməyi lazım bilmirlərsə, niyə eyni yazıları mən paylaşanda qıcıq verirlər?

 

İndi də qayıdıq İcra başçısının bizə etdiyi zəngə.

 

Şahin müəllim bizə irad dolu sual edir ki, siz həmin yazını niyə paylaşmısınız? “Paylaşmısınızsa, demək bəyənmisiniz”. Biz də bildiririk ki, kompüterdə paylaşmaq və bəyənmək – başqa-başqa funksiyalardır. Məsələn, Jirinovski deyir ki, “Azərbaycanda 7 milyon qoyun var”, yaxud Paşiniyan, İran rəsmiləri ölkəmiz haqqında çoxlu hədəyanlar danışırlar. Ölkə saytları da bunu paylaşır. Paylaşmaq, onları bəyənmək deyil ki! Sadəcə cəmiyyəti məlumatlandırırlar ki, diqqətli olun, görün düşmənlərimiz bizim haqda nə yazır?

 

Şahin müəllim deyir ki, mən kimisə tutdurmaq istəmirəm. Deyirəm ki, təkzib etmək, hələ tutdurmaq deyil. Lap 1 manat cərimə etdirin, amma etirazınızı bildirin.

 

Təklif edirəm ki, mənimlə danışdıqlarınızı (“o mülk mənim deyil, bu əməli mən etməmişəm”) və digər etiraz etdiyiniz məqamları sizin dilinizdən təkzib kimi hazırlayıb, paylaşım, deyir, eləmə.

 

Şahin Məmmədov haqqında növbəti yazını da oxuyandan sonra 1-ci müavin Məmmədhüseyn Hüseynova zəng vurdum ki, yenə sizin haqqınızda tənqidi yazı paylaşılıb, fikriniz? 2 gün keçsə də cavab gəlmədi.

 

Sual olunur, haqlısınızsa, niyə təkzib etmirsiniz? Yaxud təkzibi özünüzə yaraşdırmırsınızsa, bəs mənə niyə irad, qarğış (20 dəqiqəlik söhbətdə 11 qarğış) dolu zəng edirsiniz?

 

Hər insanın, eləcə də icra başçısının uğuru da, noqsanı da olub və ola bilər. Sizin də uğurlarınız, təqdir olunası işləriniz var. Lakin aşkarlıqdan qaçmağınız, qeyri-səmimi addımlarınız, “5-ci sort” adamlara meydan verməyə, dialoqdan çox monoloqa daha meyilli olmağınız, kadr işində arzuolunmaz addımlarınız, mətbuata, tariximizə biganəliyiniz… və digər mənfi çalarlı işləriniz də az deyil.

 

İnşallah, gələn ayın sonunda, Masallıya icra başçısı təyin olunmağınızın 2 illiyində həmin məqamları gen-bol təhlil edəcəyik.

 

Bu yazıda isə, Masallı rayonunun bir sakini, sizdən 10 yaş böyük birisi kimi, çox xahiş edirəm, arzuolunmaz ifadələr işlətməyin, hər kəlmənizə diqqət yetirin, işçilərinizi aşağılamayın (xüsusən də qadınların qatıldığı iclaslarda).

 

İcra başçısının nitqi, davranış mədəniyyəti onun birinci göstəricidir. Əbəs yerə deyilmir ki, hər kəs dilinin altında gizlənib, danış, bilim kimsən.

 

Ən başlıcası isə aşkarlıqdan qaçmayın. Masallı həm böyük, həm də kiçikdir. Onsuz da hamı bilir ki, bəzi formalar dəyişsə də, “kimin əli kimin cibindən çıxır“.

 

İnsanlara çox da ləyaqət dərsi keçməyə də həvəsinizi azaldın. (36 bələdiyyənin, səhiyyənin, “kommunxozun”… bərbad günə qoyulduğu, yüzlərlə insanın haqqı boğulduğu, aşkarlığın olmadığı bir məkanda bunu demək səmimi səslənmir.)

 

Hazırda Masallı ilə bağlı mərkəzi hüquq mühafizə orqanlarının apardığı araşdırmalar, rəhbər işçilərin şübhəli şəxs kimi üzləşdirilməsi, günbəgün paytaxta yönəli artan şikayətlər elə də xoş olmayan məqamlardan xəbər verir.

 

Zahir Əmənov

Tarix: 18 Oktyabr 2021, 17:35   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin