BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatın "quşlaması"

O boyda deputatdır, xalq bundan ağıllı söz, kreativ təşəbbüs gözləyir, bu da çıxıb deyir ki, “subay rus qızlarına Türkiyədə istirahət qadağan edilsin”. Söhbət bizim deputatlardan getmir, hər ölkənin parlamentinin öz “quşlayan” deputatı olur. Bu sözü də Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Vitali Milonov deyib.

Milonov rusların “quşçu”-deputatıdır, vaxtaşırı səyləyir. Özü də onun sərsəmləmələri bir qayda olaraq Türkiyəyə və bizim əleyhimizə, ermənilərin lehinə olur. O da dolanışığın yolunu belə tapıb, nə demək olar...

Vitalikin yeni təklif-təşəbbüsü heç də rusiyalı qadınların qeyrətini çəkməsi üzündən deyil, onun qarnının ağrısı odur ki, Rusiya tərəfi nəsə bir yasaq qəbul etsin, onun nəticəsində Türkiyənin turizm sektoru çöksün.

Bütün dünya bilir ki, Türkiyənin turizm sektorunun rentabelliyi əsasən rus turistlər tərəfindən təmin olunur. Hər il milyonlarla rus turist Ağ dənizin ilıq sularıyla məşhur olan kurortlarına axışır. Antalyanın Kəmər şəhəri Rusiyanın Kemerovo şəhərindən daha rusdilli şəhərdir. Hamı Kəmərdə rusca danışır, artıq reklam lövhələri də rus dilindədir.

Bunu Milonov da bilir, ona görə də istəyir ki, 4-5 il əvvəlki durum yenidən bərpa olunsun, rusların ayağı Türkiyədən kəsilsin və Türkiyə maddi ziyana düşsün.

Bildiyiniz kimi, o vaxt Suriya səmasında vurulan rus təyyarəsinə görə iki ölkə arasında qanqaraçılıq oldu, Rusiya Türkiyədən xiyar-pomidor, bibər-badımcan almadı, öz turistlərinin də Türkiyəyə getməsinə yasaq qoydu. Nəticədə Türkiyə xeyli ziyana düşdü. Rus turistlər də çox ziyan çəkdilər, məcbur qalıb Yunanıstanın, İspaniya və İtaliyanın bahalı kurortlarına getdilər. Çox adam da gedə bilmədi, “zaqar”sız qalıb qışda xəstələndilər.

Bu o vaxtlar idi ki, Moskvada fəaliyyət göstərən “Antalya” adlı restoranın ağıllı və ütük sahibi gecə ilə restoranın lövhəsində iki hərfi dəyişdirərək “Natalya” etmiş, iaşə obyektini xüsusi təyinatlıların basqınından, vergi müfəttişlərinin reydindən qorumuşdu. Vəziyyət, türkün sözü, vahim, rus demişkən, straşnıydı.

Milonov umur ki, yenə elə olsun, ona görə də söhbətə həssas mövzudan girir, türk kişilərin “vicdansız” davranışlarından danışır.

Əslində isə iş başqa cürdür. O vaxt baş nazir Əhməd Davudoğlu bir dəfə demişdi ki, ildən-ilə ölkənin rus gəlinlərinin sayı artır. Heç demə, son 10 ildə türklər bir ucdan şimallı gözəlləri daşıyıb Anadoluya aparırlar. Qızlar da həvəslə gedirlər, çünki öz ölkələrinin sazağında, şaxtasında, alkoqoliklərin audensiyasında olmaqdansa, isti ölkəni üstün tutur, ailəcanlı kişilərə etibar edir, onlardan Anatoli adlı metislər doğurlar. Yəni ürək-könül məsələsi...

Təbii ki, hər qurulan ailə də mütləq xoşbəxt olmur. Problemləri çıxanlar da tapılır, ayrılıq şərt olur.

Milonovun bu durumlar üçün şərhi belədir: “Bir çox rus qızları türk oğlanların toruna necə düşdüklərinin fərqində olmurlar. Böyük sevgi haqqında mahnılar oxuyurlar, sonra türk paşası uşağı özünün mülkiyyəti hesab edir, ana isə tamamilə hüquqdan məhrum olunur”.

Hə, bu tərəflərin adamlarn adamları bir az uşaqcanlıdırlar, amma ananı baladan ayırmaqda düz eləmirlər. Yəqin ki, belə vaqiələr çox deyil. Ondan da keçən yerdə, sanki ruslarla, ya başqa millətlərlə ailə quran rus qızlarının hamısı xoşbəxt olur, heç biri boşanmır və mal-mülk (eləcə də övlad) bölgüsü üstündə dalaşmırlar.

Saxta içki məsələsinə gəlincə, bu xüsusda Rusiyanın özü rekordlar qırır. Hər il minlərlə adam Kalininqraddan Sibirə qədər bütün şəhərlərdə saxta içkidən ölür.

Bir sözlə, Milonov və onun kimilər düşmənçilik edirlər. Sayları da az deyil. Nə vaxt baxırsan, tok-şoularda ağız-ağıza verib hart-hurt edirlər. Amma bir yaxşı şey var ki, onların ağzından ölçü vahidi kimi istifadə edən yoxdur.

Rus turstlər də çörəyi qulaqlarına yemirlər ki, yüksək səviyyəli xidmətlər təklif edən ucuz tətil paketlərini qoyub, bahalı və dilqanmaz yerlərə üz tutsunlar. İbizada kim onlara kim yaxınlaşıb “krasavitsa” deyəcək?

Milonova isə tok-şoulardan birində deyən lazımdır ki, belə qeyrətli adamsan, get, seçicilərinin problemini həll elə.

Samir Sarı

Tarix: 19 Oktyabr 2021, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin