BURADA REKLAMINIZ OLA
BİLƏR

Fuad Qəhrəmanlı: "Səni parçalanmış sayanlar yanılırmış..." - FOTO

Azərbaycan Xalq Cəbhəsinin Partiyasının üzvü Fuad Qəhrəmanlı sosial şəbəkədə daşın ortasından çıxan ağacın fotosunu paylaşıb.

 

Pravda.az paylaşımdakı yazını təqdim edir:

 

Bir daşın sevgisi

 

Milyon illərin daşı olub, dünyanın  yaşıdı olub, insandan öncə gəlib, insanın gözü önündə parçalanmaq varmış qismətində. Daş qayaya rast gələndə gücsüz qalır deyiblər, sən daşın qismətində boy atıb kos - koca ağaca çevrilən bir  körpə fidana yeniləmək varmış.

 

Axı, sən daş idin, səni bunca zəif, gücsüz salan bir səbəb olmasa, bir ağac qarşısında yenilməzdin sən ?

 

Yalnız böyük sevgi bir daş qəlbi belə  parçalayıb içindən keçə, yaranışdan möhkəm olan fitrəti  çatladıb özünə yol aça bilərmiş.

 

O zaman sənin möhkəm daş varlığını  parçalayaraq fəda etdiyin,  öz içində böyüdüb, öz daş əllərinlə,  bərk vücudunla hər tərəfdən sarıb sarmaladığın, qarşısında təslim olduğun bu ağac, sadəcə bir ağac deyilmiş, sevdiyin  imiş sənin.

 

Bu dünyada daşın da bir sevgisi varmış sən demə. Bəs sevgisiz insanlara daş qəlbli deyirlər insanlar. Demək ki, yanlış imiş, daşlar da sevə bilirmiş. Hətta sevəndə kövrəkləşib bölünürmüşlər də.

 

O zaman səni parçalanmış sayanlar yanılırmış. Sən öz daş vücudundan keçirdiyin, yol verdiyin bir ağacla bütünləşmisən, daş qəlbi yaran sevginin vüsalını hər an duymaqdan da  məmnunmuşsan.

 

 Bəlkə də səsiz duruşun da aldadıcıdır. İçindən keçirdiyin  sevilignlə içdən  pıçıldaşmanı duymayanlar üçün sən belə daş kimi səssiz görünürsən.

 

Ancaq bu dünya  da fanidir. Sən daş olaraq ölümsüz olsan da, bağlandığın  bu  sevgili ağacın ömrü sənlə sonadək getməyə yetməyəcək. O zaman, həm içindən açılan bu yarığn, yaranın sızıltısı , həm bölünmüşlüyün, parçalanmanın bütövlük həsrəti, həm də səni əbədi olaraq tərk etmiş sevgili ağacının kabus kimi canına daraşan, daş qəlbini didib parçalayan həsrət dolu nisgilli xatirələri daş susqunluğunu, sükutunu pozacaq. Səni tərk etmiş bu ağacdan geri qalan isə içdən bölünmüşlüyün olacaq. Küləklər bu yarıqdan keçib vıyıldadıqca bu  sənə hər gün öz içindən ucalan lənət harayı kimi gələcək, beləcə lənətlənmiş   bir ömrün əzab yükü altında daş vücudun əzab çəkəcək, küləklə içinə dolan zamanın toz zərrəcikləri yarana duz kimi səpiləcək.

 

 Bəlkə o zaman sən də bu yükü çəkə bilməyib dağılacaq, param - parça olub insanların yolunun üstünə tökülmüş daş parçalarına  çevriləcəksən. Səni yol üstündə durub böyük olduğun zamanların əzəmətli anlarını, şahidlik etdiyin milyon illik olayları, sevgi dolu keçmişini, içindən boy atan sevgili ağacının gözəlliyini, daşıya bilmədiyun üçün səni kiçildib ayaqlar altına salan dərdini anlatmaq istərkən, insanlar da səni götürüb etinasıcasına bir kənara atacaqlar. Rahat yol axtaran heç bir insanın ağlına da gəlməyəcək ki, bu daşlardan birinin daşı da belə parçalayan sevgi hekayəsi var imiş. O zaman param parça olmuş, yollara, düzlər dağılmış halınla bir yağış həsrəti duyacaqsan. İstəyəcəksən ki,sən də  yağan yağışa qoşulub üstünə düşən damlaları  göz yaşına çevirib öz halına  ağlayarsan...

 

Qeyd: F.Qəhrəmanlının qızı Sənay Yağmur xalası oğlu tərəfindən zorlandığını iddia edir. Bu hadisə bir neçə gündür ki, müzakirə mövzusuna çevrilib.

Fotoları təqdim edirik
Tarix: 19 Oktyabr 2021, 22:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin