BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərhədimizə qoşun yığan iranlı general Moskvada - Rusiya Tehranı kimə qarşı silahlandırır...

İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqiri Moskvada rəsmi səfərdədir. O, dörd gün ərzində Rusiyanın paytaxtında olacaq və müdafiə naziri Sergey Şoyqu ilə danışıqlar aparacaq. Hərbi ekspertlərin sözlərinə görə, Baqirinin səfərində Əfqanıstan, Suriya məsələləri müzakirə olunacaq. Məlumdur ki, 2019-cu ilin iyulunda ikitərəfli əlaqələri genişləndirmək məqsədilə Rusiya və İran hərbi idarələri arasında anlaşma memorandumu imzalanıb. Bu anlaşmadan sonra tərəflər Hörmüz boğazı ərazisində birgə dəniz təlimlərinin keçirilməsi, habelə Xəzər dənizində müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

 

Baş Qərargah rəisi deyib ki, Moskvaya səfərinin “...əsas məqsədi ikitərəfli hərbi əməkdaşlığı müzakirə etmək, Əfqanıstanla əlaqədar son hadisələr və bunların qonşu və regional ölkələrə təsiri ilə bağlı ətraflı məsləhətləşmələr aparmaqdır. BMT Təhlükəsizlik Şurasının embarqo müddəti bitdikdən sonra Rusiya silahlarının alınması ilə bağlı razılaşma da müzakirə ediləcək”.

 

Tehranın Rusiya silahlarını alması İrana qoyulan embarqonun ötən ilin oktyabrında başa çatmasından sonra mümkün olub. ABŞ embarqonun ləğvinə qarşı çıxsa da, Rusiya, Çin və Avropa ölkələri Vaşinqtonun BMT Təhlükəsizlik Şurasındakı təşəbbüslərini dəstəkləmədilər. Rusiya mediası isə yazır ki, İranın silahlanması bölgədə  tamamilə yeni geosiyasi vəziyyət yarada bilər.

 

İranın ən odioz generalının Moskva səfər proqramında, əlbəttə ki, regional məsələlər sırasında Azərbaycanla gərginləşən münasibətlər də var. Baqiri o generaldır ki, sərhədlərimizə qoşun yığaraq hərbi təlimlər keçirmiş, “əzələ nümayişi” etdirmişdi. Rusiyanın bu gərginlikdə maraqlı olmadığı bəllidir, İran xarici işlər nazirinin Moskvaya gerçəkləşən səfərində Kreml, hər halda, belə bir barışdırıcı mövqe sərgiləməyə çalışdı. Amma Rusiyanın indi əsas marağı İrana satılacaq silahlardır ki, bu da regionda gərginliyin tətiklənməsi, nüvə silahı əldə etməyə çalışan Tehranın gücləndirilməsi, aqressiyasının artması deməkdir.

 

Bəzi təhlilçilərin fikrincə, İranın Rusiyanın yeni silahlarını əldə etməsi qonşu Azərbaycanın İsrail silahlarına artan marağına cavab kimi də qiymətləndirilə bilər. İran Xəzər məsələsində də provokativ addımlar ataraq, Rusiyanın bu məsələdə həssaslığından istifadə etmək istəyir. İranın silahlandırılması regionda hansı mənfi nəticələrə gətirə bilər? Rusiya İrana qarşı “ikili” oynayırmı? Yəni həm buradan silahlandırır, həm də İsrail və ABŞ-la anti-İran ittifaqda iştirak edir. Bu silah ticarəti bölgədə İranın hərbi təhdidlərinin daha da artmasına gətirib çıxara bilərmi? Professor Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, İran tərəfindən Rusiyaya bu cür ziyarətlər artıb. Onun fikrincə, buna səbəb kimi bölgədəki gərginliyi unutmaq olmaz: “Türkiyə də Suriyada antiterror əməliyyatı başlamaq siqnalı verdi. Bu, Rusiyanın xoşuna gəlmədi. Rusiya-İran əlaqələri enişli-yoxuşlu olsa da, həmişə işbirliyi alıb. Ancaq Baqirinin səfəri o deməkdir ki, Rusiya ilk növbədə öz silahlarını satmağa çalışır və ən böyük gəlir qaynaqlarından biridir. Digər tərəfdən, İrana qarşı embarqo qalxandan sonra Tehranın yeni silahlara ehtiyacı var. Bu məsələdə isə Rusiya İrana ən yaxın ölkədir. Eyni zamanda hər ikisi anti-Amerika mövqeyində birləşə bilirlər”.

 

T.İsmayıl hesab edir ki, İran Azərbaycanla gərginliyi artıraraq bölgədə bundan istifadə etməyə çalışan ölkədir: “Ancaq regionda yeni qarşıdurmanın alovlanması Rusiya və Türkiyənin işinə yaramır. İranın bizə qarşı ritorikasının əsassız olduğunu əvvəldən demişdik. Belə olduğu halda Azərbaycana qarşı sərt mesajların Bakı üçün narahatlığı yoxdur. Sadəcə, təzyiq siyasəti idi. Biz gördük ki, Azərbaycan bu məsələdə geri addım atmadı. Xüsusən Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasında İranın Avropaya və Ermənistana narkotrafikinin bağlandığını açıq şəkildə dilə gətirməsi son nöqtəni qoydu. Üstəlik, xarici işlər nazirini Moskvaya göndərən, amma Rusiyadan istədiyi dəstəyi ala bilməyən İran Azərbaycanla bağlı ritorikasını zaman-zaman dəyişəcək. Bakı-Tehran arasında əvvəlki münasibətlərə gəlincə, İranla gərginlik həmişə olur, sərhədlərimizi pozan addımlar atırlar, lazımsız açıqlamalar verirlər, rəsmi Bakı isə əvəzində daha diqqətli, təmkinli davranır. Ona görə bundan sonra münasibətlər bəzən azalan, bəzən artan şəkildə davam edəcək. Çünki İranın da başqa yolu yoxdur, qonşuyuq”.

 

Professorun sözlərinə görə, İran onsuz da 30 ildə Ermənistanı dəstəkləyirdi, son hadisələr isə kulminasiya və Tehranın iflası idi: “Son damla idi və İran dişlərini çıxardı, qıcıtdı, ancaq unutmaz olmaz ki, İran Azərbaycanda fərqli yollarla siyasət aparır. Xüsusən sərhəd bölgələrimizdə şiə ideologiyası ilə fəaliyyətini davam etdirir. Azərbaycan bu ideoloji siyasətin qarşısını almalıdır”.

 

Polkovnik Üzeyir Cəfərov açıqladı ki, İran-Rusiya arasında silah alış-verişi razılaşdırılmış siyasətdir. Onun sözlərinə görə, İran Azərbaycanın rus hərbi texnikasını müharibədə pis vəziyyətdə qoyduğunu xatırlamalıydı. “İndi embarqo qalxır, Tehran da kassanın ağzını açır. Amma regionda kifayət qədər gərginlik var və belə vaxtda İran silah alır. Bunu gözardı etmək olmaz. Amma İranın qırıcı təyyarələr almaq istəməsi ona əlavə təzyiqlər yaradacaq”, - deyə polkovnik vurğuladı. Onun fikrincə, İranın Rusiyadan silahlar almaq planına baxmayaraq, Azərbaycan üçün yeni təhdidlər gözləmir: “Biz əl-qolumuzu sallamırıq. Yəni Rusiyadan alınan silahların bizə qarşı hansısa təhdid elementi olacaqsa, Azərbaycanın da adekvat siyasəti olacaq”.

 

Siyasi şərhçi Ramiyə Məmmədova İranın Rusiya və Çinlə silah ticarəti olduğunu qeyd etdi: “İran Rusiyadan tək qırıcılar deyil, digər təyyarə və helikorterlər də almağı planlaşdırır. BMT-nin embarqosu başa çatdıqdan sonra Tehran hərəkətlənib. Lakin Rusiyanın İranı silahlandırması Azərbaycana yönəlik siyasət deyil. Moskva və Tehran Suriya münaqişəsində bir medalın iki üzüdür. Ona görə silah ticarətinin olması normaldır. Rusiya artıq neçə ildir ki, Buşəhr AES-in tikintisini də aparır. Yəni hərbi əməkdaşlıq mövcuddur. Amma İran bizə daha əzələ göstərə bilməz. Bunun mənasız olduğunu anladılar. Onların sərhədlərimizə yaxın ərazilərdə hərbi təlimləri Azərbaycanın geri çəkilməsinə səbəb olmadı, Tehran üslubunu dəyişməli oldu. Artıq təhdidlər, qərəzli açıqlamalar, İsrailin guya ərazilərimizdə olması haqda cəfəng çıxışlar da səngiyib”.

 

Siyasi təhlilçi Şuşa Bəyannaməsini yada salaraq, regionda artıq heç bir qüvvənin bizi hərbi təhdid edə bilməyəcəyini açıqladı: “İran yaxşı görür ki, bölgədə İsrail yoxdur, Türkiyə var. İkincisi, Moskva da vəziyyətin gərginləşməsində maraqlı deyil. İndi məlum olur ki, Baqiri Pakistana da gedib, İranla Pakistanın hərbi təlimləri planlaşdırılır. Artıq Tehran situasiyanı dəyərləndirməyə başlayıb”.

Tarix: 20 Oktyabr 2021, 08:51   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin