BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Niyə Kreml və niyə Rüstəm Muradov?

 

Azərbaycan 5 erməni diversantı oktyabrın 19-da Ermənistana təhvil verdi. Rusiyanın Qarabağdakı sülhməramlılarının keçmiş rəhbəri Rüstəm Muradov bununla əlaqədar xüsusi missiya ilə Bakıda olub və diversantların İrəvana təhvilində iştirak edib. Bununla əlaqədar olaraq əsasən iki sual səslənir:

 

Birinci sual: Azərbaycan Ermənistana təhvil verdiyi diversantların qarşılığına nə əldə edəcək?

 

İkinci sual: Diversantların təhvil-təslim prosesində niyə sülhməramlıların keçmiş rəhbəri Rüstəm Muradov iştirak edib?

 

Rəsmi Bakı zaman-zaman diversantları Ermənistana təhvil verməkldə İrəvandan qarşılıqlı addımların atılacağını gözləyib. Ermənistan hakimiyyəti Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim edib. Ancaq prezident İlham Əliyevin də dəfələlərlə təkrarladığı kimi xəritələr dəqiq deyil, Əslində Azərbaycan bu xəritələr olmadan da minaların təmizlənməsini sürətləndirib. Azərbaycan bu çalışmaları dost dövlətlər və əməkdaşlıq etdiyi xarici şirkətlərlə birgə həyata keçirir. Ona görə də İrəvan təhvil aldığı diversantların əvəzinə daha tutarlı addımlar atmalıdır. Birincisi, rəsmi İrəvan Birinci Qarabağ müharibəsi zaman itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir. Onların sayı minlərlərdir. Həmin azərbaycanlılar əsirlikdə qətlə yetiriliblərsə, bu məsələyə də aydınlıq gətirilməlidir. Ermənistanda bu mövzuda nə diskussiya var, nə də etiraf. Misal üçün Azərbaycanda erməni diversantların gələcək taleyi müzakirə predmetidir, Ermənistanda isə Birinci Qarabağ müharibəsindən sonra əsirlikdə saxlanılan azərbaycanlılar barədə danışan yoxdur.

Digər tərəfdən rəsmi Bakı İrəvandan sülh sazişi, sərhədlərin müəyyənləşməsi və dəhlizlə bağlı konkret addımlar gözləyir. Bu istiqamətdə də irəriləyiş yoxdur. Ermənilərin bir qismi sadəcə Azərbaycan sərhədçilərinin Ermənistanla sərhəddə strateji yüksəklikləri nəzarətə götürdüyünü bildiriblər. Ancaq bu İrəvanın güzəşti deyil. Azərbaycan özünə aid olana yiyələnir.

 

Erməni diversantların hissə-hissə Ermənistana təhvil verilməsi baş nazir Nikol Paşinyanın müxalifətlə mübarizədə mövqelərini gücləndirir. Paşinyan Bakının bu jestini anlamamış deyil. Bundan başqa İkinci Qarabağ müharibəsindən sonra Bakıda açılan hərbi qənimətlər parkı erməniləri çox narazı salmışdı, oradakı dəbilqələr və erməni hərbçilərin maketləri İrəvanda müzakirə predmeti idi. Ermənistan rəsmiləri və diplomatları bu məsələni daima beynəlxalq təşkilatlar qarşısında qaldırırdılar. Həmin dəbilqələrin və maketlərin yığışdırıldığına dair xəbərlər yayılıb. Bu olubsa bu da güzəştdir. Ancaq güzəştlərin limiti olmalıdır. Qarşı tərəf hərəkət etməsə bundan sonra güzəştə getməyin mənası qalmayacaq.

 

Bəs vəzifəsini başqasına təhvil verən Rüstəm Muradov niyə hələ də Azərbaycanla Ermənistan arasında vasitəçidir?

 

Əslində Azərbaycan Rüstəm Muradovun fəaliyyətindən narazı idi. Məhz Rüstəm Muradovun dövründə Qarabağda rusiyalı sülhməramlıların iştirakı ilə təxribatların sayı artmışdı. Buna baxmayaraq, Bakı və İrəvan ilk dəfə məhz Rüstəm Muradovun vasitəçiliyi ilə diversantların təhvil-təslim prosesinə başlamışdılar. Bu proses davam etdiyindən Rüstəm Muradova ehtiyac yaranıb.

 

Rusiya Azərbaycanla Ermənistan arasında əsas vasitəçi funksiyasını heç kimlə bölüşmək istəmir. Rusiyanın üstünlüyü odur ki, həm Azərbaycan, həm də Ermənistan hakimiyyətləri ilə sıx təmasları var. Halbuki, rəsmi Bakı son zamanlar Gürcüstanın və Avropa İttifaqının vasətiçilik təşəbbüslərinə də dəstək verir. Ancaq bu məsələdə rəsmi İrəvan sərbəst qərar vermək imkanına malik deyil, Kremlə boylanmaq məcburiyyətindədir.

 

“Atlas” Araşdırmalar Mərkəzi

Tarix: 20 Oktyabr 2021, 23:58   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin