BURADA REKLAMINIZ OLA
BİLƏR

“Milli Məclisin oliqarx deputatları arasında 4-cü yox, 144-cü pillədə olmaq da mənə bəs edər” – Rüfət Quliyev

“Avazın yaxşı gəlir, oxuduğun Quran olsa… Oliqarx deputatların siyahısında adımı 4-cü yerdə qeyd edib məni "yüksəklərə” qaldıranlara, piarımı aparanlara səmimi təşəkkürümü bildirirəm. Yeri gəlmişkən, tanınmış amerikalı yazıçı Mark Tvenin öz ölümü barəsində yayılan xəbərə reaksiyası “bir qədər şişirdilib” şəklində olub. Bu sitat indi lap yerinə düşür. Onu da qeyd edim ki, həmin siyahını tərtib edənlərin Mark Tven kimi dünya şöhrətli yazıçını tanıyacaqlarına inanmıram, çünki elə adamlar heç 5-10 il əvvələ aid məlumatlardan da xəbərdar deyillər. Məşhur filmlərin birində belələri üçün yaxşı deyiblər: "Gəlin gətirəndə baxdınız ki, bu, oğlandır, ya qızdır?" Yəni, axı internetdə axtarış verib baxa bilərsiz. Mən artıq neçə illərdir ki, “European Tabacco Baku” fabrikindən uzaqlaşmışam. İstənilən halda, barəmdə bu cür "yüksək" fikirdə olduqları üçün təşəkkürümü bildirirəm”.

 

Bunu Pravda.az-a açıqlamasında parlamentin üzvü Rüfət Quliyev Milli Məclisin oliqarx deputatlarının siyahısında adının keçməsinə münasibət bildirərkən deyib. 

 

Deputat arzulayır ki, Allah həmin siyahını tərtib edənlərin sözünü eşitsin və o, tezliklə oliqarx olsun: “Milli Məclisin oliqarx deputatları arasında 4-cü yox, 144-cü pillədə olmaq da mənə bəs edər. Əfsuslar olsun ki, bu cür xəbərləri yazıb yayanlar peşəkar deyillər, çünki ən azından kiçik araşdırma aparıb daha doğru məlumat paylaşmaq olar. Mən həmin siyahıda adı keçən digər deputatlara yox, yalnız özümə cavabdehəm. Tövsiyə edirəm ki, belə gülünc məlumatlar paylaşıb özlərini biabır etməsinlər. Cəmiyyət kimin kim olduğunu yaxşı bilir. Siyahını tərtib edənlərdən bircə ona görə razıyam ki, orada bir sıra titul və statuslarımı qeyd ediblər. Şükürlər olsun ki, mən Azərbaycanda, ümumiyyətlə, post-sovet məkanına elmimə və siyasətimə görə kifayət qədər tanınıram. Həmçinin qeyd edirlər ki deputatlar heç bir təklif vermirlər. Yenə əziyyət verəcəm, amma məcburam. Zəhmət olmasa, interneti açıb hələ son 10 gün ərzində Azərbaycan, rus və ingilis dillərində paylaşılan təklif xarakterli məqalələrimlə, televiziya kanallarındakı çıxışlarımla tanış olsunlar. Mən heç vaxt jurnalistlərin suallarında yayınmamışam. Qısacası, məlumatları dəqiqləşdirmədən yaymaq, şər-böhtan atmaq heç kimə yaraşmaz. Başa düşürəm ki, məni tərifləsələr, həmin yazını oxuyan olmaz, doğrudur. Amma bu cür yalan məlumatları paylaşmaq sadəcə ayıbdır!”, - deyə R.Quliyev bildirib.

 

Nəzrin Cavid

Tarix: 26 Oktyabr 2021, 18:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin