BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sülh sazişinin imzalanması Xankəndi və digər ərazilərdə Azərbaycan qanunlarının icrasından keçir"

"Azərbaycan-Ermənistan münasibətlərində müsbət siqnallar hiss edilməkdədir. Müşahidələrə əsasən, Ermənistan regionda yaratdığımız yeni reallıqları müəyyən qədər başa düşməyə başlayıb. Bu istiqamətdə üç ölkənin nazirləri səviyyəsində də iki dəfə görüş baş tutub. Yəni, region ölkələrindən müsbət meyillər hiss edilir. Sülh sazişinin bağlanması ilə bağlı işlər aparılır. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında Sülh sazişi imzalanmalıdır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

 

Parlament üzvü bildirib ki, iki ölkə arasında sülh sazişinin imzalanmasının bir sıra şərtləri var: "Sülh sazişinin imzalanması üçün, əlbəttə ki, ilk öncə sərhədlərin delimitasiya və demarkasiyası müəyyən edilməli, iki ölkə qarşılıqlı şəkildə beynəlxalq hüquq çərçivəsində dövlətlərin ərazi bütövlüyünü tanımalıdır. Sülh sazişinin imzalanması, həmçinin Xankəndi və digər ərazilərdə Azərbaycan qanunlarının icrasından keçir. Ermənistan tərəfindən müsbət siqnallar hiss edilir. Müharibə başa çatdıqdan sonra da Prezident İlham Əliyev Sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış edib. Təbii ki, bundan öncə kommunikasiya məsələləri həllini tapmalıdır. Şükürlər olsun ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı əməli-praktik addımlar atır. Ötən ayın 26-da Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Zəngəzur dəhlizinin təməli qoyulub. Həmçinin  Türkiyə və Azərbaycan tərəfindən altılıq platforma təklif edilib ki, bu da əməkdaşlıq istiqamətində yaxşı fürsət ola bilər. Bütün bunlar sülh sazişinin imzalanmasına aparan yoldur”.

 

Nəzrin Cavid

Tarix: 2 Noyabr 2021, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin