BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident bu təşəbbüsü ilə yeni bir səhifə başlamaq iradəsi ortaya qoyur” - Deputat Amnistiya aktından danışdı

"Cinayət Qanunvericiliyinə əsasən, Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Amnistiya aktı ilə cinayət törətmiş şəxslər cinayət məsuliyyətindən, artıq məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud şəxslərə təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə, cəzasını çəkmiş şəxslərin isə məhkumluğu götürülə bilər. Hazırkı akt üzrə amnistiya tətbiq ediləcək şəxslərin dairəsi çox genişdir və həm azadlıqdan müəyyən müddətə məhrum olunmuş şəxslərin cəzadan azad olunması, həm cəzanın azaldılması, həm məhkumluğun götürülməsi, həm də cinayət təqibinə xitam verilməsi formasında reallaşacaq".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, bu humanist aktdan yalnız azadlıqdan müəyyən müddətə məhrum olunmuş şəxslərdən 16 fərqli istiqamət faydalanacaq: "Göründüyü kimi, layihənin dairəsi çox genişdir və ümumilikdə bu dəfəki təşəbbüs əvvəlki amnistiya aktlarından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. İlk olaraq nəzərə alaq ki, bu layihə yalnız humanizm prinsipi önə çəkilşmiş hüquqi hadisə deyil. Bu, eyni zamanda Azərbaycanın 44 günlük müharibədən sonrakı proseslərin təbii axarının çox dəqiq və zamanında qiymətləndirilməsində ehtiva olunan mühüm tarixi siyasi hadisədir. Cənab Prezident bu təşəbbüsü ilə faktiki olaraq hüquq və ictimai münasibətlərin real imkanlarına əsaslanaraq  yeni bir səhifə başlamaq iradəsi ortaya qoyur. Geosiyasi səhnədə 44 günlük savaşımızın nəticəsi olaraq bu mərhələ artıq başlanılıb. Hüquq müstəvisində isə heç şübhəsiz ki, təqsirli olaraq ictimai təhlükəli əməli ilə cəmiyyətin mənafelərinə qəsd etmiş minlərlə vətəndaş üçün məhz bu Amnistiya aktı ilə yeni başlanğıc olacaq. Bu əslində hər bir vətəndaşın kimliyindən asılı olmayaraq dövlət üçün qiymətli olduğunu, cənab İlham Əliyevin hər bir vətəndaşın dövlətin inkişafı və rifahı üçün proseslərdə iştirak etməsi üçün şans yaradılması niyyətini göstərir. Xüsusən, qələbəmizin doğurduğu tarixi nəticələrə uyğun olaraq yalnız bir başa bu zəfərin əldə olunmasında iştirak edən şəxslər yox, onların yaxın qohumlarının da prosesdən faydalanması üçün şans yaradılması özlüyündə unikal hadisədir".

 

Deputatın sözlərinə görə, burada bir məqamı qeyd etmək lazımdır, Amnistiya aktında yaxın qohum dedikdə, CPM-in 7.0.32. maddəsində müəyyən olunan dairə, yəni, babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr nəzərdə tutulur: “Həmçinin, bu yanaşmanın bütövlükdə erməni təxribatlarının, habelə, Xocalı və 20 yanvar qurbanlarına, İkinci Dünya Müharibəsi, Çernobl qəzası, beynəlxlaq missiya və sülhməramlı fəaliyyətə də şamil edilməsi amnistiyadan faydalanacaq şəxslərin sayının kifayət qədər ciddi rəqəmlərdə ehtiva olunacağını deməyə əsas verir".

 

Nəzrin Cavid

Tarix: 3 Noyabr 2021, 16:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin