BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qələbəmizin ideoloji təməli xalq-iqtidar, xalq-ordu birliyi idi” – RƏY

"Azərbaycan xalqı, dünya azərbaycanlıları tarixinin ən şanlı günlərini yaşayır. Ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Ölkəmizin tarixində belə qələbə heç vaxt olmamışdı. Əlbəttə ki, bu Zəfər ölkə Prezidenti, müzəffər Ali Baş Komandanın düzgün qurduğu strategiya, prinsipiallıq, qətiyyətlilik, uzaqgörən və düşünülmüş siyasətinin məntiqi nəticəsidir. Azərbaycan silahlı qüvvələri ilk növbədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən güclü ordu sıralarına daxil edilib. Ordumuz müasir texnologiyalara yiyələnib. Bununla yanaşı, Vətənə olan sevgi və bağlılıq əsgər və zabitlərin işğalda olan əraziləri cəmi 44 gün ərzində azad etməsinə səbəb oldu".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov 8 Noyabr - Zəfər Günü barədə danışarkən deyib.

 

 

Deputat bildirib ki, Vətən Müharibəsi dövründə döyüş əməliyyatlarının gündəlik təsdiqi və birmənalı olaraq daha az itki verməyimiz üçün hərbi əməliyyatların keçirilməsi, o cümlədən dünya hərb tarixinə yeniliyin gətirilməsi Prezidentin düzgün qurduğu strategiyanın nəticəsi olub: "Döyüş meydanında igid əsgər və zabitlərin canı, qanı bahasına tarixi torpaqlarımız işğaldan azad edildi, ədalət və ərazi bütövlüyümüz bərpa olundu. Şəhidlər verərək torpaqları işğaldan azad etməklə yanaşı, digər tərəfdən də Azərbaycan həm diplomatik müstəvidə, həm də informasiya müharibəsində qalib gəldi. Bütün istiqamətlərdə rəhbərlik şəxsən Prezident cənab İlham Əliyevdə idi. İstər döyüş taktikasına, istərsə də diplomatik sahə və informasiya müharibəsinə Prezident rəhbərlik edirdi".

 

C.Osmanov, həmçinin vurğulayıb ki, Vətən müharibəsi dövründə Prezidentin 30-dan çox media qurumuna verdiyi müsahibələr Azərbaycanın haqq sözünün dünyaya çatdırılmasında ən vacib məqamlardan biri olub: "Bugünkü müasir dövrdə informasiya savaşı döyüş meydanındakı savaşla tamamilə üst-üstə düşməlidir. Bu günə  kimi işğalçı ilə işğala məruz qalan dövlətlər arasında heç bir fərq qoyulmurdu. Ona görə də informasiya müharibəsində qələbə əldə etmək ən vacib məqamlardan idi. Prezident müsahibələr zamanı ona ünvanlanan bir sıra qərəzli suallara baxmayaraq, hər birini yüksək məharətlə, yüksək  diplomatik bacarıqla cavablandırırdı. Bununla da Azərbaycanın haqq sözü bütün dünya ictimaiyyətinə çatdırıldı və biz qalib gəldik. Ümumiyyətlə, son illərdə Azərbaycanın diplomatik uğurları fonunda Ermənistan işğalçılıq siyasətini davam etdirirdi. 44 günlük Vətən müharibəsində də BMT-nin Təhlükəsizlik Şurasının bəzi üzvlərinin Azərbaycana qarşı qərəzli qətnamə qəbul etmək niyyəti Prezident İlham Əliyevin sədrlik etdiyi Qoşulmama Hərəkatının 7 üzv dövlətinin qətiyyəti nəticəsində baş tutmadı. Bu da Prezidentin növbəti diplomatik qələbəsi kimi dəyərləndirilə bilər. Qələbəmizin ideoloji təməli xalq-iqtidar, xalq-ordu birliyi idi. Bütövlükdə silahlı qüvvələrin və xalqımızın Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi ən vacib məqamlardan hesab edilə bilər. Bu da, xalqımızın, dünya azərbaycanlılarının öz siyasi liderinə böyük inamının təntənəsidir. Ön cəbhədə olduğu kimi, arxa cəbhədə də hər bir azərbaycanlı bir əsgərə çevrilib öz gücü çərçivəsində qalibiyyətimizə töhfə verirdi. İndi Azərbaycan şanlı günlərini yaşayır, müharibə bitdikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə dərhal başlaması Azərbaycanın gücünün və qüdrətinin göstəricisi olmaqla yanaşı, həm də Prezidentin ötən 30 ildə öz ata-baba yurdlarından didərgin qalmış yüz minlərlə soydaşlarımızın ata ocağına tez qayıtmasını təmin etməkdir. Bütün azərbaycanlıların Zəfər bayramını təbrik edirəm".

 

Nəzrin Cavid

Tarix: 8 Noyabr 2021, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin