BURADA REKLAMINIZ OLA
BİLƏR

Üçtərəfli görüşdə hansı məsələlər müzakirə edilə bilər? - ŞƏRH

"Proses başlayıb və sürətlə irəliləyir. Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin əsas gündəmi kommunikasiyaların açılması və sərhədlərin delimitasiya və demarkasiyasıdır. Əlbəttə ki, Rusiya, Azərbaycan və Ermənistan dövlət liderlərinin görüşü zamanı Laçın koridoru və Qarabağın yuxarı hissəsində Azərbaycanın suveren hüquqlarının qorunması məsələsi müzakirə edilə bilər, lakin "ağırlıq" kommunikasiyaların açılması və sərhədlərin müəyyənləşdirilməsi mövzularının üzərində olacaq".

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

 

Politoloq bildirib ki, görüş zamanı Azərbaycanla Ermənistan arasında gələcəkdə imzalanması ehtimal edilən Sülh sazişinin ayrı-ayrı bəndləri də müzakirə edilə bilər: "Hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası əsas istiqamətlərdən biridir. Əlbəttə ki, Rusiya sülhməramlıların həmin ərazilərdə qalmasını istəyir, lakin belə olan halda, Azərbaycan tərəfinin də razılığı gərəkdir. Azərbaycan isə rus sülhməramlılarının qalmasına yalnız o halda razı olar ki, həm Laçın koridoru, həm də ümumilikdə Qarabağın yuxarı hissəsinə birgə nəzarət edilsin. Həmçinin həmin ərazilərdən erməni silahlı qüvvələrinin son qalıqlarının çıxarılması da əsas şərtlərdəndir. Zənnimcə, Azərbaycan son vaxtlar elə ən əsas diqqəti məhz erməni silahlı qüvvələrinin tör-töküntülərinin ərazidən çıxarılmasına yönəldib və Rusiya ilə bu istiqamətdə daima kontaktdadır. Separatçıların Qarabağdakı tör-töküntüləri ərazidən çıxarılsa və ya zərərsizləşdirilsə, daha sonra Xankəndi və Sülh sazişinin imzalanması məsələsi də həllini tapa bilər. Proses nə qədər ləng olsa da, hərəkətini dayandırmayıb. Bunu müsbət qiymətləndirmək lazımdır".

 

Qeyd: Rəsmi Kreml gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşünün keçirilməsi planını təsdiqləyib.

 

Nəzrin Cavid

Tarix: 8 Noyabr 2021, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin