BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq fonunda Ermənistanın başqa çıxış yolu yoxdur”

"Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə razılıq əldə olunması müsbət haldır. Bunu böyük sülh sazişinin imzalanması istiqamətində atılan növbəti addım kimi qiymətləndirmək olar. Onu da qeyd edim ki, uzun illər ərzində yığılıb qalan kifayət qədər problemin olduğunu nəzərə alaraq, bütün mövcud məsələlərin həllini məhz bu görüşdən gözləmək doğru olmaz".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat qeyd edib ki, o, görüş çərçivəsində sərhədlərin delimitasiyası məsələsinin həllini tapacağına, Zəngəzur dəhlizinin açılması istiqamətində qlobal mənada olmasa da, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması barəsində razılıq əldə olunacağına əmindir.

 

"Hesab edirəm ki, görüş zamanı ötən il imzalanmış 10 noyabr üçtərəfli bəyanatının bütün bəndlərinin icra olunacağı, xüsusilə də Qarabağda məskunlaşmış erməni silahlı qüvvələrinin tərksilah ediləcəyi barədə də razılıq əldə ediləcək. Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin əvvəllər bəyan etdiyi Strateji Yol Xəritəsinə uyğun həyata keçirilir. İki xalq arasında uzun illər boyu yaranmış, xüsusilə erməni separatçıları tərəfindən Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə müşayiət edilən böyük nifrət dalğası var və bu proses Ermənistan daxilində indi də davam edir. Təəssüflər olsun ki, revanş əldə etmək istəyən qüvvələr də kifayət qədər çoxdur. Lakin bu gün cənab Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq fonunda Ermənistanın başqa çıxış yolu yoxdur. Ermənistanın yeganə nicat yolu Azərbaycan və Türkiyə ilə münasibətlərini düzgün qurmasından keçir. Ermənistan yaranmış tarixi şəraitdən istifadə edərək, eyni zamanda Prezident İlham Əliyevin sülh çağırışlarına adekvat cavab verərək, dostluq və əməkdaşlıq jestlərini qiymətləndirərək normal inkişaf yolu tutsa, maksimum fayda əldə edə bilər. Əks halda, gərginlik qalacaq, Ermənistan cəmiyyətində parçalanma və miqrasiyaya meyilliliyin artımı müşahidə ediləcək", - deyə N.Məhəməliyev bildirib.

 

Qeyd: Rəsmi Kreml gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşünün keçirilməsi planını təsdiqləyib.

 

Nəzrin Cavid

Tarix: 8 Noyabr 2021, 13:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin