BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Rusiya sülhməramlı kontingenti Azərbaycan üçün yeni təhlükə mənbəyi yaratmaqla məşğuldur”

"Ölkəmizin hər qarış sərhədində Azərbaycan sərhədçisi dayanmalıdır. Təəssüflər olsun ki, Vətən müharibəsi başa çatdıqdan bir il keçməsinə baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin 5 kilometrlik məsafəsi Rusiya sülhməramlılarının nəzarəti altındadır. Bu, qanunsuzdur. Sülhməramlı kontingent dünyanın heç bir yerində sərhədçi rolunu oynamır. Sülhməramlıların üzərinə düşən vəzifələr tamamilə başqadır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, sülhməramlıların missiyası beynəlxalq hüquqi sənədlərdə öz əksini tapır: "Nə qədər Azərbaycanın sərhədlərində rus sülhməramlıları dayanıb, Ermənistanın keçmiş və hazırkı rəhbərliyi Xankəndiyə rahat şəkildə gedib-gələcəklər. Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisinə yerləşdirildiyi gündən onlar separatçı rejimlə əməkdaşlıq edirlər, onların Xankəndiyə gediş-gəlişi üçün şərait yaradırlar. Yazırlar ki, Ermənistanın müdafiə naziri Xankəndiyə gələrək separatçı qurumun döyüş postlarını yoxlayıb, bir sıra tapşırıqlar verib. Belə qənaətə gəlmək olur ki, “Artsax” deyilən bu cinayətkar qurum Azərbaycan ərazisində öz mövcudluğunu saxlayır, Ermənistan silahlı birləşmələrinin qalıqları oradadır. Əks halda, Ermənistanın müdafiə naziri Azərbaycan ərazisinə niyə gəlirdi?! Bu, Azərbaycan qanunlarının, ölkəmizin ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Ona görə də həmin seperatçılardan daha günahkar, daha çox məsuliyyət daşıyan müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarıdır. Onlar Azərbaycan üçün yeni təhlükə mənbəyi yaratmaqla məşğuldurlar və münaqişə ocağının tamamilə aradan qalxmasına razı deyillər. Əksinə, seperatçılara dəstək verərək onları ümidləndirilər ki, biz burdayıq, siz bildiyinizi edin. Məğlub olmuş Ermənistan məhz Rusiya sülhməramlılarının dəstəyi ilə Azərbaycan üçün gələcəkdə ciddi təhlükə mənbəyinə çevrilə bilər. Ona görə də indidən tədbir görməli, təhlükəsizliyimizi təmin etməliyik. Digər sərhəd ərazilərində olduğu kimi, Laçın koridoru deyilən hissədə Azərbaycan-Ermənistan sərhədini bizim sərhədçilər qorumalıdır".

 

Nəzrin Cavid

Tarix: 10 Noyabr 2021, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin