BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezidentin ordenlə təltif edilməsi Qarabağ münaqişəsinin həllinin türk dünyası tarixində əhəmiyyətli mövqeyə malik olmasının təsdiqidir” – RƏY

"Türkdilli dövlətlərin tarixində yeni bir dövrün başlanğıcı qoyulub. Böyük Turan birliyi istiqamətində atılan bu böyük addımı - ötən gün baş tutan zirvə toplantısının işini yüksək qiymətləndirirəm. Ümumiyyətlə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII zirvə toplantısı bütün türk dövlətlərində müsbət qarşılanıb. Toplantıda Prezident İlham Əliyevin ali ordenlə təltif edilməsi Qarabağ münaqişəsinin həllinin bütün türk dünyası tarixində əhəmiyyətli mövqeyə malik olmasının təsdiqidir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı noyabrın 12-də Türkiyədə baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII zirvə toplantısının əhəmiyyəti barədə danışarkən deyib.

 

 

S.Rüstəmxanlı bildirib ki, türk dünyasının iqtisadi birliyinə doğru atılan addımlar, Zəngəzur dəhlizinin açılması və s. bu kimi faktorlar Vətən müharibəsinin nəticəsinin digər türk dövlətləri üçün də vacib əhəmiyyət kəsb etdiyini deməyə əsas verir: "Yəni, zirvə toplantısında çıxış edən türk dövlətləri Azərbaycanın Qarabağ savaşındakı qələbəsini həm də özlərinin uğuru kimi qiymətləndirirlər. 2009-cu türkdilli ölkələrin təşəbbüsü ilə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına xas olan birliyin əsası da məhz həmin vaxtda qoyulub. İndi əldə edilən uğurlar da elə 2009-cu ildə türkdilli ölkələrin Naxçıvanda keçirilən iclasında qəbul edilmiş düzgün qərarlarının nəticələridir. Hələ həmin iclasda Qazaxıstanın o vaxtkı Prezidenti Nursultan Nazarbayev demişdi ki, bu yola qədəm qoyulubsa, davam edəcəyik və bunun qarşısını almaq mümkün deyil. Ötən gün baş tutan görüşdə türkdilli dövlətlərin birliyinə əvvəlcə tərəddüdlə yanaşan Özbəkistan, həmçinin Türkmənistan da müşahidəçi qismində olsalar da, qatılmışdılar. Təşkilat həmin ölkələrin iqtisadi maraqlarına xidmət edir və imkanlar birləşdirilir. Əlbəttə ki, Şuranın fəaliyyətində Azərbaycan və Türkiyənin rolu danılmazdır. Birlik istiqamətində artıq xeyli vaxtdır ki, yavaş-yavaş və ehtiyatla olsa da, ciddi addımlar atılıb. Nəticədə, ciddi əhəmiyyət kəsb edən ortaq qurum və universitetlər, bir sıra birlik və təşkilatlar fəaliyyətə başlayıb. Bu siyasi birlik ildən-ilə daha da güclənir və hərbi baxımdan da orduların yaxınlaşdırılması işi icra edilir. Əslində Avrasiyanın sahibi olan dövlətlərin bir araya gəlməsi tarixi ədalətin bərpasıdır. Onu da qeyd edim ki, dövlətlər Turan birliyi məqamına hələ indi gəlsələr də, ziyalılar, xalq və ictimaiyyət bu yola çoxdan qədəm qoyub. Turan birliyinin möhkəmləndirilməsi bir sıra Avropa ölkələrini, o cümlədən digər böyük dövlətləri narahat edə bilər, lakin heç kim buna mane ola bilməz. Dünyada belə təcrübələr çoxdur, yəni bir sıra təşkilatların yaranmasına səbəb elə onların ortaq dil, din, irq və ya düşüncəyə sahib olmasıdır".

Tarix: 13 Noyabr 2021, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin