BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Rzayev: “Lazım gələrsə, deputatların sığorta ödənişi azaldılaraq hərbçilərinkinə əlavə edilsin”

“Hərbçilərin həyatı deputatlarla müqayisədə daha çox təhlükə altındadır. Lakin nəzərə almaq lazımdır ki, deputatlar da 40-45 min nəfər tərəfindən seçilmiş şəxslərdir. İstərdim ki, nəinki hərbçi və yaxud da deputat, elə bütün vətəndaşların həyatı sığortalansın. Müəyyən təhlükələr, qəzalar və təbii fəlakətlər hər kəsin başına gələ bilər. Lakin sığorta ödənişləri məsələsində deputatlarla hərbçiləri müqayisə etmək, ümumiyyətlə, təbəqələşmə aparmaq lazım deyil. Təəssüf ki, cəmiyyətdə təbəqələşmə aparmaq adət halını alıb”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deputatlar və hərbçilərin sığorta ödənişləri ilə bağlı danışarkən deyib.

 

Parlament üzvü bildirib ki, əhalinin fəhlə, deputat, varlı, kasıb, hərbçi kimi kateqoriyalara sırf təbəqələşmə baxımından ayrılması doğru yanaşma deyil: "Ağıllı insanlar vəziyyəti bu cür qiymətləndirmirlər. Ötən gün şəhid olan 7 hərbçinin hər biri bizim balamızdır. Şəhidlərin həyatı nəinki 11 minə, heç 1 milyona da başa gələ bilməz. Hesab edirəm ki, hərbçilərinin sığorta ödənişləri artırılmalıdır, çünki doğrudan da onlar cəbhədə can qoyurlar. Doğrudan da, dövlət büdcəsi imkan verirsə, hərbçilərin sığorta haqqının dəfələrlə çox artırılmasının tərəfdarıyam. Lazım gələrsə, deputatların sığortası azaldılaraq hərbçilərinkinə əlavə edilsin. Bu gün həmin əsgər və zabitlər torpaq uğrunda canlarını fəda edirlər. Onlar hər cür etimat ve hörmətə layiqdirlər. Lakin təkrar edirəm, qruplaşdırma aparmaq, müqayisə etmək doğru deyil. Şükürlər olsun ki, dövlət büdcəsi də artır, yəni bu, vaxtı gəldikdə hərbçilərin və Vətənin keşiyində duran digər vəzifəlilərin sosial ödənişlərinin, sığorta haqlarının artırılmasına səbəb ola bilər".

 

T.Rzayev, həmçinin bildirib ki, o indiyə qədər heç vaxt ehtiyac yaranmadığı üçün sığorta ödənişindən istifadə etməyib: "Həyatım üçün heç vaxt təhlükə yaranmayıb. Xəstələndikdə belə tibb xidməti xərclərini öz hesabına ödəmişəm. Hesab edirəm ki,  deputat maaşı bu xərcləri ödəmək üçün kifayətdir. Hər problemin xərcini dövlətə ödətmək istəyində olmaq yalnız cılız adamların işidir".

 

Nəzrin Cavid

Tarix: 18 Noyabr 2021, 12:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin