BURADA REKLAMINIZ OLA
BİLƏR

“İndiki şəraitdə ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur” - RƏY

“ATƏT-in Minsk Qrupu ötən il fəaliyyətsiz olub. Həmin qurum fəaliyyət müddəti boyu Azərbaycanla Ermənistanı eyniləşdirib, daha mövcud olmayan Dağlıq Qarabağın statusu məsələsini gündəmə gətiriblər. Bütün bu məsələr keçmişdə qalıb və indi regionda yeni reallıq yaranıb. Minsk Qrupu başa düşməlidir ki, bu günün gündəmi Azərbaycan-Ermənistan sərhədlərinin delimatasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin açılması, o cümlədən Sülh sazişinin imzalanması və s. bu kimi məsələlərdir”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Fikrət Sadiqov ATƏT-in Minsk Qrupunun regionda avtivləşmə istəyi ilə bağlı danışarkən deyib.

 

 

Politoloq bildirib ki, həmin qurum post-konflikt dövrünün bir sıra məsələlərini öz nəzarəti altına götürmək istəyir: “Müşahidələrə əsasən, Minsk Qrupunun həmsədrləri bütün məsələlərlə bağlı həmfikir deyillər. Həmsədrlərdən biri olan Rusiya dövlətinin sülhməramlı kontingenti onsuz da Cənubi Qafqazda, Azərbaycanın suveren ərazisi olan Qarabağda müvəqqəti yerləşdiriliblər. Yəni, mövqeyi bəllidir. Lakin digər həmsədr dövlət kimi Fransa isə Dağlıq Qarabağın respublika kimi tanınmasını bəyan edir və göründüyü kimi, bu iki mövqe bir-birinə ziddir. Bununla yanaşı, ABŞ-ın da məsələ ilə bağlı konkret mövqe tutmaması bizi narahat edir. Hesab etmirəm ki, biz ATƏT-in Minsk Qrupunun regionda aktivləşməsinin lehinə olmalıyıq. Lakin əgər həmsədr ölkələr Azərbaycan-Ermənistan münasibətlərində ədalətlilik prinsipini qorumaqla davranış sərgiləyəcək, eyni zamanda sülh sazişinin imzalanmasına köməklik göstərəcəklərsə, əlbəttə ki, fəaliyyət göstərə bilərlər.  Həqiqət budur ki, indiki şəraitdə bizim ATƏT-in Minsk Qrupuna ehtiyacımız yoxdur”.

 

Nəzrin Cavid

Tarix: 19 Noyabr 2021, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin