BURADA REKLAMINIZ OLA
BİLƏR

“Gün gələcək, Ağdam əvvəlki şöhrətini bərpa edəcək, "Qafqazın Xirosiması" adını öz üzərindən atacaq” - RƏY

"Ağdam Qarabağın mərkəzi rayonlarından biri kimi özünün yüksək mədəniyyəti və təsərrüfatına görə seçilirdi. Çünki respublikada ən çox kənd təsərrüfatı məhsulları istehsal edən rayonlardan biri idi və sənaye mərkəzi kimi də təkmilləşirdi. Ağdamda çoxlu zavod və fabriklər, çörək muzeyi, müasir üslubda inşa edilmiş yaşayış binaları var idi. Belə bir rayonun işğalı bizi uzun illər narahat etdi, uzun illər bu nisgillə yaşadıq. Lakin çox sevindirici haldır ki, Ağdam ötən ilin noyabrın 20-də bir güllə belə atılmadan düşmən işğalından azad edildi".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

 

Deputat bildirib ki, rayonun itki verilmədən işğaldan azad edilməsi Azərbaycanın təkcə hərb meydanında deyil, siyasi müstəvidə də uğurlu siyasətinin sübutudur: "Nəzərə almaq ki, Birinci Qarabağ müharibəsində ən çox itki verən, ağrı və acılara düçar olan rayonlardan biri də məhz Ağdam idi. Vaxtilə Şuşa və Xocalı düşmən tərəfindən işğal ediləndə Ağdam əhalinin yeganə pənah yeri idi. Rayona neçə-neçə yaralılar, insan cəsədləri  gətirilirdi, çox ağır idi. Şükürlər olsun ki, uzun illər sonra məhz Vətən müharibəsinin gedişi müddətində Prezident, Ali Baş Komandan İlham Əliyevin səyləri, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Ağdam muharibəsiz azad edildi. Əlbəttə ki, bu, böyük siyasətin nəticəsidir. Doğrudur, biz Ağdamı elə döyüşərək də geri qaytara bilərdik, lakin belə olan halda, həm Ermənistanın, həm də Azərbaycan tərəfinin çoxlu itki verəcəyi məlum idi. Bütün faktorlar nəzərə alındı, cənab İlham Əliyev danışıqlara getdi və Ağdam, Laçın və Kəlbəcərin şəhid vermədən işğaldan azad edilməsi nail oldu. Gün gələcək, Ağdam əvvəlki şöhrətini bərpa edəcək, "Qafqazın Xirosiması" adını öz üzərindən atacaq. Ağdamda ermənilər tərəfindən törədilmiş vandalizm əməllərindən əsər-əlamət qalmayacaq".

 

Nəzrin Cavid

Tarix: 20 Noyabr 2021, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin