BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bəlkə elə üzünə deyək ki, ay adam, siyasət elmdir, arqumentdir, sənlik deyil, bu işə qazanc mənbəyi kimi baxma..."

Əgər ölkədə demokratiya, hüququn üstünlüyü olsa...

Ölkədə demokratiya haqqında danışanların böyük əksəriyyəti bu qavramı ya bilmir, ya anlamır, ya da savadları çatmır. İnsan özündən başqa hamının haqsız olduğunu düşünən andan demokrat ola bilməz, bu mümkün deyil.

Eyni şeyi hüququn üstünlüyü haqqında da demək olar – baxırsan ki, adam demokratiya, hüquq haqqında pafosla danışır, amma əks-arqument deyən kimi cırnayır, söyüşə, təhqirə keçir, anlamır ki, demokratiyanın qızıl qanunlarından biri fikir müxtəlifliyidir. Ya da, hüquqdan, ədalətdən danışır, amma, həyasızcasına çıxıb ictimai şəkildə yazır ki, “flankəslər satqındı, flankəs satılıb” – hüququn üstünlüyünə inanan adam heç vaxt belə ittihamlarla çıxış etməz, ədalətli məhkəmə sistemi olsa verərsən məhkəməyə, diz çökdürərsən, üzr istədib təzminat alarsan, o da qələt edər bir də kiməsə sənədsiz-sübutsuz “satqın” deyər. Mən anlayıram ki, “satqın” möhürü ilə gəzənlərin bir çoxunun əlində başqa heç nə yoxdur, başa düşürəm ki, bunlar psixoloji travmadan irəli gəlir, çünki bütün həyatları boyu yan-yörələri, ən inandığı adamlar, ən çox güvəndikləri “satqın” çıxıb, düşərgə dəyişdiriblər, ona görə də belə bir axmaq komplekslə yaşamağa məhkumdular.

İctimai-siyasi sektora çayxanalardan gələnlərin demokratiya, hüquq, ədalət, arqument kimi qavramlarla işləri yoxdur, pafos qusmaqla məşğuldular. Bütün bunları görüb belə bir qənaətə gəlirsən ki, sabah ölkədə demokratiya olsa bu gün ictimai-siyasi səhnədə olanların çoxunun karyerası məhv olar, gözdən, könüldən iraq düşüb tarixin arxivinə gömülərlər.
Hələ biri var, haqqında, “mübariz insandır”, deyirlər, amma onu deyənlər belə qeyd edirlər ki, adamın siyasətin “S” hərfindən xəbəri yoxdur. Sadəcə, bunu üzünə demirlər, efirlər verirlər, o da elə bilir böyük adamdı, mütəfəkkirdir, fikir insanıdır, özündən bədgüman olur, özü haqqında səhv nəticələr çıxarır, sonra da demokratiya və hüquq anlayışından bixəbərcəsinə başqalarına çamur atır. Yaxşı, adamı niyə bədbəxt edirsiniz ki?! Görmürsünüz heç bir sənəti, təhsili, dünya görüşü yoxdur?! Axı sabah ölkədə demokratik cəmiyyət qurulsa adam özünə yer tapa bilməyəcək, ciddi psixoloji sarsıntı keçirəcək – niyə bədbəxt edirsiniz ki, insanı?! Bəlkə elə üzünə deyək ki, ay adam, siyasət elmdir, arqumentdir, sənlik deyil, bu işə qazanc mənbəyi kimi baxma, çünki demokratik ölkə quranda bu işdən sənə “çörək” çıxmayacaq?! Məni narahat edən odur ki, sabah ölkədə demokratik sistem qurulanda elələri “öz xidmətlərinin” haqqını istəməyə başalayacaqlar, ölkəni isə elələrinə bir daha da təslim etsək, sonra əks-dalğa ilə daha avtoritar rejimin pəncəsinə bir ömürlük keçəcəyik. Hakimiyyətin qurduğu primitiv sistem mütləq primitiv müxaliflətçilik doğurmalı idi – təəssüf ki, bunu bacardılar və bu gün sistemin yürüməsinin əsas səbəbi primitivləşdirilmiş müxaliflik anlayışıdır. Burada bizim – müxalif camiyanın günahı heç də Əliyevlərdən az deyil. Bu hakimiyyət “böyük ekranı” TV-ləri “kiçik ekrana”, İnternetə uduzub, bəs bu üstünlüyü artırmaq üçün keyfiyyətli diskurs yarada bildikmi?! Təəssüf ki, yox, eyni AZTV primitivliyini bəzi İnternet TV-lərə daşıdıq, medalın o biri üzünə çevirdik – halbuki, zalım uşaqları amerikanlar bizə İnternet kimi bir ucsuz-bucaqsız imkanlar nəsib edir, bəs bundan biz necə istifadə edirik?! Primitiv söhbətlər, eyni ritorikaya söykənmiş pafoslu çıxışlar, ciddi söhbət istəməyib irişən aparıcılar, “tık” xatirinə siyasətçiləri qeyri-ciddi mövzulara sürükləyən internet TV-lər, vəssalam.

Azərbaycanın acil mürəkkəb, çoxqütblü, elmi, analitik, bacarıqlı, uğur hekayəsi doğura bilən siyasi sistemə ehtiyacı var. Sabah ölkədə demokratik, hüquqi dövlət mütləq qurulacaq, bu gün ictimai-siyasi səhnədə gördükləriniz (istər hökumətdə olsun, istər müxalifətdə, ictimai sektorda) insanların 95%-i isə ancaq google-nin «cache»-ində qalacaqlar...

 
Natiq Cəfərli 
 
Ekspert 
Tarix: 21 Noyabr 2021, 17:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin