BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcərin işğaldan azad edilməsindən 1 il ötür: “Ən ciddi uğurlardan biri hesab edilə bilər”

"Azərbaycan Vətən müharibəsində bir neçə şəhər və rayonu hərbi yolla ələ keçirsə də, uğurlu siyasət nəticəsində digər 3 rayonu - Ağdam, Kəlbəcər və Laçını döyüşsüz azad etdi. Əlbəttə ki, bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsi idi. Bilirik ki, Ermənistan həmin rayonları Azərbaycana qaytarmaq istəmirdilər. Xüsusilə də Kəlbəcər və Laçın rayonları ilə bağlı mövqeləri bəlli idi və həmin rayonların, ümumiyyətlə, danışıq predmeti olmadığını dəfələrlə qeyd etmişdilər".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Parlament üzvü bildirib ki, Azərbaycanın düzgün qurduğu strategiya sayəsində Ermənistan Kəlbəcər və Laçın rayonlarını qaytarmağa məcbur oldu: "Həmçinin nəzərə almaq lazımdır ki, Kəlbəcər rayonu dağlıq coğrafi relyefdə yerləşir və ötən il müharibə gedişində qış fəsli yaxınlaşırdı. Əgər Azərbaycan həmin istiqamətdə döyüş əməliyyatlarına başlasaydı, əlbəttə ki, itkimiz daha çox olacaqdı, çünki yüksəkliklər ermənilərdə idi və Kəlbəcərdə qar artıq yağırdı. Ona görə də Kəlbəcərin danışıqlar yolu ilə azad edilməsi uzaqgörən addım idi. Ermənilərin həmin əraziləri vermək niyyətləri yox idi, sadəcə olaraq Prezident İlham Əliyev tərəfindən elə bir siyasi mühit yaradıldı ki, onlar başqa çıxış yolu olmadığını başa düşdülər. Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycan iqtisadiyyatına ciddi töhfə verəcək. Rayonun qızıl yataqlarının, mineral su mənbələrinin çox, turizm potensialının yüksək olduğunu nəzərə almaq lazımdır. İnanıram ki, Kəlbəcər öz şöhrətini bərpa edəcək və Azərbaycanın iqtisadi baxımdan ən sərfəli rayonlarından birinə çevriləcək. Kəlbəcərin azad edilməsi Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi ən ciddi uğurlardan biri hesab edilə bilər".

 

Qeyd: Kəlbəcər 2020-ci ilin noyabrın 25-də işğaldan azad edilib.

 

Nəzrin Cavid

Tarix: 23 Noyabr 2021, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin