BURADA REKLAMINIZ OLA
BİLƏR

“Regionda Azərbaycanın yaratdığı yeni reallıq gələcəyə ruh verir” - RƏY

"Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 28-də Aşqabada səfəri məhsuldar keçdi. Görüş çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı baş tutdu və sammitdə müzakirə olunan mövzular birgə gələcəyə hesablanmışdı. Təbii ki, regionda Azərbaycanın yaratdığı yeni reallıq gələcəyə ruh verir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Zəngəzur dəhlizinin açılışı reallaşır. Bu, sammitin mövzusuna da uyğun olaraq birgə gələcəyin qurulmasına əsaslı töhfə verir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

 

Deputatın sözlərinə görə, Avropadan Asiyaya olan daşımaların ən rentabelli yolunun məhz Zəngəzur dəhlizinin olması əməkdaşlıqda olan ölkələrin daha da yaxınlaşmasına şərait yaradacaq: "Zəngəzur dəhlizi, həmçinin əməkdaş ölkələrin iqtisadi inkişafına səbəb olacaq. Bundan başqa, sammit çərçivəsində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü xüsusi əhəmiyyət daşıyır, çünki Azərbaycan və İran arasında son vaxtlar müəyyən qədər soyuqluq müşahidə edilirdi. Təəssüflər olsun ki, ermənilər də bundan istifadə edərək fərqli fon yaratmağa çalışırdılar. Lakin ötən gün prezidentlər arasında baş tutan görüş bir daha sübut etdi ki, Azərbaycan və İran təkcə qonşu dövlət deyillər, onların güclü tarixi köklərə malik əlaqələri var, o cümlədən milli-mədəni inkişafımız bir-birinə daha yaxındır. Yəni, biz, həm də bu səbəblərə görə dost ölkə hesab edilə bilərik".

 

A.Badamov, həmçinin qeyd edib ki, Türkmənistan qazının İran üzərindən daşınmasına dair imzalanan saziş ciddi əhəmiyyətə malikdir: "Bu sazişin imzalanması gələcəkdə Cənub Qaz Dəhlizinin əhəmiyyətini daha da artıracaq. Saziş, həmçinin Türkmənistan qazının Avropa bazarına çıxarılması baxımından da olduqca önəmlidir. Ümumilikdə Aşqabad görüşü və sammit çərçivəsində səsləndirilən fikirlər əməkdaş ölkələrin iqtisadi inkişafına şərait yaradacaq".

 

Nəzrin Cavid

Tarix: 29 Noyabr 2021, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin