BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Rusiya istehsalı olan helikopterin Azərbaycanda istifadə edilməsi qəbahət deyil”

"Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin helikopteri hərbi təlim zamanı qəzaya uğradı. 14 nəfər zabitimiz şəhid oldu və yaralılarımız var. Allahdan şəhidlərimizə rəhmət diləyir, yaxınlarına səbir arzu edir, yaralılara isə şəfa diləyirik. Əfsuslar olsun ki, qəzadan sonra həmişə olduğu kimi sosial şəbəkələrdə müxtəlif versiyalar və təkliflər səsləndi. Həmin sahədə mütəxəssis olmayan şəxslər tərəfindən verilən şərhlər, irəli sürülən ehtimallar nəticə etibarilə müxtəlif yanlış informasiyaların tirajlanmasına gətirib çıxartdı. Hərçənd DSX rəhbərliyi tərəfindən ilkin açıqlamalar verildi və qeyd olundu ki, helikopter yeni təmirdən çıxıb və bu qəzanın baş verməsinin səbəbləri içərisində kənardan müdaxilə ehtimalı yoxdur. Buna baxmayaraq, fərqli, həqiqətə uyğun olmayan fikirlər yayaraq , bilərək və ya bilməyərəkdən bunu tirajlayaraq ictimaiyyəti çaşdırırlar".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, rəsmi olmayan informasiyalara inananların sayı getdikcə artır: "İstənilən halda, bu cür dezinformasiyaların olmamasına çalışmalıyıq. Rəsmi qurumların informasiyalarına inansınlar və onu tirajlasınlar. Bununla yanaşı, rəsmi televiziya və ya informasiya agentliklərinin yaydıqları xəbərlərə inanmaq daha məqsədəuyğundur".

 

Deputat, həmçinin bildirib ki, Azərbaycan müxtəlif ölkələrdən silah və hərbi texnikalar aldığı üçün Rusiya istehsalı olan helikopterin də ölkədə istifadə edilməsi qəbahət deyil: "Bu, normal haldır. Gələcəkdə digər ölkəyə məxsus helikopterlər də ala bilərik. Faktiki olaraq, hazırda DSX-nin invertarında olan helikopterlər bunlardır və düşünürəm ki, hansı ölkəyə məxsus olmasında heç bir problem yoxdur. Baş vermiş qəza ilə bağlı cinayət işi açılıb. “Qara qutu” araşdırılır, ən qısa zamanda qəzanın baş vermə səbəbləri ilə bağlı daha dəqiq informasiyalar ictimaiyyətə çatdırılacaq, hadisənin texniki problemləri öyrəniləcək. Gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün daha diqqətli olacağıq və çalışacağıq ki, təlimlərdə belə məsələlərin baş verməməsi üçün bütün mümkün riskləri azaldaq. Bir daha bütün azərbaycanlıları, soydaşlarımızı, Azərbaycan sevərləri dezinformasiyaların qarşısının alınması üçün həmrəyliyə çağırırıq. Unutmamalıyıq ki, düşmən ayıqdır. Təəssüf ki, bizi istəməyən, xaos yaratmaq istəyən qüvvələr var. Onlar bütün mümkün variantları sınayırlar ki, cəmiyyət arasında xaos, narazılıq  yaratsınlar. Bu məsələlərdə diqqətli və ayıq-sayıq olmalıyıq".

 

N.Həmzəyev bu hadisənin 1991-ci ilin noyabrın 20-də baş vermiş Qarakənd faciəsi ilə müqayisə edilməsinə də münasibət bildirib: "Bu hadisənin Qarakənd hadisəsi ilə müqayisə olunması düzgün deyil, çünki o, tamamilə fərqli, siyasi və hərbi proseslərin getdiyi bir vaxtda baş vermiş faciədir. Bu, hərbi təlim zamanı baş vermiş qəzadır, faciədir. Hər ikisinin helikopter qəzası olduğu üçün müqayisə edirlər, ancaq  tək oxşar cəhər odur ki, helikopter qəzasıdır. Həmin hadisələrin baş vermə səbəbləri eyni deyil, DSX rəhbəri açıqlamasında bildirdi ki, kənar müdaxilədən söhbət gedə bilməz".

 

Nəzrin Cavid

Tarix: 1 Dekabr 2021, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin