BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüfət Quliyev: “Deputatların maaşı bir o qədər də yüksək deyil, amma narazılığımız yoxdur”

Azərbaycanda Milli Məclisdə xidməti avtomobillər yalnız komitə sədrlərinə verilir. Deputatların maaşı məsələsinə gəlincə isə, postsovet ölkələri ilə müqayisədə, Azərbaycan millət vəkillərinin əmək haqqı səviyyəsinə görə, təxminən 3 və ya 4-cü yerdə qərarlaşıb.  Vətəndaşlar düşünürlər ki, deputatların aylıq gəlirinin hamısı vəzifə maaşıdır, lakin belə deyil. Həm də Qırğızıstandakı proseslərlə Azərbaycanı müqayisə etmək doğru deyil, çünki Qırğızıstanın iqtisadi durumu, xarici borcu Azərbaycanla müqayisə edilməməlidir. Azərbaycanda iqtisadi inkişaf tempi olduqda yüksəkdir.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

 

Deputat bildirib ki, deputatların aylıq gəlirlərinə ezamiyyət pulu və s. digər xərclər də daxildir: "Misal üçün, deputat bir nəfər köməkçi ilə parlament tərəfindən təmin edilir, amma digərinin ictimai əsaslarla işə qəbulu nəzərdə tutulur. İctimai əsaslarla isə heç kim işləmədiyi üçün həmin işçiyə də müəyyən məbləğdə maaş vermək lazım olur. İşçinin faydalı işləməsi üçün ona ay ərzində ən azı 500-600 manat maaş verilməlidir. Bundan başqa, müxtəlif ölkələrdən gələn qonaqları qarşılayırıq. Misal üçün, elə dünən Ukraynadan gələn nümayəndələri qarşılayıb, onları ölkədə qonaq etmişəm. Mən Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriyəm. Əlbəttə ki, qonaq gələndə onlara Azərbaycan kulinariyasına xas olan müxtəlif şirniyyatlar, Azərbaycan konyakı, çayı və s. pay veririk. Yəni, bütün bunların da xərcini özümüz çəkirik. Müəyyən məbləğdə vəsait ayrılsa da, yenə də xərclərimiz olur. Əlavə olaraq, Lənkəranın mərkəzində də ofisim və orda həftənin 5 günü vətəndaşları qəbul edən işçi var. İşçinin əmək haqqısı, kommunal xərclər və s. nəzərə alınmalıdır. Yəni, Milli Məclisin deputatlara təqdim etdiyi gəlirin tərkibində bütün bunlar da nəzərdə tutulub. Biz həmin gəlirdən bu istiqamətdə olan xərcləri də qarşılayırıq. Hesab edirəm ki, Azərbaycanda Milli Məclisin deputatlarının maaşı bir o qədər də yüksək deyil. Əlbəttə ki, biz narazı deyilik, həm dövlətimizin, həm də parlamentin bizə yaratdığı şəraitdən razıyıq. Müqayisə etmək lazımdırsa, gəlin, bu müqayisəni dövlət qurumlarında çalışan məmuların əmək haqqı məbləğinə əsasən aparaq. Bu, maraqlı müqayisə olardı. Dövlət qurumunda işləyən hansısa şöbə və yaxud da departament rəisinin avtomobili ilə millət vəkilininkini müqayisə edək. Mən sədrləri, nazirləri demirəm, bunu başa düşmək lazımdır. Amma dövlət qurumlarındaki digər şöbə və yaxud da departament müdirlərinin sayı bəlkə də 2-3 min nəfərdən də çoxdur, amma cəmi 125 deputat var. Mən, əlbəttə ki, dövlət qurumlarında çalışan sıravi işçiləri nəzərdə tutmuram. Bu, sadə analitikadır. İstənilən halda, dövlət tərəfindən təyin edilən maaş işin həcminə görə müəyyən edilir. Maaşlar özbaşına deyil, müvafiq qaydalara uyğun tənzimlənir".

 

Nəzrin Cavid

Tarix: 2 Dekabr 2021, 16:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin