BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ailədə son söz kişidə deyilsə, ailə olmaqdan söhbət gedə bilməz”

 

 

Cinayət hallarının artmasını təkzib etsək də, hər birimiz reallığı bilirik. Yaşadığımız toplumda bu hallar bizim üçün qəbuledilməz olsa da var və bu reallığı qulaqardına vurmaq çıxış yolu deyil. Zorakılıq, istimar, ailədaxili şiddət hallarında cinayəti törədən şəxs həbs edilir. Həbs həyatından sonra yenidən həmən cinayəti törədir. Bu hallara tez-tez rast gəlinir. Xüsusən də pedofiliya, cinsi qısnama kimi cinayətlərdə özümüzü övladımızı bu şəxslərdən necə qorumalıyıq? Bu problemlərin kökdən həll yolu varmı?

 

Müsahibimiz psixoloq Şəbnəm İslamlının sözlərinə görə: "Şəxs törətdiyi davranışın cinayət olduğunu qəbul etmirsə, onun psixoterapiya ilə dəyişimi çətindir"

 

-Şəbnəm xanım, cinsi zorakılıq deyəndə nələr nəzərdə tutulur?

 

Cinsi zorakılıq deyildiyi zaman çox vaxt fiziki təmasla gerçəkləşən bir durum ağla gəlir, halbuki bu, uşaqlarda fiziki təmas olmadan da, yəni uşaqla emosional münasibət yaratmaq (flört), onlarla cinsi mövzularda danışmaq, zarafatlaşmaq da cinsi zorakılıq hallarına aiddir.

 

Zərərçəkənlər (adətən uşaqlar) əksər hallarda zorakılıq törədən şəxsi yaxından tanıyırlar, bu da istismarın gerçəkliyini qavramağı və bu hadisəni valideynlərinə bildirməyi psixoloji olaraq çətinləşdirir. Uşaqlara qarşı cinsi zorakılıq 77% ailə üzvləri, 11% qohumlar, 5% kənar insanlar, 2% uşağa baxan insanlar tərəfindən törədilir (Ovayolu, 2007).

 

-Zərərverən şəxs psixoloji dəstək ilə yenidən cəmiyyətə qazandırıla bilərmi?  Şəxs eyni cinayəti ikinci dəfə təkrar edirsə, bunu xəstəlik və sendrom adlandıra bilərikmi?

 

Uşaqlara qarşı cinsi zorakılıq törədən şəxslərin xarakter xüsusiyyətlərinə diqqət yetirdiyimiz zaman görürük ki, onlar aşağı özünüqiymətləndirməyə sahib, gücünü göstərmə ehtiyacı duyan və davranışlarını idarə edə bilməkdə çətinlik çəkən, empatiya yarada bilməyən, adətən özləri də uşaq ikən istismar olunan, sıxıntılı bir uşaqlıq dövrü keçirən şəxslərdir. Eyni zamanda bu şəxslər ailə daxilində şiddətə məruz qalmış, valideynləri ilə sağlam bağ yarada bilməmiş, impulsiv davranışlarını idarə edə bilməyən uşaqlar olublar. Bu insanların sosial bacarıqlarına baxıldığı zaman şəxsiyyətlərarası münasibətlərində uğursuz, sosial fobiyalı, hətta özünü insanlardan təcrid edən, yaxın münasibətlərində problem yaşayan bir profilə sahib şəxslər olduğunu görürük, eləcə də bu şəxslərin çətinliklərlə mübarizə aparmaq qabiliyyətləri zəifdir. Cinsi zorakılıq cinayətlərinin tipologiyasına diqqət yetirildiyimiz zaman onların cinayəti planlamadan, impulsiv davranaraq cinsi doyum əldə etmək üçün zorakılıq törətdiklərini  görürük.

 

Şəxs törətdiyi davranışın cinayət olduğunu qəbul etmirsə, onun psixoterapiya ilə dəyişimi çətindir. Sadəcə olaraq həbs olunduqdan sonra "istəmədən oldu" demək, boynundan atmaq yenə də bir şeyi dəyişmir. Özündə bu təcavüzkar meyilləri hiss etdiyi zaman psixoloqa müraciət edən insan demək olar ki, yoxdur. Cinsi istismar edən şəxslərlə bağlı həbs cəzası kimi hüquqi tədbir görülməsi ilə yanaşı onların reabilitasiyadan da keçməsi faydalı ola bilir. Cinsi pozuntu hallarından əlavə, cinsi  zorakılıq törədən insanların reabilitasiya olunması ilə bağlı tədqiqatlar mövcuddur. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, reabilitasiya proqramından keçən şəxslərin yenidən cinayət törətmə riski bu proqramdan keçməyənlərlə müqayisədə daha azdır. Reabilitasiya proqramları xüsusən yeniyetməlik yaşında cinsi zorakılıq törədən şəxslərdə daha effektiv nəticə göstərə bilir.

 

Cinayətin təkrar törədilmə riskini artıran faktorlar arasında parafiliya, pedofiliya, antisosial şəxsiyyət pozuntusu və s.önəmli rol oynayır. Eləcə də uşaq və böyüklərə qarşı olunan cinsi zorakılığın motivlərinin fərqlər olduğu, yəni uşaqlara qarşı bu, impulsiv davranışlarla, böyüklərə qarşı isə güc və aqressiyanın ön planda olması ilə tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir.

 

Əksər ölkələrdə müxtəlif zorakılıq növləri törədən şəxslərlə həbsxanalarda psixoloji iş aparılmaqdadır. Amerika və Kanadada təkrar cinsi zorakılıq cinayətlərinin törədilməsindəki risk faktorları araşdırılaraq müəyyənləşdirilmişdir, həmin ölkələrdə cinsi zorakılıq törədən şəxslərin təkrar cinayət törətmə riskinə qarşı effektiv psixoloji müalicə metodları istifadə olunmaqdadır. Müxtəlif cinsi zorakılıq cinayətləri törətmiş şəxlərlə tətbiq olunan fərqli terapiya metodlarının uğurlu nəticələr verdiyi məlumdur (Greenfeld, 1997).

 

Koqnitiv davranış terapiyası ilə zorakılıq törədən şəxsin sosial bacarıqları mənimsəməsi, cinayətə səbəb olan koqnitiv strukturların yenidən qurulması cinayətin törədilməsi riskini azalda bilir.

 

-Uşaqları cinsi zorakılığa qarşı necə maarifləndirməliyik?

 

-İlk öncə böyüklər uşaqlarla necə davranmalıdır, bu mövzuları danışmaq lazımdır, çünki böyüklər (valideynlərlə, müəllimlərlə) maariflənmədən sadəcə uşağı hədəf alan tədbirlərin görülməsi nəticəsiz qalır. Uşaqla böyük arasında güc üzərinə qurulan bir münasibət varsa, söz haqqı daima böyükdə olan cəmiyyətdə uşaqlar ayrıca bir fərd olaraq qəbul olunmursa, uşağa "başqaları sənə toxunduğu zaman buna etiraz et" demək onun beynində bir çaşqınlıq yaradacaq. Uşaqlar kiçik yaşlarından öz sərhədlərini müəyyənləşdirilib bunu ifadə edirlər əslində, böyük insanlar isə davamlı olaraq uşaqların sərhədlərini pozurlar, istədikləri kimi uşaqlara toxunurlar, hətta uşaqlar öpüb-qucaqlanmaq istəməsə belə böyüklər küsürlər, lazımsız zarafatlar edirlər. Həmçinin də cəmiyyətdə uşaqlardan sorğu-sualsız, nə olursa olsun, böyüklərə qarşı heç bir etiraz etməyib itaət göstərmələri istənilir, bundan sonra isə uşağa həmin böyüklər sənə yaxınlaşdığı zaman "yox deməlisən" kimi fikirlər söylənilir, bu halda uşağın beynində yenə də çaşqınlıq yaranır, özünü müdafiə etməyi öyrənə bilmir. Digər tərəfdən də valideynlər və müəllimlər uşaqları inkişaf dövrlərinə uyğun olaraq cinsi mövzularda maarifləndirməli, uşaqların bədənlərini tanımasına, özlərini ifadə etməsinə imkan yaratmalıdırlar. Uşağın özünü sərbəst şəkildə ifadə etmə vərdişi ona görə vacibdir ki, təcavüzə cəhd və ya gerçəkləşmiş təcavüz halı olduğu zaman uşaq bunu qorxmadan valideyninə söyləyə bilsin. Bu durumda valideynin reaksiyası çox vacibdir, uşağına inanmalı, çox təşvişili davranmamalıdır ki, uşaq geri çəkilməsin, özünü ifadə etsin.

 

xxx

 

Müsahibimiz hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə: "Pedofiliya, cinsi zorakılıq törədən şəxsin həmin cinayəti yenidən törətməməsi üçün tək çıxış yolu onları ömürlük azadlıqdan məhrum etməkdir"

 

-Əkrəm bəy, Həbs həyatı yaşayan şəxs yenidən eyni cinayəti törədirsə, islah olunmaları üçün hansı hüquqi tənzimləmələr həyata keçirilməlidir ?

 

Əvvəla bu cinayətləri bir birindən ayırmaq lazımdır. Söhbət pedofiliyadan, təcavüzdən, seksual hərəkətlərdən gedir yoxsa məişət zorakılığından.  Ailə zəmnində, ər-arvad arasında olan problemlər tamamilə başqa haldır.

 

Hesab edirəm ki, pedofiliya, cinsi zorakılıq törədən şəxsin həmin cinayəti yenidən törətməməsi üçün tək çıxış yolu onları ömürlük azadlıqdan məhrum etməkdir.

 

Cinayət Məcəlləmizin ən böyük qüsurlarından biri bu cür əməlləri törədən şəxsləri müəyyən müddət ərzində azadlıqdan məhrum edib, yenidən azadllğa buraxmaqdır.

 

Bu şəxsləri islah etməyin yolu yoxdur. Onlar heç zaman etdikləri əməldən əl çəkməyəcəklər. Belə bir fakt hələ özünü doğrultmayıb. Azadlığa buraxıldıqdan sonra etdikləri əməllər bilinəcək ya yox bu da müəmmalıdır.  Belə cinayətlərdə islah olunmaqdan söhbət gedə bilməz. Xəstədir, çətin uşaqlıq dövrü yaşayıb, qadınlar onunla pis rəftar edib bu səbəblərin heç biri onu etdiyi əməlin cəzasından yayındıra bilməz.

 

-Ailə-məişət zorakılığının aradan qaldırılması üçün hansı cəza tədbirləri görülməlidir ?

 

Məişət zorakılığı zamanı adətən ər arvadına qarşı zorakılıq törədir. Son zamanlar əksi olduğu hallara da rast gəlinir. Boşanma sayları çoxalıb. Bu məsələ digərlərindən tamamilə fərqlidir. Söhbət fiziki şiddətdən gedir. Problem ciddi təbliğat tələb edən problemlərdən biridir. Ən əsas səbəblərdən biri Azərbaycanda ailə daxilində kişilərin rolunun zəifləməsidir. Burada kütləvi informasiya vasitələrinin xüsusən də serialların, filmlərin rolu böyükdür. Güya ki, müasirləşirik, qərbləşirik. Nəticədə ailə insitutu zəifləyir. Kişilər özlərini ailədə əvvəlki qədər güclü hiss etmirlər, qadınlar da onlara  əvvəlki kimi hörmət qoymur. Belə olan halda kişilər, qadınlarla müqayisədə ən böyük üstünlüklərindən istifadə etməyə başlayırlar. Yəni, fiziki gücdən. Bu yolverilməz haldır ancaq birmənalı olaraq kişilərin günahı deyil. Kişilər özlərini ailə başçısı kimi hesab etmir, qadınlar çox tələbkar davranır.

 

Gender bərabərliyi mövzusunda istənilən qədər danışmaq olar ancaq ailədə başçı olmalıdır. İstər dövlət strukturu istər təşkilatlarda sadəcə bir rəhbər olur. Əgər yoxdursa, ailə dağılır. Ailədə son söz kişidə deyilsə və müasir kütləvi mədəniyyət bunu tələb edirsə ailə olmaqdan söhbət gedə bilməz. Belə olan halda kişi özünü sınmış, alçalmış hesab edir. Bu problemlərlə rastlaşan istənilən qədər insan var.

 

Hər bir halda iki tərəfdə də günah var. Bu problemi sadəcə təbliğatla həll etmək lazımdır ki, ailə institutunu qoruyub saxlaya bilək. Tarazlıq pozulduqda isə zorakılıq halları baş verir. Məişət zorakılığına görə kişilərin azadlıqdan məhrum edilməsinin əleyhinəyəm. Təbii ki, söhbət qadının həyatı təhlükəsinin mövcudluğundan getmir. Güc strukturları bu məsələdə daha çevik və incə davranmalıdır.

 

-Təhsil müəssisələrində uşaqları  zorakılıq və.s cinayət əməlləri haqqında maarifləndirmək bu tip halların qarşısının alınmasında effektiv ola bilərmi?

 

Ümumiyyətlə bütün orta təhsil müəssisələrində uşaqların bu cinayətlərə qarşı maarifləndirilməsi çox vacibdir.

 

Olaylar.az

Tarix: 3 Dekabr 2021, 07:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin