BURADA REKLAMINIZ OLA
BİLƏR

Təkbaşına mübarizə aparan xalq...

Çinin təhlükəsizlik xidməti fəal uyğurları həm ölkə daxilində, həm də ölkə xaricidə təqib edir. Böyük Britaniyanın “The Guardian” qəzetində yayımlanan məqalədə Çin xəfiyyəsinin uyğurların deportasiyasına nail olmaq üçün müxtəlif ölkələrdəki fəaliyyətini genişləndirdiyinə dair geniş məqalə yayımlanıb. Fəal uyğurlar hər yerdə izlənilirlər.

Bu vəziyyətdə uyğurlar özlərini qorumaq və beynəlxalq aləmdən dəstək axtarmaq məcburiyyətindədirlər. Fəal uyğurlar bu məqsədlə Beynəlxalq Cinayət Məhkəməsinə müraciət ediblər. Məqsəd məhkəmənin Çin hakimiyyətinin insanlıq əleyhinə cinayətlərini, soyqırımı siyasətini araşdırmasıdır.

Pekinin xaricdəki uyğurları necə ram etməyə çalışır?

Birincisi, Çin xəfiyyələri ayrı-ayrı ölkələrə ezam olunaraq uyğurları inandırmağa çalışırlar ki, geri qayıtmalarında problem yoxdur, təqib olunmayacaqlar. Onları dinləyən uyğurlar geri qayıtmaq istəmədikdə, Çin xəfiyyələri həmin uyğurların Çindəki qohumlarını nəzarətə götürəcəkləri ilə hədələyirlər. Nəticədə bəzi uyğurlar qohumlarına əzab verilməsin deyə Çinə qayıdır, digərləri isə yaşadıqları və siyasi sığınacaq aldıqları ölkərdə mübarizələrini davam etdirirlər. Geri qayıdanlar Çinə ayaq basan kimi aldandıqlarını anlayırlar. Həmin uyğunlar Çinə ayaq basan kimi nəzarət altına alınır, sorğu-sual edilirlər.

İkincisi, Çin xəfiyyələri müxtəlif ölkələrdə yaşayan uyğurlar arasında fikir ixtilafı yaratmağa çalışırlar. Çin xəfiyyələrinin pulla ələ aldıqları uyğurlara da rast gəlinir. Məsələ burasındadır ki, uyğurların siyasi sığınacaq aldıqları ölkələrdə miqrant həyatı ağırdır, maliyyə çatışmır. Belə durumda Çin xəfiyyələri pulla uyğurların bir qismini ələ almağa çalışır ki, onlara işləsinlər.

Buna baxmayaraq, müxtəlif ölkələrdə siyasi sığınacaq tapan uyğurların əksəriyyəti əzab-əziyyətə qatlanaraq və Çin xəfiyyələrinin hədələrinə sinə gərərək mübarizələrini davam etdirirlər. Bu mübarizədə onların uğursuzluqları da olur. Misal üçün Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi ilkin mərhələdə uyğurların şikayələrinı qəbul etməyib. Məsələ burasındadır ki, Çin Beynəlxalq Cinayət Məhkəməsi ilə müqavilə bağlamadığına görə bu məhkəmənin yurisdiksiyasından kənardadır. Ancaq mühacirətdə fəaliyyət göstərən Şərqi Türküstan hökuməti və Şərqi Türküstan Milli Oyanış Hərəkatı Haaqaya yeni sənədlər təqdim ediblər. Bu sənədlər Çin rejiminin uyğurlara qarşı həyata keçirdiyi zorakılıq hallarıyla bağlı konkret sübutlar əks olunub. Həmin sənədlərdə içgəncəyə məruz qalmış uyğurların ifadələri də yer alıb.

Uyğurlar dünyanın müxtəlif ölkələrinə yayılıblar. Çin özünün iqtisadi gücü və yatırımları hesabına bir çox ölkəyə yol açıb. Pekin bu siyasətin davamı kimi yatırım qoyduğu ölkələri siyasi şərtlərini də diqtə etməyə başlayıb. Bunlardan biri uyğurların həmin ölkələrdən Çinə məcburi deportasiyalarının təmin edilməsidir. Əlbəttə, bir çox ölkə Çinin uyğurların deportasiyası tələbini rədd edib. Ancaq elə ölkələr də var ki, Çindən iqtisadi asılılıq onları Pekinin siyasi tələblərini yerinə yetirməyə sürükləyib. Bu zaman həmin ölkələrdəki uyğurların çətin günləri başlayıb.

Bu arada, Avropa İttifaqı uyğurlara əzab verən çinli məmurların siyahısını tərtib edib. Siyahıda işkəncələrdə adı hallanan çinli məmurlara qarşı sanksiyalar tətbiq olunacaq. Pekin Brüsselin bu addımına qarşı Avropa İttifaqı ilə investisiyalar haqqında sənədi ratifikasiya etməyəcəyini bəyan edib.

“Atlas” Araşdırmalar Mərkəzi

Tarix: 3 Dekabr 2021, 20:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin