BURADA REKLAMINIZ OLA
BİLƏR

"Üç ildir ki, qızımın üzünü görə bilmirəm, o dəyişibmi?" - Gözdən əlil qadın

İlk baxışdan onun görmə qabiliyyətinin olmaması heç də bəlli deyil: söhbət zamanı gözlərini gözlərimə doğru istiqamətləndirib, əminliklə davranır.

Öz evində rahatlıqla hərəkət edir - məharətlə, səliqə ilə fincanları çıxarır, dolabları açır, rəfin üstündəki şüşələri seçib ayırır, lazım olanı götürüb hazırladığı xörəyə əlavə edir.

"Evdəki cavan qızlara (qızı və xalası qızı) etibar etmirəm, - gülümsəyərək deyir, amma səsindən narahatlıq bilinir, - birdən nəsə olar, öhdəsindən gəlməzlər? Elə bilirəm ki, uşaqdılar. Ən böyük problemim elə budur ki, tam güvənə bilmirəm".

Günay xanımın otuz doqquz yaşı var və son üç il ərzində o, görmə qabiliyyətini tamamilə itirib.

"Çoxu mənə sual verir: "Günay, necə uyğunlaşdın, bu mühitə, qaranlığa necə alışdın?" Bilirsiniz, bu xəstəlik məndə uzun illər sürürdü. Universitetə daxil olanda, bu başlandı və mən artıq bilirdim, bunun gedişatı nədir, axırı nə olacaq.

Məcburiyyət qarşısında işdən də çıxdım. Hüquqşünas idim, yaxşı karyera qura bilərdim, amma gözümə görə işin öhdəsindən gəlməyə bilərdim. Hər dörd aydan bir mən uzunmüddətli müalicə almalı idim, nə qədər işdən icazə ala bilərdim? Xəstəlik mənə heç imkan vermirdi ki, gözümü açım.

Neçə ağrılı əməliyyat keçdim ki, bəlkə bir az görərəm. Bir günə iyirmiyə yaxın iynə vurulurdu, çoxu da gözümə. Düzdür, müalicə yaxşı təsir edirdi, nə qədər görmə imkanım saxlandı, rahat şəkildə görürdüm.

Bir gün növbəti prosedur üçün getdım xəstəxanaya. Sarıq otağında yanımda hərbi geyimli bir nəfər oturmuşdu, o da iynə üçün növbəsini gözləyirdi. Həkim, onu göstərərək tibb bacısına dedi: "Qızım, o yoldaşın iynəsinə novokaini az vurarsan".

Təəccüb qaldım, soruşdum: "Niyə az vurulmalıdır ki?". Həkim cavab verdi ki, ağrıkəsicilər iynənin tərkibini, təsirini azaldır". Bunu eşidərkən mən qətiyyətlə bəyan etdim: "Mənə iynəni ümumiyyətlə, novokainsız vurarsınız!"

Həkimlər bilir: gözə vurulan iynəni ağrıkəsici ilə vurmaq lazımdır, əks halda xəstə şok vəziyyətinə düşə bilər. Amma mən ciddi idim.

O ağrılara dözməyə başladım. Hətta hərdənbir həkimlər ətrafıma yığışıb soruşurdular: "Buna necə dözürsən? Qızım, belə olmaz, bir təhər olarsan, başına bir iş gələr!"

Amma vəziyyətim o həddə çatmışdı ki, həkimlərlə sərt danışmalı olurdum. İynədən çıxandan sonra başımda elə bərk ağrılar olurdu, düşünürdüm ki, indi öləcəm.

Məni yandıran bilirsiniz, nədir? Mən o ağrılara dözdüm, dözdüm, amma sonda yenə də görmürəm.

Gördüm ki - avqust ayı idi, bağda oturmuşdum, indi də yadımdadır - telefonda rəfiqəmə ismarıc yaza bilmirəm. Halbuki özümə böyük telefon almışdım ki, hərfləri böyüdə bilim, o vaxt təzə çıxmışdı.

Dedim: hə, bitdi, mən görə bilməyəcəm. Hələ o zaman, telefonda yaza bilməsəm də, rahat gəzirdim, yanvarın onuna kimi. Yanvarın onunda görməm tamamilə getdi.

Həmin il anam uzun çəkən xəstəlikdən sonra rəhmətə getdi. Ona həddindən artıq bağlı idim, çox ağlamışdım. Bu xəstəlikdə isə ağlamaq, həyəcanlanmaq, stress keçirmək heç də məsləhət deyil. İnsan sakit həyat tərzi yaşamalıdır".

"Gərək sən müğənni olardın!"

"Görmə qabiliyyətimi itirəndə mən Gözdən əlillər cəmiyyətinə gəldim, - Günay xanım danışır, - o vaxta kimi belə bir təşkilatdan heç bir xəbərim yox idi, təbii ki, heç maraqlanmamışdım.

Öyrəndim ki, gözdən əlillər nəinki xüsusi məktəbdə, hətta ali təhsil ocaqlarında da oxuya bilirlər. Gözdən əlillər cəmiyyətinin imtahana hazırlaşmaq üçün zəngin audio yazılarla dolu kitabxanası var. O kitabları oxuma qabiliyyəti yaxşı olan könüllü qızlar, tələbələr səsləndirir.

Mən özüm Birinci Tibb Kollecinə Tibb bacısı fakultəsinin nəzdində birinci və ikinci qrup gözdən əlil olan insanlar üçün tibbi və bərpa masajı fakültəsinə daxil olmağa hazırlaşırdım.

Öncədən atama, həyat yoldaşıma bu barədə dedim. Əvvəlcə razılaşmadılar. Atamın ilk sözü: "Nə? Sən hüquqşünas adamsan, texnikum nədir? masaj nədir? Qətiyyən yox!" oldu.

Amma sonda onların da razılığını aldım. Başa saldım ki, bu ciddi müəssisədir, tibb texnikumudur, və onu bitirib mən diplomumla istənilən tibb müəssisəsində iş ala bilərəm. Düşünürdüm: özüm hazırlaşaram, amma imtahan barədə ailəmə heç nə demərəm, birdən alınmaz, kəsilərəm?

Düzdür, gözdən əlil insan imtahan vermək üçün yanında mütləq nəzarətçi olmalıdır. O, mənə imtahanda sualları oxuyub, variantları deyirdi ki, mən düzgünü seçim.

Görən insan üçün sonradan görmə qabiliyyətinin itməsi çox ağır olur. Bizi əhatə edən dünya haqqında təsvirimizin 95 faizini biz gözlərimizdən alırıq. Göz yaddaşı məndə daha güclü idi.

Eşitmə yaddaşım heç yox idi. Mən də qarşıma digər hissiyat orqanlarımı daha inkisaf etdirmək üçün, onların funksiyasını genişləndirmək üçün məqsəd qoydum. Səslə hər şeyi dərk etməyə başladım. Xanım mənə sualları oxuduqca xahiş edirdim ki, ikinci, üçüncü dəfə oxusun.

Özüm də Brayl əlifbası ilə oxumağı və yazmağı öyrəndim. Yazı aləti kimi xüsusi dəmir lövhə var. Onun üzərində altı nöqtəli formlar var. Qrifer adlı alətlə istənilən hərfi xüsusi qaydada lövhə üzərinə vuraraq kağıza keçirtmək və sonra oxumaq olar.

Amma mənim üçün bu, çox çətindir, düşündüm ki, bu yaşımda buna vaxt sərf etməyim. Bəlkə, anadangəlmə gözdən əlil olan insanlar daha tez öyrəşir, mənsə əslində o qədər ehtiyac da duymadım: şükür allaha, indi texnika o qədər inkişaf edib ki, bütün elektron vasitələrin - kompüterin, telefonun - səs proqramları var.

Düzdür, özüm heç bir musiqi alətində ifa etmirəm, oxumağı daha çox sevirəm, hətta yoldaşım zarafatla hərdən mənə deyir: "Gərək sən müğənni olardın!"- bu sözləri deyərkən Günay xanım gülür.

"Anam musiqiyə çox bağlı idi. Bəlkə bu onun şuşalı olmağından irəli gəlirdi. Çox alicənab, qabiliyyətli, əsl Azərbaycan xanımı idi.

Anam tez-tez bizi teatra aparırdı. Uşaqlıqdan gözümüzü açarkən özümüzü teatrlarda görmüşük. O sevgi bizdə o vaxtdan yaranıb.

Hətta anam rəhmətə gedəndə - mən o vaxt növbəti əməliyyatımdan çıxmışdım - biz teatra gedirdik. İncəsənət gimnaziyasında oxuyan xalam qızı mənə "ƏSA" - əlilliyi olan aktyorlardan ibarət teatrdan danışdı. Fikirləşdim: "Görəsən, məni ora işə götürərlər?". Teatrın bədii rəhbərləri ilə əlaqə saxlayıb görüş təyin etdik.

İndi mən məşqlərə gedib roluma hazırlaşıram. Bu işi peşəkar kimi bilməsəm də, çox sevirəm. Teatrın heyəti çox istedadlıdır".

"Ən dəhşətlisi qızımın üzünü görməməyimdir"

"Üç il keçib, mən görmürəm. Hətta bir zaman televiziyanın ATV kanalında "Zərif qəhrəman verilişində də iştirak eləmişəm. Bir dəfə taksidə gedirdim, sürücü mənə dönüb soruçdu: "Siz "Zərif qəhrəman"dakı xanım deyilsiz?" Dedim: "Bəli mənəm". "Ailəmlə neçə gün anonsa baxıb sizin verilişinizi o qədər gözləmişik ki! Anam sizi çox istəyir", - dedi.

Hərdən yaşlı insanlar da, analar, bacılar küçədə yaxınlaşıb deyir: "Günay xanım, allaha dua edirik ki, görəsiniz!" Onlar mənə o qədər xoş təəssürat bağışlayır ki.

Hətta bu yaxınlarda bir qadın yaxınlaşdı mənə, qucaqladı, elə ağladı ki. Dayanıb deyirəm ki, ağlamayın, mən yaxşıyam, vallah, yaxşıyam, nə olub ki, gözüm görmür?"... Bilirsiniz, bizim millətdən yoxdur. O qədər gözəl insanlar var.

Sağ gözümlə bir azca işığı seçirəm. O gözümdə hələ katarakta da var. Düşünürəm, bəlkə əməliyyat eləsəm, heç olmasa bir az görərəm?

Həkimə deyirəm, lütfən, bəlkə əməliyyat edərsiz, axı mən də insanam, mən də görmək istəyirəm. Təəssüf ki, şanslar əlli əlliyədir. Əslində bu ehtimal da mənim üçün çox böyükdür. Əsasən teatra getdikdən sonra bu barədə daha çox fikirləşirəm.

Mənim çox arzularım, planlarım yarımçıq qaldı. Ən dəhşətlisi mənim üçün qızımın üzünü görməməyimdir.

Hərdən oturub düşünürəm: o böyüyüb, üç ildir ki, mən onun cizgilərini görmürəm. O, dəyişilibdir, necə dəyişilib? Hərdən o yatanda onun üzünə toxunuram, bilmək istəyirəm... İstəmirəm, bilsin... Bax, ən qorxulu budur mənimçün.

Amma hər-halda mən şükr edirəm ki, mənim əlim-ayağım var, ağlım var, çox gözəl ailəm var, köməyimdir, dayağımdır, yaxşı dostlar qazandım.

Həyatımı öz axarına buraxmışam. Çətinliyə düşmüşəm və bu çətinlikdə mən özümə bir yol tapmağa çalışıram. İşlər hələ qarşıdadır".

BBC

Tarix: 4 Dekabr 2021, 07:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin