BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda da vaksin olunmayanlar cərimələnəcək? - AÇIQLAMA

Koronavirusun “Omikron” ştammının dünyada yayılması vaksinasiya prosesinin daha da sürətlə aparılmasını aktual edib. Bəzi ölkələr hətta sərt qaydalar tətbiq etməyə qərar verib.

 

Misal üçün, Yunanıstanda 60 yaşdan yuxarı insanlar məcburi şəkildə peyvənd edilməlidir, əks halda onlar aylıq 100 avro cərimə olunacaqlar. Bunu Yunanıstan Baş naziri Kiriakos Mitsotakis deyib. Avstriyada da analoji qanun hazırlanır. Gələn ilin fevralından tətbiq ediləcək. Peyvənd olunmayanlar 3600 avro  cərimələnəcək, cərimədən imtinaya görə isə 4 aylıq həbs nəzərdə tutulur.

 

Azərbaycanda da belə qanunun qəbulu mümkündürmü? Bəs, belə qərarlar nə dərəcədə insan haqlarına uyğundur? Cərimələnən şəxs tutaq ki, Avropa Məhkəməsinə müraciət eləsə, dövlətin özü cərimələnə bilərmi? Məsələ ilə bağlı hüquqşünas Əfsər Sadıqov “Yeni Müsavat” a şərh edib: “Bu proses tibbi mövzu olduğu üçün beynəlxalq aktlarda ”Oviedo" Konvensiyası əsasında tənzimlənir. Həmin Konvensiya 1997-ci ildə İspaniyada qəbul olunub. Qısaldılmış adı isə Tibbi Texnologilayaların Tətbiqi və İnsan Hüquqları Haqqında Konvensiyadır. Konvensiyanın 4 protokolu qəbul olunub. Protokollardan biri insan sağlamlığı ilə bağlı testin keçirilməsi haqqındadır. O protokolda da qeyd olunur ki, tibb nəticələri təsdiqlənməmiş, yəni konkret olaraq tərkibi müəyyən olunmamış hər hansı bir sınağın, təcrübənin keçirilməsi qadağandır. Belə bir norma mövcuddur. Bu anlamda hər hansı bir testin insan üzərində aparılması da əxlaqi dəyər sayılmır.

 

Bu anlamda, əlbəttə ki, qəbul olunmayan məsələdir. Amma yenə də publik qaydalar, dəyərlər var. O halda fərdi hüquqlar publik maraqlara, milli təhlükəsizliyə tabe olmalıdır. Bununla bağlı da ümumi qayda var. Biz konkret deyə bilmirik ki, o vaksinin tərkibi nədir, tərkibində hansı elementlər var. Bu, hələ də açıqlanmayıb. Hətta bu yaxınlarda Türkiyənin Rifah Partiyasının sədri Fatih Ərbakan deyib ki, vaksinlərin tərkibini yoxlayıblar. Məlum olub ki, insanlara vurulması qadağan olan tərkibi  var. O qeyd edib ki, bu insan hüquqlarının pozulmasıdır. Belə faktlar çoxdur, akademiklər də bununla bağlı çıxışlar ediblər. Yəni vaksinin tərkibini tam bilmədən insana vurulması insan hüquqlarının pozulması sayılır.

 

Bir tərəfdən bizim də qanunumuz var. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında 2003-cü il Konstitusiya qanunu var. O qanunda da göstərilir ki, insan hüquqlarının məhdudlaşdırılması ancaq qanun əsasında tənzimlənməlidir. Qanunda da göstərilir ki, milli təhlükəsizlik maraqları tələb etdikdə bütün hüquqlar qanun əsasında məhdudlaşdırıla bilər. Doğurdan da, bu vaksinin tərkibinin insan hüquq və azadlıqlarının, sağlamlığın qorunmasına uyğundursa, bu, tətbiq oluna bilər. Mən də bununla bağlı bir söz deyə bilmirəm, çünki tərkibində nədir bilinmir. Bu məsələ insanların öz təşəbbüsünə buraxılır, hətta bəzi ölkələrdə vaksin vurmaqla bağlı təşviqedici tədbirlər həyata keçirilir, qadağanedici deyil.

 

Misal üçün, müəyyən məbləğlərin verilməsi ilə, yaxud mükafatlar verilməsi ilə insanlar vaksinasiyaya cəlb edilir. Həmin ölkələr özləri də bilirlər ki, vaksinin nəticəsi tam təsdiqlənmədiyi üçün məcburiyyət (vaksinlərin nəticəsi 3 ilə təsdiqlənə bilir) olmamalıdır. İkinci vaksinin vurulması üçün il yarım keçməlidir, belə bir tələb var. Bu məsələlər qeyri-müəyyən olduğu üçün Avropa İnsan Hüquqları Məhkəməsi öz yuridiksiya sahibliyini göstərməyib. Avropa İnsan Hüquqları Məhkəməsi tibbi məsələlərin tənzimlənməsində dövlətlərin yuridiksiyasını əsas sayır. Bu məsələdə həlledici mövqe bildirməyib.  Təəssüf ki, belə bir qeyri-müəyyənlik var".

 

Bununla belə, artıq koronavirusun “Omikron” variantı getdikcə daha geniş arealı əhatə etməyə başlayıb. Yeni virus variantı aşkar olunan ölkələrdə yoluxma sayı bir-neçə adamda aşkar olunurdusa, indi bu say çoxalmağa başlayıb. Məsələn, Cənubi Afrikada yoluxma halları kəskin artıb. Ölkənin İnfeksion Xəstəliklər üzrə Milli İnstitutunun həkimi Mişel Qrumun sözlərinə görə, son iki həftə ərzində yeddi günlük orta sutkalıq yoluxma hallarının sayı 300-dən 3,5 minə yüksəlib. Yeni virus variantının mutasiyaya uğramaq qabiliyyətinə görə ekspertlər yeni vaksinə ehtiyacın olduğunu elan ediblər. O səbəbdən də vaksin hazırlayan bir neçə şirkət “Omikron” ştammına qarşı yeni peyvənd yaradacaqları barədə məlumat veriblər. Məsələn, peyvənd istehsalçısı “Moderna” yeni ştamma qarşı vaksin hazırlanmasına başladıqlarını elan edib. “Moderna”nın tibb üzrə baş direktor müavini Pol Berton deyib ki, hazırda istifadə olunan peyvəndlərin yeni varianta qarşı təsirini yaxın həftələrdə öyrənəcəklər: “Əgər yeni vaksin hazırlamalı olsaq, 2022-ci ilin əvvəlində onu böyük həcmdə istehsal edə bilərik”.

 

Uğur Şahin və Özlem Türecinin şirkəti “BioNTech” də bu variantla bağlı açıqlama verib. Şirkətin sözçüsü qeyd edib ki, “Pfizer” və “BioNTech” aylar əvvəl mRNT peyvəndlərini 6 həftə ərzində yeni mutasiyalara qarşı uyğunlaşdırmaq üçün işə başlayıb. Yeni mutasiyalara qarşı ilk peyvəndlər 100 gün ərzində istifadəyə hazır olacaq. “Johnson & Johnson” da,  peyvəndlərinin “Omikron” variantına qarşı təsirini ölçməyə başladıqlarını deyiblər. Türkiyədə də istifadə edilən Çin peyvənd istehsalçısı “Sinovac” da lazımi məlumatlar alındıqdan sonra “Omikron” variantına qarşı peyvənd hazırlayacaqlarını bildiriblər. Göründüyü kimi, virusun yeni ştammı bütün ölkələri təşvişə salıb, təcili vaksinlərin hazırlanmasına başlanılıb. Bununla belə, həmin vaksinlərin hazırlanması, onların mərhələli şəkildə sınaqdan keçirilməsi müəyyən vaxt tələb edir. Bu vaxta kimi isə virusun daha da artması qaçılmazdır...

 

Bizimlə söhbətdə infeksionist Vüqar Cavadzadə bildirib ki, koronovirusun yeni ştammları olacaq və bununla bağlı təlaş yaratmağa əsas yoxdur: “Bu, mikroorqanizmin bioloji xüsusiyyətləridir, artıb-çoxalmaq, mutasiyaya uğramaq, burada qeyri-adi bir şey yoxdur. Bu mutasiyaya uğrayacaq, yüzlərlə, minlərlə növ əmələ gələcək. Necə ki, əmələ gəlib. Sadəcə olaraq cəmiyyət üçün nisbətən diqqəti cəlb edən ştammlar əmələ gəlib. Məsələn, ”Omikron" ştammı daha çox nəzərə çarpır, yoluxuculuq xüsusiyyəti daha çoxdur. Deyilir ki, “Delta”dan daha da yoluxucudur və bu daha çox genetik mutasiyaya məruz qalıb. İnsanda ikinci, üçüncü dəfə yoluxma halları müşahidə edilə bilər. Hələ ki, pandemiya davam edir, indiyə qədər tətbiq edilən tədbirlər yenə davam etdiriləcək. Ölkəmizdə də üç dəfə sərt karantin tətbiq edilib, hər dəfə də xəstələnənlərin sayı azalıb, sərt karantin tədbirləri yumşalan kimi yoluxma yenidən artıb. Ona görə də qabaqlayıcı tədbirlər davam etdirilməlidir. Sərt karantin tədbirlərinin olması real görünmür, buna gərək də yoxdur".

 

İnfeksionist Mərdan Əliyev isə qeyd edib ki, “Omikron” variantının spayk proteinində mutasiyalar baş verib: “Spayk proteini həm virusun yoluxduruculuq qabiliyyətinə cavabdehdir, həm də vaksinlər spayk proteinə görə hazırlanır. Belə olan halda virusun yoluxudurucu qabiliyyətində artım, ya da azalma qeydə alınmalıdır. ”Omikron" variantında yeni mutasiyalar spayk proteininə bağlı olduğu üçün klinik gedişində və simptomlarda elə bir dəyişiklik yoxdur. Amma bizdə olan məlumata görə, xəstəlik “Delta” ştammından daha yüngüldür. Bütün bu məlumatlar Cənubi Afrikadan gələn informasiyalar əsasında əldə olunur. Onların verdiyi məlumata görə, bu virus yalnız peyvənd olunmayan şəxslərdə müşahidə edilib və “Delta” ştammından daha yüngül keçib. Təbii ki, ölkədən-ölkəyə, müəyyən coğrafi mövqedən asılı olaraq dəyişilir. Misal üçün, ola bilsin orada yüngül keçən virus, bizdə daha ağır keçə bilər. Amma ümumi “Delta” ştammından yüngül keçdiyi məlumdur. Bu da ümid verir ki, bu ştammın ölkəmizdə aşkarlanarsa, daha yüngül forması olar".

 

Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev də fikir bildirib: “Hazırda əlimizdə olan ən yaxşı profilaktika peyvənddir. İndi peyvəndi vurdurmaqdan başqa çarə qalmır. Hazırda yeni ştammların yaranması ilə bağlı belə narahatedici amillər ortaya çıxıb. Hər halda o ölkələrdə qanunun qəbul olunması buna görə düşünülür, çünki yeni ştammlar əmələ gəlir, yoluxdurucu qabiliyyəti yüksək olur. Ümumi götürəndə xəstələnib, yoluxub-sağalanların sayı da kifayət qədər çoxdur. Artıq peyvənd olunanların sayı da kifayət qədər çoxdur. Demək olar ki,  peyvənd olunmamış, xəstəliyi keçirməmiş insan qalmayıb. İmmuniteti olmayan şəxslər azdır.

 

Bəlkə həmin ölkələrdə statistik məlumatlar var, misal üçün, o yaş qrupunda bilirlər ki, peyvənd olunanların sayı kəskin azdır. Peyvəndlənmənin  sayına baxmaq lazımdır. Bəlkə bununla bağlı məcbur olaraq belə qərar qəbul olunur. Amma bu qərarın qəbul olunması təbii ki, insan hüquqlarının pozulmasıdır. Açığı Avropa ölkələrində belə bir qərarın olacağı inandırıcı deyil. Amma bəlkə bu qərarın hansısa bir detalları var. O detallarda müəyyən məqamlar nəzərdə tutulub. Elə şəxslər var ki, tibbi baxımdan onları peyvənd etmək olmaz. Bunlar xüsusi, güclü allergiyası olanlardır. Ciddi bronxial-astma xəstələri olanlar və hazırda kəskin xəstəliyi olanlar var ki, bu şəxslərə peyvənd vurmaq olmaz. Ona görə bunlar mütləq nəzərə alınmalıdır. Və bu kimi səbəblərə görə insanları vaksinasiyaya məcbur etmək olmaz".

Tarix: 4 Dekabr 2021, 09:42   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin