BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Media haqqında məsələləri tənzimləməliyik ki, qanun pozuntusu baş verdikdə cəzalandırma üçün əsasımız olsun”

“Media haqqında” qanun layihəsinin hazırlanması zərurətdən irəli gəlir. Qanun layihəsi ilə bağlı rəylərlə tanış oluram və görürəm ki, bəzi hallarda sənədlə yaxından tanış olmadan belə kəskin fikirlər səsləndirilir. Ümumiyyətlə bu gün medianın düzgün istiqamətlənməsi dünya ölkələrinin də diqqətindədir. Hesab edirəm ki, bu, çox vacib məsələdir və mütləq həllini tapmalıdır. Biz reallıqları nəzərə alaraq media haqqında məsələləri qanunla tənzimləməliyik ki, sonra qanun pozuntusu baş verdikdə həmin şəxsin cəzalandırılması üçün əsasımız olsun.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov "Media haqqında" qanun layihəsi barədə danışarkən deyib.

 

Parlament üzvü bildirib ki, qanun layihəsi ictimai müzakirəyə çıxarılıb və mediada paylaşılıb: "Yəni, bu, zərurətdən irəli gələn məsələdir. Təəssüflər olsun ki, biz bu gün "media azadlığı" çətiri altında bir sıra çirkin əməllərin həyata keçirilməsi cəhdləri ilə qarşılaşırıq. Bu, çox ciddi problemdir. Təkcə Azərbaycanda deyil, qardaş Türkiyə və bir sıra başqa ölkələrdə də bu kimi problemlərlə ciddi mübarizə aparılır. Unutmaq olmaz ki, bəzi xarici güclər, müxtəlif beynəlxalq təşkilatlar mediadan məharətlə istifadə edərək ölkələrin daxili işlərinə qarışa bilirlər. Bu, müəyyən ölkələrdə sabitliyi pozmaq cəhdləridir. İstənilən halda, qanun layihəsi hər kəsin müzakirəsi üçün təqdim olunub və vətəndaşlar qərəzsiz şəkildə həmin sənədə münasibət bildirə bilərlər. Hesab edirəm ki, tələsmək lazım deyil. Hər kəs fikrini bildirə və buna uyğun olaraq müvafiq addımlar atıla bilər".

 

Nəzrin Cavid

Tarix: 13 Dekabr 2021, 11:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin