BURADA REKLAMINIZ OLA
BİLƏR

“Brüssel görüşündə indiyə qədər əldə edilmiş razılaşmaların icrasının təminatı ilə bağlı mövqe ortaya qoyula bilər” - RƏY

"Brüssel görüşündə indiyədək icra edilməmiş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı razılığa gəlinməsi ehtimal edilir. Hesab edirəm ki, görüş Ermənistanın bir sıra məsələlərin həlli üçün müəyyən addımlar atmasına səbəb olacaq".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bu gün keçirilməsi planlaşdırılan Brüssel görüşü barədə danışarkən deyib.

 

 

Deputat bildirib ki, Brüssel görüşündən əsas gözlənti digər sənədlərin icrasının təminatçısı olmasıdır: "Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 9-10-na planlaşdırılan görüşdən imtina etdi, üstəlik, noyabrın 16-da yeni hərbi aventüraya imza ataraq "dəmir yumruğ"u gördü. Bunun ardınca isə, dekabrın 15-də baş tutması planlaşdırılan Brüssel görüşü təklifini dərhal qəbul etdi. Bu, əlbəttə ki, Rusiyanın xoşuna gələn davranış deyildi, çünki Paşinyan Moskvanın təklifini rədd etdiyi halda Brüssel görüşünə razılıq vermişdi. Ona görə də Rusiyanın noyabrın 26-na təşkil etdiyi Soçi görüşünə Nikol Paşinyan ayağını sürüyə-sürüyə olsa da, getməyə məcbur oldu. Soçi görüşü Azərbaycan diplomatiyasının növbəti uğuru idi, çünki həm dəhliz, həm sərhədlərin müəyyənləşdirilməsi, həm də humanitar məsələlərlə bağlı Azərbaycanın mövqeyini orada əksini tapmışdı. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması görüşün prioritet məsələlərindən biri idi. Üstündən cəmi 2 həftə keçməsinə baxmayaraq, Ermənistan Soçi görüşünün razılaşmalarına mane ola biləcək davranış sərgiləyir. Hesab edirəm ki, Brüssel görüşündə 10 noyabr, 11 yanvar və 26 noyabr sənədlərində qeyd olunanlara sadiqlik nümayiş olunan razılaşma əldə edilə bilər. Yəni, qeyd edilən sənədlərə alternativ ola biləcək sənədlərin imzalanması gözlənilmir. Brüssel görüşündə indiyə qədər əldə edilmiş razılaşmaların icrasının təminatı ilə bağlı mövqe ortaya qoyula bilər. Bu, irəliyə atılmış addım ola bilər".

 

Nəzrin Cavid

Tarix: 14 Dekabr 2021, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin