BURADA REKLAMINIZ OLA
BİLƏR

Komitə sədrinin müavini: “Maaşların artırılması ilə bağlı imzalanan sərəncamlar vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir”

“Bu gün imzalanan sərəncamlar son illər ərzində bütün sahələr üzrə sosial ödənişlərin ciddi artımına təminat verən islahatların davamıdır. Azərbaycan Prezidenti müvafiq sərəncamlar imzalayaraq minimum əmək haqqının məbləğini mütəmadi olaraq artırır. Bu, Prezident İlham Əliyevin ölkə vətəndaşının sosial rifahı ilə daim maraqlandığını sübut edir. Hər kəsə məlumdur ki, əhalinin sosial müdafiəsinin qorunması Prezidentin gündəmində olan bir nömrəli məsələlərdən biridir. Prezident İlham Əliyevin bir müddət əvvəl imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının faydasını elə 2022-ci ilin büdcə müzakirələri zamanı şahidi olduq. Həmin vaxt sosial müavinətlərin, yardımların qarşıdakı illərdə artırılacağı barədə Azərbaycan ictimaiyyətinə proqnoz verildi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Prezident İlham Əliyevin əmək haqqılarının artırılması ilə bağlı imzaladığı sərəncamlar barədə danışarkən deyib.

 

Komitə sədrinin müavini bildirib ki, bu gün Prezident tərəfindən imzalanan sərəncamların hər biri dövlətin vətəndaşının yanında olduğunu növbəti dəfə təsdiq edir: “Bu, hələ 2003-cü ildə prezident seçilərkən cənab İlham Əliyevin “hər bir vətəndaşın prezidenti olacam” ifadəsinin təzahürü və təcəssümüdür. Sözsüz ki, bir sıra sahələrdə əməkhaqqılarının nisbətən az olması bizi və ictimaiyyəti, ayrı-ayrı peşə sahiblərini narahat edirdi. Sərəncamlarla, dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin əmək haqqıları artırılıb. Həmçinin mövcud sərəncamlar çox sayda vətəndaşı əhatə edir. Qeyd edilən sərəncamlar sosial ədalət prinsiplərinə cavab verən sənədlərdir. Bu, ictimaiyyəti çox sevindirir. Sərəncamlar vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Bir daha sübut edildi ki, dövlətin prioritet istiqamətini əhalinin sosial rifahının yaxşılaşdırılması təşkil edir. Sərəncamlar işçilərin rəqabətliliyinin və əmək məhsuldarlğının artımına zəmin yaradır. Azərbaycan qabaqcıl beynəlxalq normalara uyğunlaşmaq üçün mühüm addımlar atmağa davam edir”.

 

Nəzrin Cavid

Tarix: 17 Dekabr 2021, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin