BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezidentin həyata keçirdiyi siyasət vətəndaşların maddi rifah halının yüksəldilməsinə istiqamətlənib” - RƏY

“Təbii ki, minimum əmək haqqının və ümumiyyətlə, maaş və sosial ödənişlərin növbəti illərdə artırılmasına yenə ehtiyac var. Nəzərə almaq lazımdır ki, bazar qiymətləri durmadan əsaslı və ya əsassız şəkildə artır. Doğrudan da, bəzən heç bir səbəb olmadan qiymət artımına yol verilir. Misal üçün, qarşıdan Yeni il bayramı gəlir və deməli, bütün qiymətlər qalxacaq. Məsələ budur ki, qalxan qiymətlər bayramdan sonra və ümumiyyətlə daha heç vaxt enmir, əksinə qalxmağa davam edir. Bu, təhlükəli tendensiyadır. Problemin qarşısını almaq üçün Milli Məclisdə büdcə müzakirələri zamanı hökumət üzvləri qarşısında məsələ qaldırdıq. Qeyd etdik ki, qiymətlərin tənzimlənməsinə ciddi nəzarət olunmalı, süni qiymət artımının qarşısı alınmalıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Prezident İlham Əliyevin əmək haqqılarının artırılması ilə bağlı ötən gün imzaladığı sərəncamları və ölkədəki qiymət artımı ilə bağlı danışarkən deyib.

 

 

Deputat bildirib ki, Prezident İlham Əliyevin siyasəti həmişə vətəndaşların maddi rifah halının yüksəldilməsinə istiqamətlənib: “Ölkədə görülən işlər vətəndaşlarımızın daha yaxşı yaşayışına istiqamətlənib. Əmək haqqılarının son illər ərzində dəfələrlə artırılıb. Maliyyə imkanlarımız genişləndikcə əmək haqqıları, pensiya və sosial müavinətlər davamlı olaraq artırılacaq. İnsanların daha yaxşı təminatının təşkili Azərbaycan dövlətinin vətəndaşlarına olan diqqət və qayğısıdır”.

 

E.Məmmədovun sözlərinə görə, beynəlxalq aləmdə baş verən qiymət artımları da Azərbaycanın bazarına təsir göstərir, çünki Azərbaycan bütün məhsulları istehsal etmək imkanında deyil: “Biz idxalçı dövlətik, xarici ölkələrdən həm ərzaq, həm də başqa məhsullar idxal edirik. Belə olan halda, həmin ölkələrdə baş verən qiymət artımları, təbii ki, Azərbaycanda da hiss olunur. Bundan başqa, enerji daşıyıcılarının qiymət artımı da ərzaq məhsullarının qiymətinə təsir göstərir. Maaş və pensiyalar qiymət artımına cavab verməyəndə təbii narazılıqlar yaranır. Əmək haqqıları, pensiya, təqaüd və digər sosial müavinətlərin artırılması siyasəti də belə narazılıqların qarşısının alınmasına və sosial rifah halının yaxşılaşmasına xidmət edir. Bütün bunların qarşısının alınması üçün hökumət ciddi tədbirlər görür”.

 

Nəzrin Cavid

Tarix: 18 Dekabr 2021, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin