BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Bəziləri vətəndaşların sosial müdafiəsinin gücləndiriməsi istiqamətində atılan addımlara qarşı qarayaxma kampaniyası aparırlar”

“Prezident İlham Əliyev tərəfindən vətəndaşlara növbəti dəfə inqilabi sosial paketlər təqdim olunub. Oktyabrda Prezidentin imzaladığı “Əhalinin sosial rifahının qorunması haqqında əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, dekabrın 17-də və 20-də bir neçə yeni sərəncamlar da imzalanıb. Sərəncamlara əsasən, minimum əmək haqqının məbləği, maaşlar, pensiyalar və təqaüdlər artırılıb. Bu, ölkədə 2 milyondan çox vətəndaşı əhatə edir və sərəncamların icrası hər il 1.5 milyard vəsait tələb edir. Bu sübut edir ki, Prezidentin yürütdüyü siyasətin mərkəzində vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinin dayanır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat qeyd edib ki, iki ilə yaxındır ki davam edən COVID-19 pandemiyası dünya dövlətlərinin, eləcə də Azərbaycanın iqtisadiyyatına mənfi təsri göstərir: “Həmçinin Azərbaycan ötən il baş tutmuş 44 günlük Vətən müharibəsində ərazilərini işğaldan azad edib. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə böyük yenidənqurma və bərpa işləri aparılır. Yəni, bunların fonunda belə sərəncamların verilməsi, vətəndaşların sosial rihafının yaxşılaşdırılmasına istiqamətlənmiş belə sənədlərin imzalanması Azərbaycanın güclü və qüdrətli olduğunun bariz nümunəsidir. Prezident siyasətinin prioritetini vətəndaş amili təşkil edir. Koronavirus pandemiyası dövründə də iki yoldan birincisi iqtisadiyyatın bərpası, ikincisi isə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması idi. Belə olan halda, bir çox nəhəng ölkələr iqtisadiyyatın xilas olması istiqamətində addımlar atsalar da, Azərbaycan sosial siyasət yürüdən dövlət kimi birmənalı olaraq vətəndaşının qosunması, sağlamlığı və onun sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atdı. Ümumiyyətlə, ölkədə aparılan sosial islahatlar 2018-ci ildən etibarən intensiv xarakter alıb”.

 

C.Osmanov, həmçinin 5 uşaqlı ailələrə verilən aylıq ödənişin məbləğinin 55 manatdan 70 manata qaldırılması ilə razılaşmayanların tənqidləri barədə də danışıb. Qeyd edib ki, müəyyən qaragüruhçu qüvvələr Azərbaycanın istənilən uğurlu addımına kölgə salmaq istəyirlər: “Vaxtilə Vətən müharibəsindəki şanlı qələbəmizə kölgə salmaq istəyənlər indi də Azərbaycanın vətəndaşların sosial müdafiəsinin gücləndiriməsi istiqamətində atdığı addımlara qarşı da qarayaxma kampaniyası aparırlar. Azərbaycan inkişaf etdikcə, dövlətin maliyyə imkanları artdıqca vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır”.

 

Nəzrin Cavid

Tarix: 21 Dekabr 2021, 14:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin