BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Nazir heç bir halda "məktəbdə pul yığımı məcburi yox, könüllü olmalıdır" demir"

"Təhsil naziri Emin Əmrullayevin son çıxışına haqsız hücumların olunduğunu görərək bu açıqlamanı verməyi özümə borc bildim. Mən nazirin çıxışına təkrarən və çox diqqətlə qulaq asdım. Çıxışda təhsil sistemini, sahənin problemlərini, tədris texnologiyalarını yaxşı bilən, intellektual, açıq danışan, nöqsanları düzəltməyə çalışan, yeni düşüncəli bir idarəçi obrazı açıq şəkildə görünürdü. Təəssüf ki, sosial şəbəkələrdə təhsil nazirinin "məktəblərdə pul yığımı" ilə bağlı dediyi fikirlər reallıqda onun dediyi kontekstdən tamamilə uzaqdır".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

M.Cəfərov qeyd edib ki, nazirin çıxışı yanlış istiqamətə aparılır, bəlkə də qəsdlə yönləndirilir: "Əslində onun dediyi və hazırda sosial şəbəkələrdə müzakirəyə çıxarılan fikirlər tam fərqlidir. Çıxışda səslənən o cümlə qətiyyən düşünülən anlamda deyil. Nazir heç bir halda "məktəbdə pul yığımı məcburi yox, könüllü olmalıdır" demir. Rəsmi olmasa da, bu gün məktəblərdə valideyn komitələri adlı qurumlar var. Həmin qurumlar uşaqların təhsil almasına diqqət etməkdənsə, sinifdəki şagirdlərdən hər hansı bayram şənliyinin təşkili, xüsusi günlərdə müəllimlərə hədiyyələrin alınması, bu və ya digər məqsədlər üçün pul yığılmasını təşkil edirlər. Nazir də məhz çıxışında bu məsələyə toxunur. Yəni fikrinin məzmunu budur ki, "əgər o QHT pul yığırsa, bunun bir hesabatlılığı olmalıdır." Yəni, ümumi anlamda götürsək, kimsə pul yığırsa bu özbaşına olmamalıdır, bir hesabatlılıq ortaya qoymalıdır. Düşünürəm ki, Emin Əmrullayev fikrini yetəri qədər açıq aydın və izahlı ifadə edir. Brifinqi izləsəniz görəcəksiniz ki, bütün suallara çox səmimi, aydın və ətraflı izah verilib. Mən düşünürəm ki, hazırda bizim mediada çox peşəkar və vicdanlı şəxslər fəaliyyət göstərir ki, onlar da yaxşı bilir ki, bu tirajlanan xəbərlər yanlışdır. Ümid edirəm ki, ip xətrinə edilən bu əməl bir daha təkrarlanmayacaq. Emin Əmrullayevin jurnalistlərə olan humanist münasibətinin qarşılığı belə olmalı deyil. Millətin gələcəyi olan təhsili vicdanlı və fədakar insanlarla düzəltmək mümkündür. Emin Əmrullayev məhz bu keyfiyyətlərə malik şəxsdir".

Tarix: 23 Dekabr 2021, 18:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin